Alim öldü, aləm öldü

alim-oldu-alem-oldu
Oxunma sayı: 1255

Amma əlahəzrət fakt bizim həqiqi Azərbaycan ziyalıları haqqında nə qədər yanıldığımızı, həm də çox ciddi yanıldığımızı göstərir. Əslində biz ziyalı adı daşıyan, amma əksəriyyətinin elmin və maarifin düşməni olan və ya ümumiyyətlə elmə yad olan, xalqa qarşı aparılan yanlış siyasətin təşkilatçılarının, bu siyasətin iştirakçılarının və icraçılarının simasında bu qənaətə gəlirik. Azərbaycanda saxta ziyalılıq həqiqi ziyalılığın üzərinə kölgə salır, elmə yad “alimlər” elm fədaisi alimlərini sıxışdırır, saxta diplomlar parlaq zəkaların yolunu kəsir, xalqın düşmənləri onun dostlarını sayca üstələyir.

Son on ildə Azərbaycan alimlərinə qarşı aparılan repressiyalardan xəbər verən yuxarıda verilən məlumatların zamanlamasını və subyektlərini ixtisara saldıqda Azərbaycanda alimlərin öldürüldüyü, həbsə atıldığı, işdən çıxarıldığı həqiqəti aşkarlanır. Buna paralel, elmə dair beynəlxalq reytinq cədvəlləri haqqında məlumatlardan görünür ki, ya Azərbaycanın adı bu reytinq cədvəllərində yoxdur, ya da ən yaxşı göstəricisi olan dünya dövlətlərinin sırasında, yüzüncü yerdən aşağıda qərar tutub. Bu elmimizin iflasa uğramasını birbaşa, təkzib edilməz şəkildə sübut edir. Elmimizin iflasının digər bir göstəricisi Azərbaycanda elmin saxtalaşdırılması, elmdə “pripiska”, elmdə korrupsiyanın çiçəklənməsidir. Elmin düşdüyü vəziyyət hətta onun bu vəziyyətinə görə məsuliyyət daşıyan iqtidar nümayəndələrini də narahat etməyə başlayıb. Ən yüksək səviyyədə elmimizin acınacaqlı vəziyyəti etiraf olunur, amma bu vəziyyətdən çıxmaq üçün yollar axtarmaq əvəzinə bu iflası geridönməz edəcək siyasət davam etdirilir. Nəticədə, vəziyyət dəyişilmir əksinə, günbə-gün getdikcə pisləşir. İstər-istəməz sual doğur - vaxtı ilə dünya elminə böyük töhfələr vermiş Azərbaycan elmi niyə iflasa uğrayıb? Cavab çox sadədir. Azərbaycanda elmin ağırlığını öz çiyinlərində daşıyan həqiqi alimlər öldürülür, həbs edilir, işdən qovulur.
Başqa bir sual. Nə üçün mən məqalənin başlanğıcında ayrı-ayrı vaxtlarda, ayrı-ayrı səbəblərdən, ayrı-ayrı alimlərlə bağlı məlum xəbərləri ümumiləşdirdim. Bu xəbərlər arasında hansı daxili bağlılıq var?
Akademik Ziya Bünyadov... Azərbaycanın ən qocaman dünya şöhrətli alimlərindən biri, İkinci dünya müharibəsinin qəhrəmanı, ictimai xadim, YAP-ın rəhbərlərindən biri və eyni zamanda YAP daxili müxalifətin lideri. Ziya Bünyadov sovet dönəmində belə öz dissident mövqeyinə görə rejim üçün arzuolunmaz ziyalılarımızdan biri idi. Amma onun ictimai nüfuzu və xidmətləri onu məhv olmaqdan sığortalayırdı. Bu böyük alim vaxtının çoxunu tələbə yataqxanalarında, yeni nəslin nümayəndələri ilə görüşlərdə keçirirdi, onlara elmi təbliğ etdiyi qədər millətini sevməyi, vicdanlı olmağı öyrədirdi. Şəxsən mən özüm də onunla bir neçə görüşdə iştirak etmişəm və etiraf edim ki, mənim bu günkü mövqeyimin formalaşmasında həmin görüşlərin müstəsna rolu olub. Ziya Bünyadovun yeni dövrdə çox sərt şəkildə indiki iqtidarın apardığı siyasətə qarşı çıxması hamıya məlumdur. Çox keçmədi ki, bu böyük alim öz evinin qapısında güllələndi. Bu gün heç kimə sirr deyil ki, Ziya Bünyadovun öldürülməsinin qaranlıq tərəfləri onun guya aydınlaşdırılmış tərəflərindən çoxdur və əsil həqiqət isə hələ ki, bu qaranlıq tərəfdə gizləməkdədir. Əsası mərhum akademik Z.Bünyadov tərəfindən qoyulmuş YAP daxili müxalifətçilik bu gün digər alimlər - iqtisadçı alim Əli Rzayev, 91-lərdən olan professor, BDU-nun müəllimi Əsədulla Qurbanov və başqaları tərəfindən davam etdirilir. Əli Rzayevin 2010-cu il parlament seçkilərində YAP-ın razılığı olmadan müstəqil şəxs kimi parlament seçkilərinə qatılarkən jurnalistlərə verdiyi müsahibələrindən birində söylədiyi bir fikir olduqca önəmlidir: “Deputatlığa namizədliyimi onların razılığı olmadan verdiyimə görə məni öldürməyəcəklər ki.” Bəlkə də, Əli Rzayev bu sözləri deyərkən təhtəlşüur olaraq bir daha Z.Bünyadovun taleyini yadına salmışdır və əslində “Deputatlığımı onların iradəsinə zidd olaraq verdiyimə görə məni də Ziya Bünyadov kimi öldürtməyəcəklər ki,”demək istəmişdir. Əli Rzayev kimlərin onu öldürməyəcəyini nəzərdə tutması isə yalnız ona məlumdur.
Akademik Eldar Salayev... Azərbaycan iqtidarının apardığı siyasətə aşkar müxalif mövqe nümayiş etdirdiyinə, hakimiyyətin sifarişlərini yerinə yetirmədiyinə görə saçlarının ağlığına, səhhətindəki ciddi problemlərə baxmayaraq, uydurma ittihamlarla MTN-nin həbsxanasına salındı. Bütün dünyada vicdan sahibi alimlər onun müdafiəsinə qalxdı. Bir neçə Nobel mükafatçısı alim isə bu dünya şöhrətli həmkarlarını müdafiə edərək Azərbaycanın dövlət başçısına öz kəskin etirazlarını bildirdilər. İqtidar geri çəkildi və Eldar Salayev azadlığa buraxıldı. Amma Eldar Salayev qədər şanslı olmayan alimlər öz ictimai və siyasi mövqeyinə görə hələ də həbsxanalarda çürüməkdədir. Elə YAP-ın rəhbərlərindən biri, akademik Əli İnsanov. Fərdi günahının nədən ibarət olmasına baxmayaraq (əslində Əli İnsanovun günahı fərdi yox, kollektiv günahdır, çünki o, mənsub olduğu rejimin tələblərinə uyğun fəaliyyət göstərirdi) onun siyasi mövqeyinə görə həbsxanaya salınması hamıya məlumdur.

