Allah evlərinə sığınmaq mümkün deyil

allah-evlerine-siginmaq-mumkun-deyil
Oxunma sayı: 655

Yeddi aya bir taqım! Bu gedişlə, Azərbaycan ordusu neçə il mövcud ola bilər?.. Yel belə əssə, heç nə,- Molla Nəsrəddinin sözü olmasın.
Ayrıca yeddi ayda tələf olan 55 əsgərin ölüm səbəbi əsil faciəni ortalığa qoyur. Mərkəzin araşdırmasına görə, həlak olanların cəmi 12 nəfəri döyüş, ikisi mina, biri əməliyyat, 40 nəfəri isə qeyri-döyüş itkisidir. Rəqəmlərdən belə çıxır ki, erməni cəmi 15 əsgərimizin ömrünə son qoyub, mövcud siyasi-hərbi rejim isə 40 nəfəri aradan götürüb. Bu qırx nəfərinsə təkcə on nəfəri intihar edib. İntihar isə bütün hallarda ölüm həddinə çatdırmaqdır və deməli, bu əsgərləri elə bir psixoloji duruma çatdırıblar ki, onlar çıxış yolunu yalnız intiharda görüblər.

Vacib deyil ki, onları qulluq etdikləri hərbi hissədə bu həddə çatdırsınlar. Azərbaycan dövləti təkcə hərbi hissələrdə - orduda mövcud deyil, ona görə də əsgəri intihar həddinə çatdırmaq üçün onun həyatına, hiss və duyğularına az-çox ilişgisi olan istənilən mənfi instansiya, mənfi hal bu faciəyə baiskar sayıla bilər. Demək istədiyim budur ki, təkcə komandirlərin yaxasından yapışmaq doğru deyil. Əlbəttə, bir kontur söhbətindən tutmuş orduda “dedovşina” məsələsinə qədər hər şey intihar üçün əsaslı zəmin sayıla bilər. Lakin, faciənin toxumları bir hərbi hissənin daxilində cücərsəydi nə vardı ki...

Yarısı hərbi hissədə, yarısı ailəsinin yanında olan əsgərin doğmaları yaşadığı yerdə hansısa zillət çəkirsə və bu, çox demirəm, ucundan-qulağından gəlib əsgərə çatırsa... heç nə eləyə bilməmək kimi dəhşətli məngənəyə düşmənin insanı nəyə desən zorlaya bildiyini kim bilmir ki! Tutalım, yenicə hərbi qulluğa, vətənin müdafiəsinə, müqəddəs borcdan çıxmağa yollanmış əsgərə bir gün şəhərdən xəbər gəlir ki, sizin, məsələn, Binəqədidə, Sulutəpədə, Bayılda, İyirmincidə, “Basin”də olan evinizi buldozerin ağzına verib yerlə-bir elədilər. Evi dağıdanda qoca nənən də evdəymiş və bu qədimi, şəcərə evindən çıxmaq istəmirmiş, dağıntının uçqunları düz başına tökülüb və s. İndi küçədə qalıblar, sığınmağa yerləri hələ ki yoxdu, daracıq mənzillərinə özləri güclə sığan qohumlara pənah aparmağasa üzləri gəlmir; hökumət əlinin arxasıyla onları itələyir, Allah evlərinə sığınmaq mümkün deyil, çünki bizdə Allah evləri ancaq dua eləmək, namaz qılmaq, nəzir-niyaz yığmaq üçündü və s. Əsgər öz gücsüzlüyünü, dəyərsizliyini, vətən adlı məfhumun boş bir söz olduğunu, bu torpaqları kiminçün qoruduğunu düşünür. Zərrə qədər işıqlı, təskinedici cavab tapa bilmir. Gözünün qarşısına o vətəni diri-diri, iri-iri tikələrlə udan hakimiyyət rəhbərlərini, bəlağətli nitqlərini, nazirləri, oliqarxların milyonluq mülklərini, yağ içində böyrək kimi böyüyən toppuş, yanaqlarından yağ daman övladlarını gətirir, yadına məhlələrindən tanıdığı keçmiş pərişan döyüşçüləri, əlini, ayağını, başının bir hissəsini vətən yolunda itirmiş Qarabağ qazilərini, onlara dövlətin “Oka”dan, dörd divardan o yana getməyən “qayğısını” yada salır və oradaca ümidsizliyə qapılır, çıxılmazlıq şokuna düşür, bir gün xidmətdən qayıdarkən dönəcəyi yad-biganə kirayə ev küncünü, nabələd məhləni, adamları gətirir; onun bütün uşaqlığı, keçmişi, gələcəyi o uçurulan evin dağıntıları ilə birgə daşınıb Bakının “svalka”larına, karyerlərinə tökülüb və zir-zibil içində dəfn edilib; əsgər düşünür və intihardan başqa bir yol gəlmir ağlına. Azərbaycan əsgərini yaşadan işıqlı bir amal da yox ki, uğrunda hər sitəmə dözə. Düşmənə güllə atmağa izn verilmir, atəşkəsdi, düşməndən daha qəddar olan özününkülərə güllə ata bilməz – Qanun var. Heç kəsi, qahmar çıxası bir saman çöpü belə olmayan bircə nəfəri tapır bu dünyada – Özü! Yəni Azərbaycan əsgəri. Yalnız öz dövləti qarşısında əli-qolu bağlı əsgər...

Beləliklə, dərdlər təkcə bir konturun başında deyil. Onsuz da çox vaxt bir əsgərin komandirə aldığı pay kontur, o birinin ölümünü ailəsinə çatdırmağa sərf olunur...