“Allahdan diləyim budur ki...”

allahdan-dileyim-budur-ki
Oxunma sayı: 670

“Qafqazinfo” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşkür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktubunda bildirib. Məktubu QMİ-nin mətbuat xidməti yayıb. "Novruz ulu tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz müsəlmanlar Novruz bayramını Allahın böyük lütfü kimi dəyərləndiririk. Yer üzünə təravət və yeni ab-hava bəxş edən Novruz Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır. Yaradanın lütfü sayəsində bu bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən də ilahi səciyyəsindən qaynaqlanır", - şeyxülislamın təbrik məktubunda vurğulanır.

Məktubda qeyd edilir ki, insan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş əməllərə, nəcib və xeyirxah işlərə daha böyük vəchlə sövq edir, qəlbindəki ülvi arzuları dirçəldir.

"Allaha çox şükürlər olsun ki, xalqımız ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna rəvac verir, Qarabağda qələbəmizə vüsət və əzmimizi daha da artırır. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini, Qarabağ zəfərini möhtərəm dövlət başçımız Prezident İlham Əliyev həzrətlərinin qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində görür və bu intibahlı yolu ürəkdən dəstəkləyir", - Paşazadə məktubda bildirir.

QMİ sədrinin təbrik məktubunda daha sonra qeyd olunur:

"Novruzun təravəti həyatımızın abu-havasına paklıq və saflıq bəxş edir. Vətən torpağı baharın nəfəsindən oyandıqca, insanları xoş əməllərə, nəcib, xeyirxah işlərə sövq edir. Novruz bayramı doğma torpağımıza qədəm qoymaqla həyata yenilik, süfrələrə bərəkət bəxş edilir, niyyətlər saflaşır, mənəviyyat daha da kamilləşir. Bu gözəl el bayramı münasibətilə sizləri bir daha ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy Novruzun qədəmləri mübarək olsun!".