Balası üçün çarpışan Tünzalə

Balası üçün çarpışan Tünzalə
Oxunma sayı: 3450

Dünya Sakit

Uzun illər əvvəl faşistlərin yəhudilərin başına gətirdiyi bəlalardan bəhs edən bir filmə baxmışam.

Bir yəhudi qadının taleyi filmləşdirilib: səhv etmirəmsə, Polşada yaşayan yəhudi qadın azyaşlı oğlu və qızı ilə faşist düşərgəsinə düşür. Film qadının müharibədən sonrakı həyatı ilə düşərgə həyatının paralel nümayişi ilə keçir. Müharibədən sonra əxlaqsızlığa başlayan qadın bir gənc sevgilisinə hər gecə düşərgə həyatından bir epizod danışır. Bütün film boyu düşərgədə oğlunu qorumaq üçün faşistlərə necə yaltaqlandığı, hətta bədənini təklif etdiyi göstərilir. Yalnız filmin sonunda məlum olur ki, bütün cəhdlərinə rəğmən qadın oğlunu qoruya bilməyib - düşərgədə uşaqlar arasında yayılan xəstəlikdən ölüb.

Ən dəhşətlisi isə qadının qızından danışdıqlarıdır: düşərgəyə gətirildiyi ilk gün faşistlər uşaqlardan yalnız birini özü ilə götürə biləcəyini, ikincinin isə güllələnəcəyini deyirlər. Qadın qızının zəif və gücsüz olduğunu, düşərgədə uzun müddət davam gətirə bilməyəcəyini düşünərək oğlunu yanına götürür. Qızını isə faşistlər elə gözünün önündəcə güllələyirlər. Filmin sonunda aydın olur ki, qadın məhz o seçim məcburiyyətində qaldığı anları yaddaşından silmək üçün içkiyə, əxlaqsızlığa qurşanıb özünə əzab verir: fahişə həyatına məhkum etməklə...

Düzünü deyim, filmə baxarkən qadını müharibədən sonrakı həyatına görə çox qınamışdım. Yalnız özüm ana olandan sonra anladım ki, övladını elə dəhşətli seçimlə itirmək nə qədər böyük faciədir. Hər dəfə həmin filmi xatırlayanda düşünürəm ki, o qadın özünə dünyanın ən ağır cəzasını kəsibmiş...

Analığını dərk edən hər bir qadın üçün övlad dünyada hər kəsdən, hər şeydən üstdə gəlir. Buna görə də analar hansısa dərdə düşəndə, problemlə üzləşəndə ilk olaraq övladlarını fikirləşirlər. Xərçəngin həyatdan apardığı rəhmətlik aktrisa Xanım Qafarova son gününədək övladının dərdini çəkirdi, özündən, öz həyatından deyil, qızının necə yaşayacağından narahat idi.

Bu günlərdə övladının gələcəyini düşünərək cəmiyyətin heç də ürəyincə olmayan addımlar atan bir ananı hamı müzakirə edir. Söhbət aktrisa Tünzalə Əliyevadan gedir. O da xərçəngə tutulub. TV verilişlərinə çıxaraq ipotekaya götürdüyü evinin pulunun ödənməsi üçün yardım istəyir. Onun bu istəyi çoxlarını qıcıqlandırıb. Hamı onu qınayır ki, evinə görə niyə pul yığır. Belə anlaşılır ki, Tünzalə ağır vəziyyətdə olub müalicəsi üçün pul istəsəydi, heç kim də onu ittiham etməyəcəkdi...

Məni isə Tünzalənin övladı barədə dedikləri maraqlandırır. Mən ona ana gözüylə baxıram. Bir ana kimi onun balası üçün nələrisə etməyə çalışdığını görürəm. Tünzalə xərçəngin canından tamamən əl götürdüyünü zənn edəcək qədər savadsız, bilgisiz deyil. Onu ittiham edənlərdən fərqli olaraq, ömrünün qızını müstəqil yaşaya biləcəyi illərə qədər yetməyəcəyini yaxşı bilir. Bildiyi üçün də əlində olan bütün imkanlarını onun üçün nələrsə etməyə səfərbər edib. Düzdür, onun bu istəyindən sui-istifadə edənlər, ifrata varanlar da var, lakin etiraf edək ki, Tünzalə bu gün belə məqamları düşünəcək durumda deyil...

Deyirlər ki, xərçəngdən əziyyət çəkən başqaları da var. Əlbəttə var, lakin bu gün Tünzalə heç kimin yolunu kəsmir, heç kimə çatacaq pula sahiblənmir. İttihamçıların dediyindən belə çıxır ki, onun üçün verilən pullar hansısa başqa xərçəng xəstəsinə gedəcəkdi, Tünzalə qabağa düşüb özünə götürür. Halbuki hamımız yaxşıdan yaxşı bilirik ki, belə deyil. Tünzalə istəməsəydi, o pullar Allah bilir haralarda, nələrə xərclənəcəkdi, yaxud hardasa seyflərə qoyulacaqdı.

Düşünürəm ki, baş verənlərə bir də buradan baxmaq lazımdır: bir ananın övladı üçün çarpışmasıdır izlədiyimiz. Gəlin o ananın hisslərinə azca da olsa, sayğıyla yanaşaq.

Balası üçün çarpışan Tünzalə


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi