Baldızına acıq verib şəkil paylaşanlar...

baldizina-aciq-verib-sekil-paylasanlar
Oxunma sayı: 7346

Nərmin Dadaşova

Günlərdir “Salam, dar ağacı, əleyküm salam” əhvalındayam. Özümü insanın ekzistensialist modeli kimi hiss edirəm. Eynilə E.Munkunun “Haray” şəklindəki əlləri ilə qulaqlarını tutan naməlum məxluqa bənzəyirəm. Ətrafımda danışanların səsindən qulaqlarım tutulur. Mənə elə gəlir ki, hamı, qışqırır. Evdə, işdə, facebookda, metroda...

Uşaq vaxtı haramsa ağrıyanda ağrıya dözə bilib bilmədiyimi yoxlamaq üçün nəfəsimi bir neçə saniyəlik tutub saxlayırdım. O nəfəssiz qaldığım müddətdə özüm üçün vəziyyətin nə qədər ciddi olub -olmadığını dəqiqləşdirirdim. Günlərin bir günü, olduqca dadlı, böyük dilim tort parçasını qabağıma qoyub iştahla yeməyə başladım. Və birdən eynən uşaqlıqdakı kimi, nəfəsimi tutub saxladım. İlahi, mən necə ağrıyırammış. Bilirdim, bu qədər sosiallaşmağın sonu bu olmalı idi. Təkadamlıq bədənimizdə yüzlərin dərdini, sevincini, itkisini, sevgisini daşımağın cavabını canımızdan bele almalıyıdıq. Balacaca bir beyin, yumruq boyda bir ürək bu qədər informasiyaya , bu qədər emosionallığa necə tab gətirə bilər axı?

Öz həyatımızın qayğıları azmış kimi heç vaxt üzünü belə görmədiyimiz virtual dostlarımızın nazını çəkməli, suallarını cavablandırmalı, şəkillərini bəyənməli, dərdlərinə şərik olmalıyıq. Bəli, olmalıyıq. Çünki, asılı olduğumuz bu sistem artıq bizdən bunu tələb edir, həyatımıza, evimizə, qazanımızın içinə qədər soxulur. Sosial şəbəkə bizi yalnız müsbət yanlarımızla cəmiyyətə təqdim edən bir yerdir. Məsələn mən, ancaq yaxşı göründüyüm şəkillərimi , sən yaxşı bişirdiyin yeməklərin şəkllərini paylaşırsan. Bu aləmdə biz hamımız qəhrəmanıq, intellektualıq, tolerantıq, mehribanıq. O qədər xoş sözlər eşidirik ki, gün ərzində, özünü tənqid hissimiz sıfıra enir. Və günlərin bir günü, real həyatımızda baş tutan görüşlərimiz bizi məyus edir, yerdən - yerə vurur. İnsanlara güvənimizi itiririk.

Bir dəfə yazmışdım, “Facebook”da yalnız qadınların üzv olduqları səhifələr var. Günümün böyük hissəsini onları izləməklə keçirirəm. Qıcıq oluram, əsəbiləşirəm, üzülürəm, amma bütün bunlara baxmayaraq onları israrla izləməkdə davam edirəm. Belə qruplarda qadınlar adətən dərdlərini, problemlərini “anonim” imzası ilə bölüşüb başqalarından kömək, dəstək istəyirlər. Onlar ona görə öz adları ilə ərlərindən, qayınanalarından şikayətçi olduqlarını yazmırlar ki, beş dəqiqə sonra, eyni qrupda olan xalası qızına, baldızına acıq vermək üçün əri ilə dəniz kənarındakı gəzintidən çəkdirdiyi fotonu eyni bu başlıqla paylaşacaq: “kocişimlə, axşam səfası”. And içirəm, onları adam yerinə qoymayan, haqlarında palaz-palaz şikayətlər yazdıqları ərlərini elə belə də təqdim edirlər “kocişim”... bax, əlimi yerdən göydən soyudan da elə budur. Bu ziddiyyət, bu saxtakarlıq, bu göstəriş...

Həqiqət belədir ki, hər şeyi görmək istədiyi kimi görür insan. Ola bilər ki, bunlar mənim indiki ruh halımın qənaətləridir. Ancaq mən beynimi, əsəblərimi, enerjimi çoxluğa qurban verdiyimi hiss edirəm. Həyatıma soxduğum hər yeni insanın ağırlığı suyun həcmini bir barmaq da artırır. Və mən boğulmaq üzrəyəm...