Anar Məmmədov avamdır, yoxsa biz?

anar-memmedov-avamdir-yoxsa-biz
Oxunma sayı: 674

Bakıdan axşam saat 7-də çıxsaq da, hava çoxdan qaralmışdı. Bakının al-əlvan işıqlarını geridə qoyandan sonra vəziyyətin ciddiliyini daha yaxşı anlamağa başladıq. Dünəndən yağan qar yerdə qaldığı üçün yollar buz bağlamışdı. Sükan arxasında əyləşən həmkarımın fikrini yayındırmamaq üçün dinib - danışmırdım. Mən, özümü kefsiz göstərməyə çalışsam da, Elbrus dil-boğaza qoymur, qısa müddət ərzində populyarlıq qazandırdığı www.qafqazinfo.az saytıyla bağlı gələcək planlarından danışırdı.

Təxminən 2 saat sonra Şamaxını keçib, İsmayıllı rayonunun ərazisinə daxil olduq. Artıq yolun əsas hissəsini arxada qoyduğumuz üçün yemək haqqında düşünmək olardı. Elbrus yol kənarındakı restoranların yanında maşını saxlamaq istəsə də, mən onu fikrindən daşındırır, bir az da məsafə qət etməyimizi istəyirdim. Aclıq hər ikimizi əldən salsa da, mənzil başına yaxınlaşmaqda israrlı idik. Bir tərəfdən də Orxan Əli tez-tez zəng vurub, harda qaldığımızı soruşurdu. Başda Elşad Eyvazlı, Zaur Əhməd, Seymur Qasımbəyli, Bəxtiyar Məmmədli olmaqla bütün dostlarımızın gözü yolda idi...

Elbrus sükanı işıq gələn tərəfə burub, meşənin ortasındakı ağ binaya doğru istiqamət götürdü. Maşınımız səliqəli bir restoranın qarşısında dayandı. Səsimizə 16-17 yaşlı bir yeniyetmə hay verdi. Bayırda havanın necə soyuq olduğunu maşından enəndən sonra daha yaxşı anlamağa başladıq. Gənc ofsiant bizi isti otaqlardan birinə dəvət etdi. Küncdəki sobaya yaxınlaşıb, əllərimi isitməyə macal tapmamış Elbrusun yoğun səsi eşidildi:

- Yeməyə nəyiniz var?
Oğlan barmağını qatlayıb, saymağa başladı:
- Lülə, tikə, basdırma, ayı kababı...
- İkimiz də eyni vaxtda dilləndik:
- Ayı kababı?!
Ofsiant təəccüblə ona baxdığımızı görüb, bir qədər çaşdı. Sonra isə belə dedi:
- Müəllim, təmiz ayı ətidir, yüz faiz arxayın ola bilərsiniz.
Bu dəfə Elbrus məndən soruşdu:
- Nə deyirsən, yeyək?
- Yeyək, - dedim. Bir halda ki, Anar Məmmədova ziyan etməyib, bizə də heç nə olmaz.
Elbrus ayı ətinin qiymətini soruşdu. Ofsiant dedi ki, bir şişini 10 manata veririk.
- 10 manata?!

Yenə ikimiz də eyni vaxtda soruşduq. Ofsiant başını tərpətməklə bir az əvvəl dediyi sözləri təsdiqləmiş oldu.

Biz şam edəndə Elbrus dedi ki, Anar Məmmədov ağzının dadını bilirmiş. O, düz deyirdi. Kabab çox dadlıydı. Hesab gözlədiyimizdən də az çıxdı. Bu dəfə mən dilləndim: "Deyəsən, Qəbələdə Anar Məmmədovu hərifləyiblər". Elbrus dərindən bir qəhqəhə çəkib, meşənin qoynundakı sükutu pozandan sonra biz maşına əyləşib, İsmayıllı rayonunda jurnalistlər üçün təşkil olunmuş düşərgəyə getdik.

Jurnalistlərin İsmayıllı səfəri çoxdan başa çatsa da, bir sual mənə rahatlıq vermir: Anar Məmmədov avamdır, yoxsa biz? Mənə elə gəlir ki, Elbrusun şaqraq qəhqəhəsi də, mənim atmacam da quru təsəllidən başqa bir şey deyil. Bakıda minlərlə sürücünü bir tikə çörəyə möhtac qoyan, paytaxtın nəqliyyat sistemini öz nəzarətinə götürən bir adam avam ola bilməz. Avam onun zəlil gününə qoyduğu zavallı sürücülər, bu haqsızlığa etiraz edə bilməyən sərnişinlər və yazmaqdan başqa əlindən heç nə gəlməyən jurnalistlərdir.
Sonda vacib bir məqama da toxunmaq istəyirəm. TRT-də "Sakarya Firat" adlı məşhur bir serial var. Bu serial Türkiyədə PKK terrorçularına qarşı vuruşan qəhrəman türk əsgərlərinin həyatından bəhs edir. Serialın müsbət qəhrəmanlarından biri olan baş çavuş Durəli tez-tez öz əsgərləri haqda bu sözləri deyir: "Bunlar ayıboğandırlar". Baş çavuş bu sözlərlə əsgərlərinin igidliyinə işarə vurur. Onun əsgərlərinin arasında kasıb ailələrin uşaqları ilə yanaşı, vəzifəli şəxslərin, yüksək rütbəli məmurların da övladları var. Yəni, Türkiyədə kasıb da, varlı da terrorçulara qarşı rəşadətlə vuruşur. Bu ölkədə qəhrəman türk əsgərləri qarlı dağlarda qarşılarına çıxan ayıları belə güclü əllərilə boğub öldürməyi bacarırlar. Amma Azərbaycanda məmur övladları ayını boğmaqla deyil, onun ətini yeməklə fəxr edirlər. Bunların gücü ancaq başı kəslmiş, dərisi boğazından çıxarılmış ayılara çatır...