Balaca qəbrinə qurban olum, quzum...

balaca-qebrine-qurban-olum-quzum
Oxunma sayı: 1627

Seymur Verdizadə

Aşağı sinif şagirdləri olan 6-7 uşağın işğal tarixlərimizin üzərində baş sındırması məni mütəəssir etmişdi. Həmin uşaqlarla eyni avtobusda yol getdiyim üçün bir-birini “bağlamağa” çalışan məktəblilərin ermənilərin işğal etdikləri rayonlarımız haqda suallar verməsi diqqətimdən yayınmamışdı. Ermənistan tərəfindən işğal edilmiş rayonlarımızın sayı həddindən artıq çox olduğu üçün xronoloji ardıcıllığı yadda saxlamağa çətinlik çəkən uşaqların üzünə baxmağa utanmışdım. Keçirdiyim mənəvi-psixoloji sarsıntıya uyğun olaraq, həmin gün yazdığım məqaləyə bu sərlövhəni seçmişdim: “Bir ucuz ölümü hardan alaq?”

Görünür, biz böyüklər ölümü ürəkdən arzulamadığımız üçün o bizə yaxın gəlmir. Əvəzində yaşyarımlıq Zəhra balamızı əlimizdən alır. O Zəhranı ki, onun nəinki ölüm, heç həyat haqda da ibtidai təsəvvürü yox idi...

İki gün əvvəl Füzuli rayonunun Alıxanlı kəndində ölümün öz qanlı pəncəsinə keçirdiyi balaca Zəhra Qarabağ müharibəsində itirdiyimiz ilk uşaq deyil. Həyatdan ikiəlli yapışdığımız üçün Zəhra sonuncu qurban da olmayacaq. Biz ölmək istəmədiyimiz üçün əvəzimizə balalarımız ölür. Biz isə onlarla birlidə  hər gün ölüb-dirilirik. İki qaşıq qanından qorxan adamların aqibəti həmişə belə olur...

Ötən gün xəbər portallarında Zəhranın balaca qəbrinin şəklini görəndə belim büküldü, yumağa döndüm. Həmin vaxt itələyən olsaydı, mən də o qəbrə sığardım. Balaca qəbrinə qurban olum, quzum. Səni qoruya bilmədiyimiz üçün bizdən çoxmu küsdün? Ardınca axıtdığımız göz yaşları leysan yağışına dönüb, el-aləmi yusa, bizim də günahlarımız yuyulacaqmı?

Canım  qızım, balaca beşiyin sənsiz qalıb, oyuncaqların gözdağına çevrilib. Bircə dəfə belə geyinmədiyin təzə paltarların indi ağı məclislərini “bəzəyir”. Doğulduğun evin çırağı sönüb, gəzdiyin bağçanın gülü solub. Sən o güllərin ən gözəli idin, amma tez soldun. Sənin baxa bilmədiyin günəşə baxmaq indi bizə haram olub.

Mələk qızım, gecə yarı olub, amma bir yerdə rahatlıq tapa bilmirəm. İki gündür xalqımızın yuxusu ərşə çəkilib. Sən necə, o balaca “ev”ində rahat yata bilirsənmi? Yerin yumşaqdırmı? Darıxmırsan ki? Heç vaxt böyüməyən, Xocalıda qoyub gəldiyimiz körpə fidanlarla dost ola bilmisənmi? Bizim gedə bilmədiyimiz o yaşıl çəmənlərdə əl-ələ verib, oynayırsınızmı?

Körpə qızım, göyün yeddinci qatına qalxıb bizə necə qəzəblə baxdığını bilirəm. Küsməyə, inciməyə haqqın var. Əgər biz yaxşı ata, əmi, dayı olsaydıq, sən indi soyuq məzarda deyil, isti beşikdə yatırdın...

Zəhra qızım, səni bizim kimi laqeyd adamlara etibar etməyib öz yanına aparan Allah babaya de ki, bizə güc-qüvvət, qeyrət versin, yanına üzüqara gəlməyək...