Allahın alın yazısı

allahin-alin-yazisi
Oxunma sayı: 8060



Bu sözləri tez-tez eşidirik: alın yazısı, qismət, tale... Özü də nə qədər gülməli görünsə də, bu ifadələr dindarlar tərəfindən daha çox səsləndirilir. Baxmayaraq ki, onlar Quranda belə bir şeyin olmadığını iddia edirlər.

Şəxsi müşahidələrimdən çıxış edərək deyirəm: bu sözlər daha çox uğursuzluq və bədbəxt hadisələr vaxtı işlədilir. Məsələn, biri instituta girmir. Valideyni deyir: “Əşşi, qismət belə imiş...”. Biri avtoqəza törədir: “yazıya pozu yoxdur” deyə özünə bəraət qazandırır. Biri ərindən boşanır: “Mənim də taleyim belə gətirib” deyə özünə təsəlli verir və.s və i.a. Gündə minlərlə insan tərəfindən səsləndirilən belə sözlərdən sonra mən düşünürəm: görəsən hansı bir qatı cinayətkar allah qədər ittihama məruz qalıb?!

Siz heç uğura imza atmış birisinin “qismət belə imiş!” dediyini duydunuzmu?! Eşitdinizmi?! Şəxsən mən – yox. Əgər eşidən varsa, lütfən mənə də xəbər etsin.

Şəxsən mən ateist olduğum üçün belə kəlmələri qətiyyən istifadə etmirəm. Zənnimcə, digər ateistlər də bu qaydaya riayət edirlər.

Deməli, belə: özünü savadlı göstərən və Quranı güya müdafiə edən bəzi “ağıllı” dindarlar iddia edirlər ki, Quranda alın yazısı, qismət və.s ilə bağlı heç bir şey yoxdur. Elə isə allahdan bəzi cümlələri iqtibas etmək lap yerinə düşər:

Rad surəsinin 8-ci ayəsi: “Allah hər bir dişi məxluqun (bətnində) nə daşıdığını (oğlan, yaxud qız doğacağını), bətnlərin nəyi əskildib, nəyi artıracağını (qadınların bari-həmlini doqquz aydan tez, yaxud gec yerə qoyacağını, doğulacaq uşağın sağlam və xəstə olacağını, çox, yaxud az yaşayacağını) bilir. Hər şey Onun yanında müəyyən bir ölçü ilədir. (Hamının ruzisi əzəldən müəyyən edilmişdir. Hər kəsin istedadı, qabiliyyəti öz-özünə artıb-əskilməz. Allahın bilmədiyi heç bir şey yoxdur.)”

Birincisi, indiki zamanda, bir dişi məxluqun nə daşıdığını nəinki allah, hətta insan da bilir. Ultrasəs müayinəsi (USM) ilə... Belə görünür, ya insan allah səviyyəsinə çatmışdır. Ya da allah insan səviyyəsinə düşmüşdür. Çünki USM aparatı ilə uşağın sağlam və ya xəstə doğulacağını da müəyyən etmək mümkündür.

Allah deyir ki, hamının ruzisi əvvəldən müəyyən edilmişdir. Doğrudanmı?! Məsələn, bizim təhsil nazirimiz Misir Mərdanovun ruzisi əvvəldənmi müəyyən edilmişdir?! Və ya bəzi məmurların korrupsiya hesabına gəlir əldə etməsi əvvəldənmi müəyyən edilmişdir?! Və ya lap elə halal yolla gəlir əldə etməsi əvvəldənmi müəyyən edilmişdir?! Çox gülməlidir!..

Hər kəsin istedadı, qabiliyyəti əlbəttə ki, öz-özünə artıb əskilməz. Lenin babamız demişkən, oxumaq, oxumaq, yenə də oxumaq! Hər bir kəs istəsə, içində gizlənmiş istedadı aşkar edə bilər. Sadəcə, zəhmət lazımdır. Məsələn, sirkdə heç bir ayı onun təlimçisinin izni olmadan dombalaq aşa bilməz. Heç bir meymun tullana bilməz. Şir ağzını açıb təlimçini yalaya bilməz və.s

Hud surəsinin 105-ci ayəsində deyilir: “(Qiyamət) gəldiyi gün (Allahın) izni olmadan heç kəs danışa bilməz. (O gün) insanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır!”

