Altı ayda 51 jurnalist qətlə yetirilib

alti-ayda-51-jurnalist-qetle-yetirilib
Oxunma sayı: 672





Beynəlxalq Mətbuat İnstitutu (BMİ) 2011-ci ilin ilk 6 ayı ərzində söz azadlığının vəziyyəti haqqında hesabat yayıb. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, hesabatda dünyada mətbuat azadlığının vəziyyəti cüzi şəkildə yaxşılaşsa da, ənənəvi problemlər hələ də qaldığı vurğulanıb. “Arxada qalan bu altı ay ərzində 51 jurnalist qətlə yetirilib. Ən çox jurnalist Latın Amerikasında (16 nəfər), Yaxın Şərqdə (21 nəfər) və İraqda (8 nəfər) öldürülüb. ” deyə, U.Rəhimoğlu bildirib.
Hesabatda bu ilki vəziyyət ötən illə də müqayisə edilib. Qeyd edilir ki, 2010-cu ilin ilk altı ayında 54 jurnalist qətlə yetirilib, il ərzində isə belə xoşagəlməz fakt 102 dəfə qeydə alınıb. 2010-cu ildə jurnalistika üçün ən təhlükəli ölkə Pakistan olubdur, burada 4 jurnalist vəzifə borcunu yerinə yetirərkən qətlə yetirilib.
Yaxın Şərqdə və Şimali Afrikada şərti olaraq “inqilab baharı” adlandırılan hadisələr zamanı kütləvi informasiya vasitələrinin vəziyyəti xüsusi maraq doğurub. BMİ – nin yaydığı sənəddə qeyd edildiyi kimi, bu regionda KİV-rə qarşı xüsusi repressiv siyasət aparılıb. Hökumət nümayəndələri, facebook və tvitter kimi müxtəlif sosial şəbəkələrin işlərinə əngəl yaradıb. Belə məhdudiyyətlərin ən çox nəzərə çarpanı Suriyada xəbərlər proqramı zamanı işıqların söndürülməsi olubdur. Bu regionda fəaliyyət göstərən jurnalistlər milli təhlükəsizliyin qorunması və digər ittihamlarla hücum və təzyiqlərə məruz qalıb, həbs ediliblər.

Bundan başqa, Ekvatorial Qvineya ölkəsində dövlət radiosu Liviya hadisələri barədə məlumat yaydığına görə, senzorlar tərəfindən təzyiqə məruz qalıb və yayımı dayandırılıb. Qambiyadan olan jurnalistin BMİ – nin Vyana ofisinə göndərdiyi məlumata əsasən, Turanga FM radiosu sadəcə beynəlxalq xəbərləri yerli dildə yayımladığına görə, efirdən kənarlaşdırılıb. Sudandakı hadisələr zamanı zorakılıqları işıqlandıran qəzetlərin nümunələri yığışdırılıb. Çin Xalq Respublikasında media mənsubları təqiblərə və senzuraya məruz qalmış, həmçinin həbs olunmuşlar.

Azərbaycanlı jurnalist Eynulla Fətullayevin may ayında həbsdən azad edilməsinə da toxunulan hesabatda Rusiyadan Balkanlara qədər jurnalistləri qətlə yetirən, zorakılıq törədən cinayətkarların cəzasız qalbığı qeyd olunub, o cümlədən Türkiyə və Belarus hakimiyyəti ciddi tənqid olunub.

BMİ-nin icraçı direktoru xanım Alison Bethel dünyada jurnalistlərə qarşı törədilən qətl və zorakılıq faktlarından çox narahat olduqlarını deyib. O, narahatçılığını ifadə edərkən media azadlığının gələcəyindən də nigaran olduğunu deyib: “Faktlara əsaslanaraq demək olar ki, 2011 – ci il mətbuat azadlığı üçün çox da yaxşı il olmayacaq”.