Bal yarmarkası sabah başa çatır

bal-yarmarkasi-sabah-basa-catir
Oxunma sayı: 1190

2017-cü il oktyabrın 10-dan Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə start götürən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası yekunlaşmaq üzrədir. Bu il Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 23, ünvanda (“A.M.A.Y Holdinq” MMC-nin ticarət mərkəzində) açılmış yarmarkada satışa çıxarılan 107 ton balın 80 faizi artıq satılıb. Bu barədə Modern.az-a Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov məlumat verib.
 
O qeyd edib ki, satışa çıxarılan bütün balların laborator müayinəsi aparılıb:

“Baytarlıq laboratoriyasının analizləri əsasında sərgiyə təqdim edilən 129 ton arıçılıq məhsulunun 22 tonu standartlara uyğun olmadığı üçün satışa buraxılmadı. Keyfiyyət göstəricilərinə uyğun gəlməyən məhsullar sahibinə verilmədi, yarmarkanın sonuna qədər anbarlarda saxlanılmasına qərar verildi. Bu, saxta məhsulların sərgi müddətində hansısa yollarla satışa çıxarıla biləcəyi ehtimalından irəli gələn məsələdir”.
 
B.Həsrətov deyib ki, sərgi-satış yarmarkasında hər şey şəffaf şəkildə həyata keçirilib:

“Yarmarkadan əvvəl kənd təsərrüfatı naziri Heydər Əsədov bizi şəxsən qəbul elədi. Cənab nazirlə görüş zamanı bizim yarmarka ilə bağlı 18 təklifimizin hamısı qəbul olundu. Təkliflərimizdən biri sərgidə laboratoriyanın olması idi ki, alıcılar şübhələndikləri məhsulu dövlət rüsumunu (6 manat) ödəməklə yoxlatdıra bilsinlər. Buna da nail olduq. Gün ərzində 5-6 nəfər aldığı balı yoxlatdırmaq istəyir. Eyni zamanda, biz sərgi zamanı reydlər keçiririk. Satış stollarının üzərində şübhəli ballar gördükdə onları da yoxlatdırırıq. Çünki müxtəlif yollarla satışa bal çıxarmaq istəyənlər olur. Ona görə də biz mühafizəni gücləndirmişik. Xüsusilə axşam saatlarında Assosasiyanın 4-5 nəfər əməkdaşı növbətçi dayanır. Ticarət mərkəzinin mühafizə xidməti olmasına baxmayaraq. əmin olmaq üçün öz mühafizəmizi də təşkil etmişik”.
 
Sədr deyib ki, 2016-cı ildə təşkil edilən yarmarkaya çıxarılan 70 ton balın hamısı satılmışdı:

“Bu il məhsuldarlıq çox yüksək olub. Ölkə üzrə 3 min ton bal istehsal olunub.  Ona görə satışa çıxarılan balın həcmi də çoxdur”.

Qiymətlərə gəlincə, B.Həsrətov bildirib ki, satış başladığı günə nisbətən hazırda qiymətlər aşağıdır:

“İlk günlərdə kiloqramı 20-25 manata təklif edilən bal, hazırda 15-20 manata satılır. Daha çox məhsulu olanlar hətta kiloqramı 12 manata da təklif edirlər”.