AMAY-dan oğurluq olub - Kriminal xəbərlər

amay-dan-ogurluq-olub-kriminal-xeberler
Oxunma sayı: 692

Noyabrın 11-də Nobel prospektində yerləşən «AMAY» ticarət mərkəzində Bakı şəhər sakini Fərman Ağayevə məxsus mağazadan açarseçmə yolu ilə 2 ədəd printer, 3 ədəd manitor, 2 ədəd prosessor, texniki avadanlıq və soba oğurlanmışdır. Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əhməd Əhmədzadə noyabrın 12-də yaxalanmışdır.

Noyabrın 11-i saat 03 radələrində əvvəllər məhkum olunmuş Aydın Məmmədov Binə qəsəbəsində Samir Abdullayevə məxsus «VAZ-2107» markalı avtomobili qaçırmış və həmin qəsəbə ərazisində qardaşı Yaşarı vurmuşdur. Nəticədə Yaşar 3 saylı xəstəxanaya yerləşdirilmişdir, qaçırılmış avtomobil isə saat 01 radələrində qəsəbə ərazisində aşkar edilmişdir. Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən A.Məmmədov noyabrın 12-də yaxalanmışdır.

Noyabrın 10-da 7-ci mikrorayon Xarici Dairəvi küçəsində Masallı rayon sakini Elşən Əhmədov döş qəfəsindən daxilə nüfuz edən bıçaq xəsarətləri ilə KTM-ya yerləşdirilmişdir. Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Quba rayon sakinləri Dəyanət Ramazanov və Cəfər Həsənov noyabrın 12-də yaxalanmışlar.

Noyabrın 4-ü saat 23-dən, 5-i saat 12:30-dək olan müddətdə Ş.Əzizbəyov küçəsində Ceyhun Mehdiyevə məxsus «VAZ-21011» markalı avtomobil qaçırılmışdır. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticsində müəyyən edilmişdir ki, həmin avtomobil noyabrın 5-də Salyan rayonu ərazisində BDYP YPX-nin avtomobili ilə toqquşmuş və rayon ərazisində yerləşən cərimə meydançasına qoyulmuşdur. Avtomobili qaçıran Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Tariyel Manafov noyabrın 12-də yaxalanmışdır.

Nizami RPİ CAŞ və NMB-in əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Manaf Rəsulovdan 1 kiloqrama yaxın narkotik vasitə olan heroin və 1 kiloqram 850 qram həşiş aşkar edilərək götürülmüşdür.

Noyabrın 12-i saat 03 radələrində Rüstəmov küçəsində naməlum şəxs mübahisə zəminində Bakı şəhər sakini Əfqan Nəzərova bıçaqla xəsarət yetirmişdir. Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Ramil Qəhrəmanov noyabrın 13-də yaxalanmışdır.

Noyabrın 11-də Azadlıq prospektində naməlum şəxs münaqişə zəminində tüfeyli həyat tərzi keçirən Serqey Lobzinskini bıçaqlamışdır. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Oqtay Zeynalov noyabrın 13-də yaxalanmışdır.