“Bakıya səfərimiz o qədər pis oldu ki...” - “Uypeşt”in kapitanı

bakiya-seferimiz-o-qeder-pis-oldu-ki
Oxunma sayı: 1723

“Təəssüf ki, artıq həvəskar komanda səviyyəsinə enmişik. İlk oyunu peşəkar kimi dəyərləndirib, harda səhv, harda düz oynadığımızı deməli idim.  Lakin meydandan kənarda baş verənlər məni başqa məqamlardan danışmağa məcbur edir”. Futbol11.az xəbər verir ki, bu sözləri “Neftçi”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Macarıstanın “Uypeşt” klubunun kapitanı Robert Litauski deyib.

“Uypeşt”in ilk oyun üçün Bakıya səfəri zamanı yaşananlar Macarıstanda çox müzakirə olunur.  Komandanın başına gələnlərlə bağlı kapitan açıqlama verib. O, klub rəhbərliyini sərt tənqid edib: “Komandamızın avrokuboklara vəsiqə qazanmasını 9 il gözləmişik.  Mən klubumuzun sahibi Roderik Düşatele barədə yox, Bakıya səfəri ucuz etmək üçün hər yola əl atan rəhbər şəxslərimizdən danışıram. Səfərimiz elə bərbad keçdi ki, hətta söz tapmağa çətinlik çəkirəm.  Biz çərşənbə günü səhər tezdən yola çıxdıq.  Çərşənbə axşamı klubdan mənə dedilər ki, viza ilə bağlı problemim var.  Guya səfərə çıxmaq üçün lazım olan sənədləri doldurarkən səhvə yol verilib.  Və buna görə evdə qalmalıyam. Sonra dedilər ki, səni böyük ehtimalla Azərbaycana buraxmayacaqlar.  Riskli olsa da, Azərbaycana getməyə qərar verdim.  Beləliklə, 30 nəfərlik heyətlə yola çıxdıq. Təyyarə iki dəfə yanacaq üçün eniş etməli oldu. Günümüz demək olar ki, yolda keçdi. Bakıya çatanda axşam idi.  Hətta təyyarə bələdçiləri və pilotlar da başverənlərə görə bizə “hansı günaha yola vermisiniz ki, sizi belə cəzalandırırlar” suallarını verirdilər”.

Təyyarədə ancaq sendviç yediklərini deyən Litauski Azərbaycana gec çatdıqları üçün oyunöncəsi məşqə çıxa bilmədiklərini deyib.  O, hava limanında problemlə üzləşdiyi üçün komandaya sonradan qoşulub: “Otelə gecə saat 1:30-da çatdım.  Nə yeyə, nə də içə bildim . Gün ərzində ancaq təyyarədə sendviç yemişdik.  Hamı yatdığı vaxt mən özüm üçün məşq edirdim. Komanda yoldaşlarım Alassan Diallo və Obinna Nvobodoya baxanda mən daha yaxşı durumda idim.  Onlar viza ala bilməyərək, Budapeştə qayıtmağa məcbur oldular”.

Onun fikrincə, qapıçı Filip Payoviçin səhvlərə yol verməsinin səbəbi normal şəraitda hazırlaşmamaları olub: “Özünüz də gördünüz ki, oyunboyu əziyyət çəkdik.  Bu, böyük məyusluq idi.  Hamı bizə oyunumuza görə hücum edir.  Ancaq heç kim bərbad səfərimizdən danışmır.  Rəhbərlik müflis olduğunu bildirir”.

Təcrübəli futbolçu kapitan kimi bunları deməli olduğunu bildirib.  Təcrübəli futbolçu mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini vurğulkayıb: “İnanıram ki, bir komanda kimi ayağa qalxaraq normal oynaya bilərik. Əlimizdən gələni edəcəyik, çünki “Neftçi” məğlubedilməz komanda deyil. Düzdü, büdcəmiz məhduddu. Hamımız istəkliyik, yolumuza davam etmək istəyirik".