Altı ayda 15 min nəfər YAP-a üzv olub

alti-ayda-15-min-nefer-yap-a-uzv-olub
Oxunma sayı: 685

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib. Əli Əhmədov qeyd edib ki, ölkəmizin inkişafı partiyamızın inkişafına da özünün müsbət təsirini göstərməkdədir. Onun sözləinə görə, bu inkişaf YAP-ın gücünü, nüfuzunu artırır, eləcə də gördüyü işlərin miqyasının genişlənməsi ilə şərtlənir. «Hazırda partiyamızın üzvlərinin sayı 550 min nəfərə yaxındır. Bu ilin altı ayı ərzində YAP-ın sıralarına 15 min nəfərə yaxın Azərbaycan vətəndaşı daxil olub. Sevindirici haldır ki, partiyamızın sıralarına qoşulanlar arasında gənclər üstünlük təşkil edir. Gənclərin YAP-ı seçməsi partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin bütün vətəndaşlar, xüsusilə gənclər tərəfindən dəstəklənməsindən xəbər verir».

Əli Əhmədov bildirib ki, YAP-ın Nizamnaməsinin normalarına uyğun olaraq partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsinin zamanı çatıb. Onun sözlərinə görə, müşavirə məhz bu konfranslara hazırlıq məsələlərinə həsr olunub. «Hesab edirəm ki, bu, partiya daxilində böyük bir kampaniyadır və Nizamnamə tələblərinə uyğun şəkildə konfransların keçirilməsi YAP-ın rayon və şəhər təşkilatlarının fəaliyyətinə qiymət vermək imkanı yaradır. Düşünürəm ki, YAP-ın artan nüfuzu, güclənən mövqeləri nəzərdə tutduğumuz konfransların yüksək səviyyədə keçirilməsini təmin edəcək. Yeni Azərbaycan Partiyasının uğurlarını nəzərə alaraq qeyd etmək istəyirəm ki, rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsi partiyamızın həyatında əhəmiyyətli hadisə olacaqdır».

Müşavirədə həmçinin, YAP İcra katibinin müavini Siyavuş Novruzov çıxış edib, partiyanın rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi ilə bağlı hazırlanmış təlimata uyğun tövsiyələri yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.