Allah hər şeyi görürmüş

allah-her-seyi-gorurmus
Oxunma sayı: 869

Səsimə fədakar oğul ciddiliyi verib dedim: “Dədə (bəli, fədakar oğul həm də milli olmalıdır!), həftənin axırı rayona gələcəm, onda maraqlanaram.”

Rayona getməyə hələ vaxtımız var. Odu ki, gəlin sizi Qərənfil arvadla yaxından tanış edim. Laçın qaçqınıdır Qərənfil arvad. Oğlu və gəlini bir avtomobil qəzasında həlak olub. 5 nəfər azyaşlı uşaq 70 yaşlı qadının ümidinə qalıb. Ağır şəkər xəstəsidir. Stress, dolanışığın çətinliyi xəstəliyini daha da şiddətləndirir. Yayın günü həm istinin, həm şəkərin yanğısından qurumuş ağzını “kaçalka”nın sərin suyuna dirəyir. Bu yarımşor su sağlam adamın yanğısını artırır, o da ki şəkər xəstəsi ola! Xəstəliyi şiddətlənəndə arxası üstə qalır yazıq arvad. Bu zaman azyaşlı nəvələri yaxın bildikləri qonşuların evinə haraya qaçırlar. Dərmanlar da od qiymətinə... Belin sınsın, kasıb!

Qərənfil arvad Ağcabədi rayonunun Cəfərbəyli kəndindəki “Çayırlıq” deyilən ərazidə, qaçqınlar məhəlləsində sığınacaq tapıb. Qohum-əqrəba, qonum-qonşu yığışıb bu kimsəsiz ailəyə çiy kərpicdən balaca daxma tikmişdilər. Tikmişdilər ona görə deyirəm ki, artıq atam zəng vurub daxmanın uçduğunu bildirib.

Nə isə, nağıl dili yüyrək olar, mən Cəfərbəyli kəndinə gedib, arxa divarı tamam dağılan daxmaya, daxmanın gözləri ilə adama yalvaran əlacsız sakinlərinə baxanda qəti əmin oldum ki, bu işdən Allahın xəbəri yoxdur. Bu səhlənkar su mələklərinin işidir!

Qərənfil arvad yerdən də, göydən də əlini üzmüşdü. Ağlamırdı da! Məni görəndə üzündə solğun bir ümid işığı dolandı. Guya böyük adamam və bu problemi yerindəcə həll edəcəm. Bəs nə, Bakıdan gəlmişəm axı!

Özümü sındırmadım (yazıq canım!). Tez telefonu çıxarıb Ağcabədinin, o cümlədən bizim “Çayırlığ”ın millət vəkili Tahir Rzayevə zəng vurdum. Tahir Rzayevi tələbə vaxtından tanıyırdım. O vaxt rayon icra hakimiyyətində işləyirdi. O da mənim kimi şeir yazırdı bir zamanlar. Vətən belə, onun güllü bağları elə, bu güllü bağlarda oxuyan bülbüllər şeyda, ağlamaqdan nə fayda! Az qala yalvardım Tahir müəllimə, bir o qaldı ki, “ayağının altında ölüm” deyəm! Həmin vaxt rayonda seldən-sudan zərər çəkənlərə kömək məqsədi ilə xüsusi komissiya yaranmışdı və ən ağır vəziyyətdə olan ailələrə az vaxt ərzində balaca daş otaq tikirdilər. Sadəcə bir adam lazım idi ki, Qərənfil arvadın da ağır vəziyyətini onlara başa salsın.

Tahir müəllim dedi zərərçəkəni göndər qəbuluma gəlsin. Mən hörmətli millət vəkilinin telefon nömrəsini Qərənfil arvada verib hamı kimi getdim işimə-gücümə.

Üç-dörd gün keçmiş mənə Qərənfil arvadın bir ismarışını çatdırdılar: “Məni bir də elə adamların yanına göndərməsin!”

Utandığımdan yerin dibinə girdim.

***

Aylar ötdü, illər dolandı, xəcalətimdən Qərənfil arvadın və onun bədbəxt nəvələrinin aqibəti haqda heç kimdən heç nə soruşmadım. Vəziyyəti ağır olan Laçın qaçqınlarına Ağcabədinin Taxtakörpü qəsəbəsində evlər paylananda belə!
Amma...

...Bu yaxınlarda telefonum yenə zəng çaldı. “Nokia”nın məşhur melodiyası yenə qulaqlarımı yaladı. Yenə atam idi: “Ay oğul, Qələnfir arvada Taxtakörpüdə üçotaqlı ev verdilər”.

ŞOK!!!
Sevincdən dilimin ucu qıdıqlandı.

Adam ömründə üç-dörd dəfə belə sevinsə 150-nin dişini çatladar!