“Alman deputatın Azərbaycana olan “sevgisi” mənə bəlli idi” – Müsahibə

alman-deputatin-azerbaycana-olan-sevgisi-mene-belli-idi-musahibe
Oxunma sayı: 645


- Çingiz müəllim, mayın 16-da “Azərbaycanda insan haqları: Mövcud problemlər və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib. İlk öncə bu konfransla bağlı sizin təəssüratlarınızı öyrənmək istərdik.
- Əvvəla buna beynəlxalq konfrans demək mümkün deyil. Çünki beynəlxalq konfransda müxtəlif dövlətlərin nümayəndəsi, mütəxəssislər və sair insanlar dəvət olunur. Burada isə iki nəfər əcnəbinin iştirakı əsas götürülüb tədbirin beynəlxalq səviyyəli olduğu bəyan edilib, cəmiyyətə bu cür də sırınıb. Konfransın təşkili, moderatorların aparıcılıq qabiliyyəti, bacarığı, bütün hamısı göstərirdi ki, müəyyən məqsədlərə köklənən bu tədbir şou xarakteri daşıyır. Gündəlikdə nəzərdə tutulmuş mövzular bir tərəfdə qaldı, məruzəçilər tamam başqa səpkidə çıxış etdilər. Çıxışçıların hər biri öz şəxsi problemini qabartmağa çalışdı. Müəyyən oldu ki, konfrans çox cılız, zəif, savadsız şəkildə hazırlanıb. Tədbirdə məqsəd nəyin müzakirə olunması deyil, bəzi problemlərin hansısa formada qabardılması, sonradan bunun dövlətin xətti kimi təqdim edilməsi idi. Onlar bu formada təbliğat aparmaqla “Eurovision-2012” yarışmasını izləməyə gələn jurnalistlərin diqqətini özlərinə cəlb etməyə, bununla da Azərbaycanın imicini ləkələməyə çalışırdılar. Bu cür çirkin niyyətlər əvvəllər də olub və çox təəssüf ki, dünən (srağagün) də müşahidə edildi. Diqqət çəkən məqam burasıdır ki, konfransın təşkilatçıları bu istəyinə çata bilmədilər. Konfransa dəvət olunan şəxslər, dövlət qurumlarının nümayəndələri olduqca savadlı, faktlara, sənədlərə, qanunvericilik bazasına söykənən fikirlərlə təşkilatçıların söylədiklərini alt-üst etdilər. Hesab edirəm ki, o tədbirdə iştirak edən hər bir jurnalist, tutduğu mövqedən asılı olmayaraq kimin hansı məqsədə qulluq etdiyini müşahidə etdi. Ola bilsin kimsə bunu görməməzlikdən gəlir. Amma fakt faktlığında qalır.


