Allah haramdan ruzi bölmür

allah-haramdan-ruzi-bolmur
Oxunma sayı: 848

Lakin insanların bəzən haram yollardan istifadə edərək ruzi əldə etdiklərinin şahidi oluruq. Tənbeh edildikdə isə cavabları “bunu etməsəm ac qalaram” və ya “ruzini Allah verir” olur. Bu tamamilə yanlış və düşünülməmiş iddiadır. Belə ki, oğurluq, rüşvət, qəsbkarlıq, sələm, riba və digər rəzil əməllər İslam dinində qəti haram elan edilmişdir. Uca Allahın təkidlə qadağan etdiyi, həm dünyada, həm də axirətdə əzab vədi verdiyi əməllərlə insanlara ruzi verməsi ağlasığmazdır. Burada aşkar bir ziddiyyət mövcuddur. Eləcə də bu, Uca Allahın insanları harama və günaha təhrik etməsi deməkdir. Haram yollardan ruziləndirilən bir şəxsə əzab vermək isə ədalətdən kənardır.
Bəs burada həqiqət nədir?
Həqiqət budur ki, əgər həmin insanlar qeyd edilən haram yollara əl atmasalar və digər halal yollardan istifadə edərək ruzi diləsələr Allah gündəlik yaşayışları üçün onları ruziləndirəcək. Lakin haram yola əl atanların yeganə təhrikedici qüvvəsi xəbis nəfsləridir. Acgözlük, tamahkarlıq, uzun-uzadı dünya planları və maddi hegemonluq istəkləri haram hüdudlarını aşmağa və zülm yolu ilə olsa belə hədəflərinə qovuşmağa onları təhrik edir. Demək haram qazanc sahibləri Allahın gündəlik bölgüsündən narazı olub, başqalarının ruzisinə əl uzadaraq daha artığını istəyənlərdir. Yer üzərində Allahın yalnız halal ruzi bölüşdürdüyünü nəzərə alsaq, haram yolla əldə edilən qazancın mütləq şəkildə məhz başqa bir şəxsin halal ruzisi olduğunun qənaətinə gəlmək olur.
Haram qazanc sahiblərinə vəd olunan əzab isə olduqca təsirli və şiddətlidir. Allahın Peyğəmbəri həzrət Muhəmməd (s) buyurur: “Haram yeyərək ibadət etmək qumun və ya başqa sözlə desək, suyun üzərində bina tikməyə bənzəyir.” (İddətud-Dai, səh.141) İmam Baqir (ə) buyurur: “İnsan haram mal əldə edərsə, nə onun həcci, nə ümrəsi, nə də sileyi-rəhmi qəbul olunmaz, hətta bu, onun evlənməyinə və ailə həyatına da pis təsir göstərər.” (Əmali-Tusi, səh.680, hədis1447)
Bu qazancla bəslənən bədən zaman keçdikcə ağıl və hikmətdən məhrum olur, maddi, xüsusən də mənəvi bəlaları artır, bəsirəti bağlanır, qulağı karlaşır və sonda haqqa qarşı üsyan edərək öz Xaliqilə müharibəyə cürət edər. Bu, insan aqibəti baxımından dünyada qarşılaşdığı nəticədir. “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər.” (“Ən-Nisa” surəsi, ayə 10) Axirətdə isə belə şəxslər ayədən də göründüyü kimi əbədi cəhənnəmdə yerlərini hazır bilməlidirlər.