Anlamaq olmur, əgər allahın izni olmayacaqsa, bəs onda cəhənnəmliklər necə sorğu-sual olunsun?! Bəlkə deyəcək bir sözləri var?! Bu, söz azadlığının pozulması deyilmi?! Bəlkə allah kafir bəndənin diffamasiyasından çəkinir?! Yaxşı, kafir bəndə bir yana qalsın... Mömin bəndə qiyamət günündə ulu allaha xoş sözlər söyləmək üçün onun izninimi gözləməlidir?! Bəlkə bir-iki bənd şeir söyləmək istəyir ulu tanrının şərəfinə?! Bunun üçündəmi allahın izni lazımdır?!

Səcdə surəsinin 13-cü ayəsində deyilir: Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)

Allah etiraf edir ki, istəsəydi hər kəsi doğru yola salardı. Sadəcə, istəməyib. Çünki bəzi şəxslərin kafir olacağını əvvəldən bilib. Ona görə də doğru yola salmayıb.

Ümumiyyətlə, “doğru yol” nədir?! İslam dinimi?! Bəs dində heç bir məcburiyyət yox idi?! Bəs azad seçim?! Bəs demokratiya?! Bəs ədalət?! Cəhənnəmə gedəcək formada proqramlaşdırılmış kafir! Bəs onda kafiri imansızlıqda ittiham etmək nəyə gərək?!

Nisa surəsinin 88-ci ayəsində deyilir: “Siz nə üçün münafiqlər barəsində iki hissəyə ayrıldınız? Halbuki Allah onları etdikləri əməllərinə görə əvvəlki hallarına (kafirliyə) qaytarmışdır. Siz Allahın (öz istəyi, öz iradəsi ilə küfr edəcəyini, azğın yola düşəcəyini, haqq yoldan azacağını əzəldən bildiyi üçün) azdırdığı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın sapdırdığı kimsə üçün heç bir (doğru) yol tapa bilməzsən!”

Görürsünüzmü?! Allah açıq şəkildə bəyan edir ki, hansısa insanın öz iradəsilə azğın yola düşəcəyini əvvəldən bilir. Və kiminsə, yolundan azmışları düzgün yola gətirməyə çalışması doğru deyil. Yəni, əziz dindarlar, lütfən, bu yazını oxuduqdan sonra, məni islam dininə tapınmağa dəvət etməyin!

Bəzi dindarlar deyir: “Allah heç kimi heç nəyə məcbur etmir. Sadəcə, Allah hər şeyi əvvəldən bilir. Bu isə məcburiyyət anlamına gəlmir.” Yaxşı, elə isə - qiyamət günü sorğu-sual nəyə lazım?! Kiminin cənnətə, kimininsə cəhənnəmə vasil olacağını allah əvvəldən bilirsə, imtahan nəyə gərək?! Allah nədən cavabını bildiyi sualı bəndəsinə versin ki?! Kiməsə nəyisə sübut etmək üçünmü?! Bu, özünütəsdiq ehtiyacından doğmur ki?! Nə bilim, vallah! Çox gülməlidir!..

Ət-Təkvir surəsinin 29-cu ayəsində deyilir: “(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)”

Bəs insan iradəsi?! Bəs insanın məqsədi?! Məsələn, Ərəb Xilafətinin prezidentinin – Məhəmməd Peyğəmbər olacağını, Misirin prezidentinin – Hüsni Mübarək olacağını, Suriyanın prezidentinin – Bəşər Əsəd olacağını allah istəməsəydi, onda adı çəkilən şəxslər prezident olmaq istəməzdilərmi?!

Dindarlar deyir: “Allah insana iradə verib. Yəni, insan iradəsindən çox şey asılıdır. İnsan cənnətini də, cəhənnəmini də öz əməlləri ilə qazanacaq.” Əla! Pakizə! Bəs onda bu, o anlama gəlmirmi ki, mənim seçimimdə allah iradəsi yoxdur?! Yəni, mən istəsəm bir bakal pivə içərəm, istəsəm arvadbazlıq edərəm, istəsəm gedib bir adamı bıçaqlayaram. Yəni, bunda allah iradəsi varmı?! Əgər varsa - qiyamət günündə allah nə haqla məni sorğu-sual edəcək?!

P.S.: Bu yaxınlarda ANS-də “Təyinat Məntəqəsi” (“Final Destination”) filmini izlədim. Bu film – alın yazısına ən gözəl ironiyadır. Baxanlar bir də baxsın. Baxmayanlara isə - Youtube-də baxmaq qismət olsun!
P.P.S.: Şərh yazacaq dindarların nəzərinə: lütfən məni bu yazını yazmaqda ittiham etməyin – qismət belə imiş!..