“Baku Steel Company” haqda daha bir xəbər

baku-steel-company-haqda-daha-bir-xeber-
Oxunma sayı: 657

Şirkətin qoçuları hakimiyyətin yüksək vəzifəli şəxsləri tərəfindən himayə olunmasından sui-istifadə edərək, müəssisələrə basqın edir, onların əmlakını talayır. Keçmiş deputat Nazim Məmmədova məxsus olan «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsi, «Şəhriyar 99», «R.A.N.K» MMC və başqa metaləritmə müəssisələri eyni aqibətlə üzləşib. Mətbuatda verilən məlumatlarda «Baku Steel Company»nin təqribən 21 özəl şirkəti hədələdiyi bildirilir.

«Baku Steel Company» adından edilən açıq qanunsuzluqlar hüquq-mühafizə orqanları tərəfindən susqunluqla qarşılanır. Təzyiqlərə məruz qalan bütün müəssisələr «Baku Steel Company»nin rəhbəri Rasim Məmmədov adlı şəxsin açıq-aşkar hədə-qorxu gəldiyini deyirlər. Nə Daxili İşlər Nazirliyi, nə Vergilər Nazirliyi, nə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, nə İqtisadi İnkişaf Nazirliyinin Anti-inhisar Departamenti onların şikayətlərinə reaksiya verir. Əldə etdiyimiz məlumata görə metallurgiya sektorunda mülkiyyətin bölüşdürülməsi prosesinə start verilib. Bu işdə «Baku Steel Company»nin önə çəkilməsi təsadüfi deyil. Adıçəkilən şirkətdəki mənbədən aldığımız məlumata görə, MMC-nin əsas payçıları arasında gedən mübarizə kiçik sahibkarların başında çartlayır. Mənbə şirkətin özündə də vəziyyətin ürəkaçan olmadığını vurğulayıb. Qaynaq bildirib ki, hazırda Vergilər Nazirliyinin Audit İdarəsinin əməkdaşları bir həftədən çoxdur ki, şirkətdə ciddi yoxlamalar aparır. Sonuncu dəfə belə geniş miqyaslı yoxlamalar 2005-ci ildə şirkətin keçmiş rəhbəri Paola Pərvizin dövründə olub. Mənbə Audit İdarəsi tərəfindən «Baku Steel Company»də ciddi qanun pozuntularının aşkar edildiyini bildirib: «Hazırda bütün işçilər, xüsusilə orada vəzifə tutan şəxslər səksəkə içindədir. Çünki onlara şirkətin rəhbərliyində dəyişikliyin olacağını bildirirlər. Vergi yoxlamalarından sonra böyük metal sənaye müəssisəsinin payçılardan kimə qalacağı məlum olacaq. Bu zaman bütün kompaniya boyunca kadr dəyişikliyi ediləcək. Rasim Məmmədovun da «qurban» veriləcəyi qaçılmaz hesab edilir.

Mənbə qeyd edib ki, metallurgiya sənayesi böyük çalxalanma ərəfəsindədir. Kiçik metaləritmə müəssisələrin hamısı ləğv edilərək birinə birləşdirilməsi, daha sonra bu bazarın vahid bir ələ keçməsi uğrunda mübarizə gedir. «Baku Steel Company» himayədarları sırasında hökumətin ən yuxarı struktutundan təmsil olunan 2 yüksək ranqlı məmurun və oliqarxın adı hallanır. Onların arasında Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun da adı hallanır. Məlumdur ki, qanunzuluqla üzləşən şirkətin kiçik səhmdarları ona dəfələrlə müraciət ünvanlayıblar. Müvaifq istiqamətlərdə edilən bütün şikayətlərə baxmayaraq, metal bazarında yaranan reketçiliyi, özbaşınalığı hələ ki, aradan qaldırmaq mümkün olmayıb. /Bizimyol/