- Konfransda almaniyalı deputat Volker Bekin çıxışı, xüsusən də Dağlıq Qarabağdakı erməni icmasının hüquqlarının tanınması barədə fikirləri çox sərt təpki ilə qarşılandı. Sizcə, Azərbaycana qarşı bu cür qərəzli mövqe nümayiş etdirən şəxslərin ölkəmizə dəvət edilməsi, tədbirlərdə məruzəçi kimi onlara söz verilməsi nə dərəcədə düzgündür?
- Sərhədsiz Reportyorların nümayəndəsi İngo Petzdən fərqli olaraq, Almaniya parlamentinin Yaşıllar Partiyasından olan üzvü Volker Bek bu tədbirə qədər də Azərbaycanın müxalifətyönümlü qəzetlərində ölkəmiz əleyhinə müəyyən fikirlər söyləyib. Cari ilin aprel ayının sonlarında bir neçə millət vəkili ilə birlikdə Almaniyada olarkən biz Bundestaqda görüşlər də keçirmişdik. O zaman Yaşıllar Partiyasının liderlərindən biri xanım Kravrla da görüşmüşdük. Hələ o vaxtdan mənə onun Azərbaycana olan “sevgisi” bəlli idi. Bu baxımdan əmin idim ki, V.Bek də Azərbaycanı sevən şəxs deyil. O, öz içimizdəki erməni dəyirmanına su tökən bəzi şəxslərin təklifi ilə Azərbaycana gəlib. Əslində bu adam Azərbaycanda insan haqlarının mövcudluğunu, mülkiyyət hüququnun qorunmasını, söz və mətbuat azadlığının təminini görmək istəmir. Çünki onun məqsədi ancaq Azərbaycana iftira atmaqdan, “Eurovision-2012” müsabiqəsi öncəsi ölkəmizin imicinə xələl gətirməkdən ibarətdir. Mən konfransda yaradılan imkandan istifadə edib ona bir neçə sual ünvanladım. Soruşdum ki, siz Azərbaycanın 20 faiz ərazisinin işğalı faktını, bu işğal nəticəsində 1 milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasını tanıyırsınızmı? Əgər tanıyırsınızsa bir partiya üzvü, deputat olaraq, bununla bağlı hansı mövqe nümayiş etdirmisiniz? O cavab olaraq bildirdi ki, mən bu problemin sülh yolu ilə həllinə tərəfdaram. Ardınca o, Dağlıq Qarabağda yaşayan azlıqların, yəni ermənilərin hüquqlarının tam bərpa olunmasının tərəfdarı olduğunu bəyan etdi. Təbii ki, almaniyalı deputatın bu istəyi yalnız erməni sevgisindən irəli gəlir. Mən konfransın sonunda üzümü təşkilatçılara tutub bildirdim ki, siz də Azərbaycan vətəndaşısınız, biz də. Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, 20 faiz torpağımızın işğal olunmasını tanımayan bir şəxsin bu kimi tədbirlərə dəvət olunmasına nə ad vermək olar? – sualına, təşkilatçılar başlarını aşağı salıb gözlərini döyməklə cavab verdilər. Belə halları qətiyyətlə pisləyirəm. Bəzən hüquq müdafiəçisi kimi bizləri də dəyirmi masa arxasına dəvət edib müxtəlif tədbirlərə qatılmağımızı istəyirlər. Bu zaman dəvət edən şəxsdən soruşuram ki, siz Azərbaycanın 20 faiz ərazisinin işğal olunması, əhalimizin qaçqın və məcburi köçkünə çevrilməsi faktını tanıyırsınızmı? Əgər həmin adam bu sualı, bəli, - deyə cavablandırarsa, onunla bir masa arxasına otururam. Yox, əgər inkar edərsə, belə adamlarla hər hansı müzakirə aparmıram. Bu gün də beynəlxalq konfrans adı altında Azərbaycana dəvət olunan “insan haqları qoruyucuları”, “söz və mətbuat azadlığı qoruyucuları”nın ilk öncə daxilini bilməliyik. Öyrənməliyik ki, o, Azərbaycana nə qədər obyektiv münasibət sərgiləyir, hüquq normalarına necə ədalətli yanaşır. Əgər obyektiv yanaşma yoxdursa, dünyanın və beynəlxalq hüquq normalarının tələblərinə görə işğal altında olan ərazilərimizin azad olunmasını tanımırsa, belə adamlar gəlib bizə insan haqlarından, mətbuat və söz azadlığından molla mühazirəsi oxumamalıdır.


- Sizə elə gəlmirmi ki, bu konfrans “Eurovision-2012” yarışmasının siyasiləşdirilməsinə növbəti bir cəhd idi?
- Çox zəif və cılız düşüncə tərzinə malik insanlar Azərbaycanda bu cür mötəbər yarışın keçirilməsindən qürur duymaq, ona yardımçı olmaqla əvəzinə, onu siyasiləşdirməklə, Azərbaycan dövləti və hakimiyyəti əleyhinə siyasi kampaniyalar keçirməklə öz siyasi karyeraları üçün dvident əldə etmək istəyirlər. Dünənki tədbir də bu kampaniyanın tərkib hissəsi idi. Bəlkə də arzu edirdilər ki, konfransda hakimiyyət nümayəndələrindən kimsə səs-küy salacaq və müdaxilə olacaq, onlar da bundan istifadə edəcəklər. Amma gözlənilənlərin əksinə olaraq, konfrans diskussiya şəraitində yekunlaşdı. Hamıya da bəlli oldu ki, tədbirə dəvət olunan əcnəbilər Azərbaycanın işğalı faktını tanımayan, ölkəmizə qərəzli mövqeyi ilə seçilən şəxslərdir.


