“Allah, Məhəmməd, ya Əli”, yoxsa “Bismillah” deyək?

allah-mehemmed-ya-eli-yoxsa-bismillah-deyek
Oxunma sayı: 6160

Çünki insanımız bu sözü bilmədən «Bismilləh» sözünün əvəzinə işlədir. «Bismillah» isə «Allahın adı ilə...» (başlayıram, istəyirəm, edirəm və sair) deməkdir. «Allah, Məhəmməd, ya Əli» deyən insan isə Allahın adının yanına iki nəfəri də əlavə edərək bilmədən Allaha ortaq qoşur...

Bir tanışımın bu sözü işlətdiyini eşidəndə, öz etirazımı bildirdim. O isə «Bunda nə var ki?» deyərək etirazıma etiraz etdi. Bu məsələni aydınlaşdırmaq üçün mövzuya başqa prizmadan yanaşdım. Dedim ki, belə bir sözə və ya ifadəyə Quranda rast gəlmisənmi? Cavabı “yox” oldu. Dedim, yaxşı, Peyğəmbərin sözlərində oxumusanmı? Yenə eyni cavabı verdi. Dedim, bəs Quranı bizə ötürən Peyğəmbərin səhabələrindən bu sözlə bağlı hər hansısa bir məlumatın varmı? Təbii ki, cavab dəyişmədi: “Yox”. Belə olanda ona dedim: «Allahın sözlərindən ibarət olan Quranda belə bir ifadəyə rast gəlməmisənsə, Peyğəmbərin belə bir ifadəni işlətdiyini oxumamısansa, onun səhabələrinin heç vaxt belə demədiyini etiraf edirsənsə, burda iki ehtimal ortaya çıxır: Ya onlar dini düzgün çatdırmayıblar, ya da sən onlardan çox bilirsən. Hər iki ehtimala da cavabın mənfidirsə, deməli problem ya səndədir, ya da bilmədən işlətdiyin bu ifadədə...”

Bu dediklərimi qəbul etmək məcburiyyətində qaldığını hiss edən kimi başqa bir sual verdim. Dedim ki, «Allah, Məhəmməd, ya Əli» ifadəsi ilə sözə başlasam, axırda «Ya Əli» dediyin Peyğəmbərin kürəkəni olan Əli (r) məni eşidərmi? Dedi ki, eşidər. Dedim ki, mən Amerika qitəsində Əlinin adını çəkib, ondan nə isə istəsəm, məni yenə eşidərmi? Bu dəfə də cavab «bəli” formatında idi. Soruşdum ki, «Asiya qitəsində olsam, yenə həmin şəxsin adını çəksəm eşidərmi?» Cavab yenə təkrarlandı. Dedim ki, indi oturduğumuz yerdən Əlinin adını çəksək necə, yenə eşidəcəkmi? Cavab aydındır. Dərhal bunu soruşdum: «Bəs adlarını çəkdiyim yerlərdə Allahın adını çəkib Ondan istəsəm, Allah məni eşidəcəkmi?» «Bəli» cavabını verdi, amma duruxsundu. Çünki buna səbəbi var idi. Bu cavabı ilə Əlini Allah səviyyəsinə qaldırdığını dərk etmişdi... Bu isə İslam dinində ən böyük günahlardan biri olan şirkə, yəni Allaha ortaq qoşmağa aparıb çıxarır... Hətta bu ifadə mənə xristianlıqdakı təslisi xatırladır...

Ümumiyyətlə, dilimizdə «ey» mənasına gələn ərəb dilindəki «ya» müraciət forması ilə kiməsə səsləndikdə ya bunun davamı gəlməlidir, ya da davamını ürəyimizdəki istəyə uyğunlaşdırırıq... «Ya Əli» deməyimiz «Ey Əli» sənin adınla başlayıram, sənin adınla edirəm, Allahla, Muhəmməd peyğəmbərlə yanaşı səndən də istəyirəm» mənalarına gəlir. Allahla yanaşı peyğəmbərdən belə istəmək dinimizdə qadağan olduğu halda, başqa birindən istəmək sizcə, nə qədər doğrudur?

Allah Quranda belə buyurur: «Allahla yanaşı başqa bir məbuda yalvarma! Ondan başqa (ibadətə layiq olan) heç bir məbud yoxdur...» («Qəsəs» surəsi, 88).

Allah hətta Peyğəmbərinə insanlara belə deməyi əmr edir: “De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!”” («Kəhf» surəsi, 110).

Quranın başqa ayələrində Allah bizə bunları bildirir: “Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyənlərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan” («Yunus» surəsi, 106), “Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyənlərə yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki (o bütlər) onların yalvarışından xəbərsizdirlər” («Əhqaf» surəsi, 5).

Bəli, Allah bizə bizim bizimki olaraq qəbul etdiklərimizdən də yaxındır: “Bəndələrim səndən mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” («Bəqərə» surəsi, 186).

Bu yazıda heç kimi ittiham etmirəm, heç bu fikirdə də deyiləm. Çünki bilirəm ki, sərlövhəyə çıxardığım «Allah, Məhəmməd, ya Əli» sözünü çoxları «Bismillah» sözünün əvəzinə bilmədən istifadə edir. Yazını yazmaqda da məqsədim bu həqiqətləri bilməyənlərə anlatmaq idi...