"Bakmil"də çətir quraşdırılır

bakmilde-cetir-qurasdirilir
Oxunma sayı: 1147

Sərnişin və platformanın yağmurdan qorunması üçün "Bakmil" stansiyasında çətir quraşdırılır. “Bakı Metropoliteni” QSC-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, stansiyanın açıq hava şəraitində yerləşən, atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalan platformanın üzərində çətir quraşdırılır. Bu isə sərnişinləri, eləcə də stansiyanın açıq hava şəraitində yerləşən avadanlıq və qurğularını yağmurun təsirlərindən qoruyacaq.

Ümumiyyətlə, metropolitenin 1979-cu ildə istismara verilmiş yeganə yerüstü stansiyasında ötən 40 ilə yaxın müddətdə əsaslı təmir və yenidənqurma işləri ilk dəfə aparılır. Açıq hava şəraitinin kəskin təsirləri nəzərə alınmaqla, uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğular, həmçinin digər infrastruktur təmir edilir, bərpa olunur və müasir tələblər səviyyəsində yenidən qurulur.

Stansiyada tətbiq olunacaq daha bir yenilik sərnişinlərin birbaşa ikinci mərtəbədən qəbul edilərək, yola salınması olacaq. Belə ki, stansiyaya daxil olan sərnişinlər pilləkənlərlə birbaşa ikinci mərtəbəyə qalxaraq, avtomat nəzarət-buraxılış məntəqəsindən keçəcəklər. Burada inşaat işləri tamamlanmaq üzrədir. Bu səviyyədə söküntü işləri başa çatdırılıb. Platforma, gözləmə zalı və keçidlərdə döşəmə və divarların üzləmə işləri da yekunlaşmaqdadır.

Platformaaltı sahədə kabel kollektoru tamamilə yenidən inşa edilib, platformanın sonunda yerləşən növbətçi məntəqəsinin xidməti otağı ləğv edilib. Stansiyanın yenidən qurulması zamanı onun memarlıq üslübü tamamilə qorunmaq şərtilə yeni asma tavan və müasir işıqlanma sistemi qurulur. Fasad rigellərlə gücləndirilib.
Stansiyada görülən işlər son mərhələyə qədəm qoyub.