- Almaniyalı deputat çıxışlarında guya ki, Azərbaycanda söz və mətbuat azadlığının olmaması, Avropa Şurası qarşısında ölkəmizin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi kimi fikirlər də səsləndirdilər. Siz səsləndirilən iradları nə dərəcədə ədalətli sayırsınız?
- Diqqət yetirdinizsə, V.Bekin çıxışı “Azərbaycanın Avropada beynəlxalq imici” adlanırdı. Çox maraqlıdır ki, bu imicə qiymət vermək hüququnu V.Bekə kim verib? O, hansı meyarlarla Azərbaycanın Avropadakı beynəlxalq imicini müəyyən etmək istəyir? V.Bek hiss etdi ki, konfransda bu tipli suallarla rastlaşacaq. Ona görə də dedi ki, bu mənim şəxsi fikrimdir. Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə gəlincə, mən hesab edirəm ki, bunlar yerinə yetirilir. Əgər söhbət Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasserin ölkəmizə buraxılmamasından gedirsə, o, öz mandatından kənar işlər görür, qərəzli fikirlər söyləyirdi. V.Bek kimi o da hadisələrə obyektiv şəkildə yanaşmırdı. Bu baxımdan Azərbaycan hakimiyyəti onun mandatından kənar işlər görməyə cəhd etməsini əsas götürüb ölkəyə buraxmaqdan imtina etdi. Əgər bu kimi hər hansı məsələyə görə Azərbaycanı öz öhdəliklərini yerinə yetirməməkdə təqsirli bilirlərsə, o zaman Almaniyada 3 həftə bundan öncə 21 yaşlı türkün öldürülməsini, ərəb və rus millətindən olan iki nəfər gəncin isə bıçaqlanmasını əsas götürüb bu ölkədə irqi ayrıseçkiliyin olduğunu demək olar. Digər millətlərə qarşı Almaniyada dözümsüzlüyün müşahidə edildiyini söyləmək olar. Hətta iddia etmək olar ki, Almaniyanın siyasi kursu buna yönəlib. Əgər belə olsa, dərhal Almaniya buna etiraz edəcək. Belə olan halda, bir məsələyə görə Azərbaycanın siyasi kursunu tənqid etmək obyektivlikdən kənar addımdır. Bu ikili yanaşmadan başqa bir şey deyil. Bu kimi qərəzli halların gələcəkdə də özünü göstərəcəyi istisna deyil. Belə hallarda biz dözümlü olmalı, öz yanaşma tərzimiz ilə qarşı tərəfi mat vəziyyətinə salmalıyıq.


- Konfransın gedişində diqqət çəkən və geniş müzakirəyə səbəb olan bir məqam da ümumilikdə 8 jurnalistin həbsdə olması barədə fikirlərin səslənməsi oldu. Doğurdanmı, Azərbaycanda bu qədər jurnalist həbs olunub?
- Konfransın təşkilatçıları hətta biz hüquq müdafiəçilərindən də ar etmədən, utanıb çəkinmədən Oqtay Güləliyevi də jurnalist kimi təqdim edib, bununla da guya Azərbaycanda ümumilikdə 8 media mənsubunun həbs olunmasını dilə gətirdilər. Biz sual etdik ki, O.Güləliyev haranın jurnalistidir və hansı mətbuat orqanında çalışıb? Konkret cavab verilməsə də, yerdən kimsə dedi ki, 3 il bundan qabaq hansısa qəzetdə işləyib və cibində bir neçə vəsiqəsi olub. Görün nə qədər iyrəncliklərə əl atırlar ki, təki ölkənin imicinə zərər gəlsin. Reallıqda hamıya bəllidir ki, O.Güləliyev tamamilə başqa səbəbdən həbs olunub. O, yerlərdə camaatı hakimiyyətə qarşı qaldırır, əsassız təbliğatlarla insanları tabesizlik nümayiş etdirməyə sövq edirdi. Etdiklərinin qanunsuz olduğunu izah edərək, onu intizama dəvət edən icra orqanlarının əməkdaşlarına qarşı kobudluq və xuliqanlıq etdiyinə görə O.Güləliyev həbs olunub. Yəni, mətbuata heç bir bağlılığı olmayan bir adamı da jurnalist adı altında siyahıya salıb Azərbaycanın imicinə ləkə gətirmək istəyirlər. Azərbaycanda hər kəs İranın “Səhər” Telekanalının ölkəmiz əleyhinə təbliğat apardığını çox gözəl bilir. Bizə düşmən mövqeyi sərgiləyən bir telekanalın sürücüsünün narkotiklə bağlı həbs olunmasını da şişirdib, onu da jurnalist kimi təqdim edirlər. Fikrimcə, bu cür hərəkətlərlə onlar yalnız özlərini gülünc vəziyyətində qoyacaqlar.


Rufik İSMAYILOV “Kaspi qəzeti”