Altı müxalifət partiyası hakimiyyət qarşısında tələb qoydu

alti-muxalifet-partiyasi-hakimiyyet-qarsisinda-teleb-qoydu
Oxunma sayı: 671

Müsavat Partiyası və AXCP Vətəndaş Hərəkatı Forumunun dəvəti və təşkilatçılığı ilə keçirilən görüşü boykot edib. “Qafqazinfo”nun məlumatına görə, tədbirə dəvət olunmuş 8 partiyadan 6-sı qatılıb. Görüşdə Klassik Xalq Cəbhəsi, Demokrat, Liberal, Ümid, Vətəndaş və İnkişaf, Milli İstiqlal partiyaları iştirak edir.

Tədbirdə çıxış edən ADP sədri Sərdar Cəlaloğlu AXCP və Müsavatın görüşə qatılmamasını tənqid edib. O bildirib ki, bu gün Azərbaycan müxalifətinin əsas problemi İsa Qəmbər və Əli Kərimli deyil. O bildirib ki, partiya liderləri simvolik şəxslərdin və onlar partiyaları sadəcə təmsil edirlər: “Problem müxalifət daxilində birliyin olmamasındadır və bu birlik olmadan da nə isə əldə etmək mümkün deyil Müsavat hakimiyyətə gəlməzdən əvvəl xalqı hakimiyyətə hazırlamalıdır. Əbülfəz Elçibəy demokratik cəmiyyət yaratmaq istəyirdi. Amma xalq o zaman dəmir yumruq istəyirdi. Əgər AXCP və Müsavat indi dialoqa gəlmirlərsə, o zaman hakimiyyətə gəlsələr necə dialoq edəcəklər?! Bu gün Azərbaycanda müxalifət mövcuddur, amma demokratik deyil. Özümüz demokratik deyiliksə, onda hakimiyyətdən nə tələb edə bilərik”.

S. Cəlaloğlu həmçinin onu da bildirib ki, Azərbaycanda hakimiyyəti seçki yolu ilə dəyişmək mümkün deyil.

Tədbirdə digər partiyaların da nümayəndələri çıxış edib, öz təkliflərini irəli sürürlər.

***

Toplantıda iştirak edən digər partiyaların nümayəndələri çıxış edərək əməkdaşlığın müxtəlif formalarını irəli sürüblər. Müzakirələrin sonunda partiyaların birgə bəyanatı imzalanıb. Bəyanatda Azərbaycanda ictimai-siyasi vəziyyət təhlil edilib və hakimiyyət qarşısında bir sıra tələblər irəli sürülüb. Müxalifət partiyaları hakimiyyətdən təcili olaraq ölkədə real siyasi, sosial, iqtisadi islahatlar aparmağı, ölkədə növbədənkənar parlament seçkiləri keçirməyi, insan haqlarının qorunması, sərbəst toplaşmaq azadlığının bərpa olunması üçün tədbirlər görməyi, konstitusiya islahatlarının aparılmasını, müstəqil məhkəmə sisteminin formalaşmasını, korrupsiyaya qarşı real mübarizə aparılmasını, neft gəlirlərinin ədalətli bölünməsini tələb edib.

Görüşdə iştirak edən tərəflərə həmçinin niyyət protokolu da təqdim olunub. Protokolda ölkədə demokratik seçki sisteminin formalaşması üçün müxalifət partiyalarının birgə mübarizəsi, partiyalar arasında əməkdaşlığın davamlı olması üçün bu tipli görüşlərin davamlı keçirilməsi və əməkdaşlıq formasının müəyyənləşməsi üçün işçi qrupunun yaradılması təklif olunub.


Nərgiz Ehlamqızı