Ali baş komandan niyə əmr vermir?

ali-bas-komandan-niye-emr-vermir
Oxunma sayı: 666

Başlayaq Rusiya Federasiyasının xarici işlər nazirindən. Konfransda çıxış edən Sergey Lavrov beynəlxalq təhlükəsizlik məsələləri ilə əlaqədar Rusiyanın roluna, NATO ilə əməkdaşlığa və beynəlxalq təhlükəsizliyə təhlükə törədən məqamlardan danışdı. Bu çıxışda Azərbaycan üçün maraqlı məqamlar kifayət qədər idi. Amma ən diqqət çəkən iki məqam vardı.
Lavrov beynəlxalq təhlükəsizlik üçün NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dövlətlərinin əməkdaşlığı formatının səmərəli olacağını bildirdi. Bu təklifin arxasında Rusiyanın hegamonluq maraqlarının dayandığı aydın görünür. Kimin üçünsə bir qədər utopik görünən təklifdə Azərbaycana dəxli olan məqam ondan ibarətdir ki, Azərbaycan bu müqaviləni imzalamayıb. Amma Azərbaycanla müharibə şəraitində olan Ermənistan bu təşkilatın üzvüdür. Kimsə hesab edə bilər ki, Azərbaycan NATO ilə müxtəlif proqramlarda əməkdaşlıq edir. Bu yerdə yada salım ki, Ermənistan da həmin əməkdaşlıq telləri ilə NATO-ya bağlıdır. Deməli, bu əməkdaşlıq baş tutsa, Azərbaycan Ermənistandan bir pillə arxada qala bilər. Belə situasiya Ermənistan və Rusiyanı qane edir, NATO-da isə heç kimi narahat etmir.
Risiyalı nazir çıxışında beynəlxalq təhlükəsizlik üçün həssas regionlarda əməkdaşlıq təklif etməklə yanaşı, həssas regionların adını da çəkdi. Qafqazda təhlükəsizliyin qorunması üçün isə Lavrov yalnız Gürcüstan ətrafında yaranmış situasiyada razılaşma əldə olunmasının vacibliyini bildirdi. Onun dediyindən belə nəticə çıxır ki, Qafqazın beynəlxalq təhlükəsizlik üçün narahatlıq doğuran bölgəsi Gürcüstan və ondan ayrıldığını bəyan etmiş muxtar respublikalardır.
Bəs Dağlıq Qarabağ problemi?
Məgər bu problem beynəlxalq təhlükəsizlik üçün ciddi təhdid deyil?
Lavrovun sözlərindən belə çıxır ki, YOX.
Rusiyalı nazirin dediklərini ciddiyə almamaq da olardı. Əgər ABŞ dövlət katibinin Ermənistanın xarici işlər naziri ilə görüşündə verdiyi bəyanat olmasaydı. Nalbandyanla görüçündə xanım Klinton həmişə oxuduğu bayatını bir də oxudu: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yalnız danışıqlar yolu ilə nail olmaq mümkündür”
Bu, həmişə və hamının verdiyi bəyanatın təkrarı olmaqla yanaşı, Soçi görüşündən sonra ABŞ-ın baş verən proseslərdən – Rusiyanın təşəbbüslərindən, Ermənistanın Rusiyanın kölgəsinə sığınıb, Azərbaycana meydan oxumasından və nəhayət, bu günə qədər Qərbin çətiri altında olan xalq diplomatiyasına Rusiyanın maraq göstərməsindən narahat olmadığına bir işarə idi.
Əlbəttə, bu bəyanatı da ciddi qəbul etməmək olardı, əgər Hillari Klinton Azərbaycan prezidenti ilə görüşündə Dağlıq Qarabağ problemi ilə bağlı ciddi bəyanat versəydi. Amma belə bir bəyanat olmadı.
Deməli, ABŞ və ümumiyyətlə Qərb Azərbaycan- Ermənistan münaqişəsində Rusiyanın dominant rolunu dərk və qəbul edir. Bu rol isə Azərbaycanın maraqlarına uyğun deyil. Çünki belə vəziyyət Azərbaycanın müharibə edərək qalib gəlmək imkanlarını sıfıra endirir.