Akademik Rafiq Əliyev... Bu da Azərbaycanın Saxarovu. Bəlkə də ondan da ləyaqətli, ondan da güclü bir alim. Azərbaycan elmini dünyada layiqincə təmsil edən, eyni zamanda bu günkü iqtidarın siyasəti ilə barışmayan, alim vicdanının diqtəsi altında öz mövqeyini bildirdiyinə görə akademik Rafiq Əliyev işdən azad edilmişdir. Bu heç də Azərbaycan aliminin siyasi baxışlarına görə qeyri-qanuni elmdən uzaqlaşdırma siyasətinin yeganə nümunəsi deyil. Rəhmətlik görkəmli kimyaçı alim, sabiq millət vəkili, Azərbaycan xalq hərəkatının fəallarından biri, ictimai xadim Ədalət Rəhimzadə mənsub olduğu demokratik düşərgəni tərk etmədiyinə və iqtidarın apardığı siyasətə müxalif olduğuna görə, Azərbaycanda heç bir yerdə özünə iş tapa bilmədi, ömrünün son illərini Türkiyə universitetlərində işləməklə keçirdi və kimya elmində sənaye əhəmiyyətli bir çox mühüm kəşflər etdi və çox təəssüf ki, müxalif düşüncəli olduğuna görə dövlətə milyonlarla xeyir gətirəcək bu kəşflər də onunla bilikdə dəfn olundu. Azərbaycandan qovulan və ya özü qaçıb xarici ölkələrdə sığınacaq tapan alimlərimizin siyahısını çox uzatmaq olar. Amma bu bir fakt da həqiqəti anlamağa yetər.

Azərbaycanın adı dünyanın bütün qara siyahılarında ilk yerlərdə, bunun əksinə ağ siyahılarında isə ya yoxdur, ya axırıncı yerlərdədir. Bu Azərbaycan xalqının zülmətdə-cəhalətdə yaşadığından xəbər verir. Bu da Azərbaycanda aparılan siyasətin məntiqi nəticəsidir. Ziyalıları repressiya olunan bir xalq işıqda yaşaya bilməz. Alimləri öldürülən xalqın özü də ölməyə bilməz. Alimləri həbsxanalarda olan xalqın özü azadlıqda ola bilməz. Alimləri işdən çıxarılan xalq insanlıq cərgəsindən çıxmaya bilməz. Akademik Ziya Bünyadov öldürülmüşdür... Akademik Eldar Salayev həbs edilmişdir... Akademik Rafiq Əliyev işdən çıxarılmışdır.!!!!!