“BakuTel-2011” başlayır

bakutel-2011-baslayir
Oxunma sayı: 651

Sərginin təşkilatçısı olan “Iteca Caspian” Şirkətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu il keçirilən 17-ci “BakuTel” sərgisində iki dəfədən də çox artım müşahidə olunur. Belə ki, dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gələcəklər. İlk dəfə olaraq, “BakuTel” sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniyadan 18 milli ekspozisiya da iştirak edəcək. İkinci pavilyonda isə öz miqyası və təqdim edəcəyi layihələri ilə fərqlənən Azərbaycan Respublikasının Milli pavilyonu yerləşəcək.
Bu ilki sərginin iştirakçıları arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri var. Ənənəvi olaraq, “BakuTel” sərgisinin daimi iştirakçıları olan dünyanın İT texnologiya bazarının ən böyük iştirakçıları da bu sərgiyə toplaşıblar. Daimi iştirakçıların sırasına bir çox yeni şirkət qoşulub və ilk dəfə olaraq, onlar öz texnologiya və xidmətlərini regionun geniş mütəxəssis dairəsinə nümayiş etdirəcəklər.
Sərginin daimi iştirakçıları Azel, Azercell Telecom, Azerfon, Aztelecom, SAZZ, B&B TV, Bakcell, Baku Telephone Communications Production Association, Caspel, Caspian Navtel, Delta Telecom, Idrak Technology Transfer, Microsoft, Nokia Siemens Networks, R.I.S.K., SINAM, Softline, Teleradio, Ultra və başqa şirkətlərdir.
Bu ilki “BakuTel” sərgisini Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) dəstəkləyir.
Bu il “BakuTel” sərgisinin keçirilməsi Azərbaycanda Rabitənin yubileyi ilə üst-üstə düşdüyündən sərgi çərçivəsində Azərbaycanda Rabitənin 130 illiyinə həsr edilmiş stend-muzey fəaliyyət göstərəcək. Bu stenddə ölkənin telekommunikasiya bazarının inkişaf mərhələləri haqqında ziyarətçilərə ətraflı məlumat veriləcək.

Smart Zone” (“İntellektual ərazi”) – sərginin yeni və əhəmiyyətli layihəsi olacaq. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərin təkcə Azərbaycanda deyil, həm də regionda İKT sektorunun ən iri tədbiri sayılan bu sərgi çərçivəsində öz ixtiraları, proqramları və xidmətləri haqqında məlumat vermələrinə imkan yaratmaqdır.
“İnnovasiyalar ərazisi” layihəsi çərçivəsində iştirakçılar yeni yüksək texnoloji məhsullar nümayiş etdirəcəklər.
Sərginin daha bir innovasiyası - oyunlar ərazisi olacaq.
24 noyabr tarixində “Bakı Ekspo” mərkəzinin konfrans zalında baş tutacaq “BakuTel” konfransında isə innovasiyaların Azərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, “Elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkişafı, regional tendensiyalar və İKT sektorunun perspektivləri kimi mövzular müzakirə olunacaq.

Nigar Məmmədli