Bakıya şah ilanı gətiriləcək

bakiya-sah-ilani-getirilecek
Oxunma sayı: 660

Bakı Heyvanat Parkına yeni heyvanlar gətiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə Parkın direktoru Azər Hüseynov deyib. O qeyd edib ki, Bakı Heyvanat Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi var: "Bu müqavilə əsasında biz ora iki baş ayı, 10 baş sultan toyuğu, iki baş qu və bir baş tirandaz göndərməliyik. Bunların əvəzində isə onlar bizə bir baş lama, bir baş yallı qoyun (Afrika faunasına aid), çəhrayı qutan, bir baş quzğun və bir baş iri yapalaq göndərəcəklər".

A.Hüseynov həmçinin qeyd edib ki, heyvanların göndərilməsi ilə bağlı Moskva Zooparkı ilə də razılaşma əldə olunub: "Moskva Zooparkından da bizim zooparkımıza iki baş dağ keçisi, bir ədəd şah ilan, bir cüt dekorativ ördək, bir cüt dekorativ qırqovul göndəriləcək. Həm Daşkənd, həm Moskva zooparklarından gətirilən heyvanlardan şah ilanı və dekorativ qırqovul yenidir, hazırda bu heyvanlardan bizim zooparkda yoxdur. Digər qalan heyvanlardan isə zooparkımızda var, ancaq onlar təkdirlər və biz onların cütlərini gətiririk".

A.Hüseynov bildirib ki, yeni heyvanların sentyabr-oktyabr aylarında gətirilməsi nəzərdə tutulur: "İndi havalar istidir. Havalar bir az sərinləyəndən sonra heyvanları gətirəcəyik ki, gəlib burada tələf olmasınlar. Təxminən sentyabr-oktyabr aylarında bu heyvanlar zooparkımıza gətiriləcək".