“Almaniyada bəzi dairələr Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdür”-Cavab

almaniyada-bezi-daireler-azerbaycanin-imicine-zerbe-vurmaq-meqsedi-gudur-cavab
Oxunma sayı: 655

Bəyanatda deyilir: “Bir müddət əvvəl Azərbaycanda çıxan “Yeni Azərbaycan” qəzetində Almaniyanın bəzi dairələri tərəfindən Azərbaycana qarşı həyata keçirilən fəaliyyətlə bağlı dərc olunan məqaləyə Almaniyanın Azərbaycandakı səfirliyi mövqe bildirib. Almaniyanın Bakıdakı səfirliyinin məsələyə bu cür reaksiyası təəccüb doğurur. Birincisi ona görə ki, Almaniyada olduğu kimi, Azərbaycanda da mətbuat müstəqildir və Azərbaycan hökumətinin mətbuat orqanlarına təsir göstərmək səlahiyyətləri yoxdur.
Digər tərəfdən Almaniyada artıq bir müddətdir, yəni Azərbaycanın “Avroviziya” mahnı müsabiqəsindəki qələbəsindən sonra bəzi dairələr tərəfindən birdən-birə sistemli şəkildə çirkin antiazərbaycan kampaniyası aparılmaqdadır. Məyusedici haldır ki, həmin kampaniyada Almaniya hökumətinin insan haqları və humanitar yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Avropa Şurasındakı təmsilçisi Kristofer Ştrasser və eləcə də Almaniya Bundestaqının bəzi deputatları da fəal iştirak ediblər və hazırda iştirak etməkdədirlər. Bu kampaniyaya Almaniyanın bir sıra mətbuat orqanları, o cümlədən “Şpigel”, “ARD” kimi media qurumları təbliğat dəstəyi verməkdədir.

Kampaniya nəticəsində yayılan məlumatların mahiyyətindən aydın şəkildə görünür ki, Almaniyada bəzi dairələr Azərbaycanın imicinə zərbə vurmaq məqsədi güdür.

Lakin biz hesab edirik ki, bu cür böhtan və uydurma dolu kampaniya alman xalqının Azərbaycana olan mövqeyini dəyişdirə bilməz və bu kampaniyanı aparanlar Azərbaycan ilə Almaniya arasında uzun illərdir formalaşmış sıx mehriban dostluq və əməkdaşlıq münasibətlərinə zərbə vurmaq məqsədinə çatmayacaqlar”.

AzərTAc