Anarın “Qırmızı Limuzin”i

anarin-qirmizi-limuzini-
Oxunma sayı: 3762

Anar. Yazıçı Anar. İlk dəfə bu yazıçını məktəb illərində tanıdım. Neçənci sinifdə - unutmuşam. Ancaq bir hadisə beynimdə nədənsə ilişib qalıb. Səbəbkar – sinif yoldaşım. Daha doğrusu, sinif yoldaşımın sualı: “Müəllim, Anar kimdir?”. Cavab: “tez-tez televizorda göstərirlər, eynəkli kişidir. Ədəbiyyatdan danışır”. Anarı belə tanıdım. Soyadı adının qarşısında çəkilmədən. Elə beləcə - Anar.

Sonralar Anarın romanlarını, hekayələrini oxudum. Əsasən tələbəlik dövründə... Təəccübləndim. Doğrudan təəccübləndim. Anarın Sovet dövründə bu cür hekayələr yazmasına... O dövrün stereotipləri – və Anarın hekayələri. Həqiqətən çətindir. Şəxsən mən – ad çəkməyəcəm – bəzi ASSR yazıçılarının əsərlərini oxuyanda iyrənmişəm. Sözün həqiqi mənasında – iyrənmişəm. Ancaq Anarın əsərlərini oxuyanda təəccüblənmişəm. Və başa düşmüşəm – sovet gəncliyi boş yerə Anarı oxumurdu. Boş yerə Anardan danışmırdı. Boş yerə Anarın əsərlərini müzakirə etmirdi. Əsas var idi. Əsas – fərqlilik idi. Anar fərqlənirdi – səmimiliyi ilə, ehkamları dağıtması ilə, yazı üslubu ilə, əsərlərinin oxunaqlı dildə olması ilə, dərk olunması ilə...

Anarın “Mən, Sən, O və telefon” hekayəsinin motivləri əsasında çəkilmiş film var imiş. Xəbərim yox idi. “Hər axşam saat 11-də” - “Mosfilm”in çəkdiyi filmin adı belədir. Heç vaxt izləməmişdim bu filmi. Heç valideynlərim də bu filmə baxdıqlarını xatırlamırlar. Ancaq bu filmi internetdə tapdım, izlədim. Təəssüfləndim – necə mənim xəbərim olmayıb belə bir filmdən. Çox maraqlı filmdir. Müasir filmdir. Melodramadır. Əsl gəncliyin filmidir. Səviyyəli gəncliyin filmidir. Mədəni gəncliyin filmidir. Üstündən 42 il keçib – amma film müasirdir – şəxsən mənim üçün. Hər halda, qaqaşlar belə filmi izləməsələr yaxşıdır. Yoxsa şəxsiyyətin ikiləşməsi onlara gülməli gələcək. “Seymur, Mədinə, yenə də Seymur və telefon”. Belə izah etsən də, qaqaşlara çatmayacaq. Namiq Qaraçuxurlu ilə Aygün Kazımovanın “yerə də, göyə də qısqanıram” mahnısına qulaq asanlar bu filmdən heç-zad qanmayacaqlar. Qutuya qoyulmuş böcək kimi heç nə anlamayacaqlar – nə filmdən, nə musiqidən, nə də ədəbiyyatdan. Zatən baxası da deyillər. Ancaq kim bilir – hərdən istəmədən, nəyəsə məcbur olursan.

Anarın “Dantenin yubileyi” povestini bir neçə dəfə oxumuşam. Ayrı-ayrı vaxtlarda. Əsərlə bağlı fikirlərim də zamana görə dəyişib. Ancaq bir sözlə - bəyənirəm - əsəri də, əsər əsasında çəkilmiş filmi də.

Bu əsəri oxuyanda yadıma düşür – səsi olmayıb, çırtma çalıb - müğənnilik edənlər, klassik yazıçıların əsərlərindən hırnan-zırı qanmayıb aktyorluq edənlər – amma yeri gələndə başından böyük qələt edib – xalqa ağıl öyrədənlər, məsləhət verənlər, ziyalı statusu qazananlar – müğənnilər, meyxanaçılar, qafiyəpərdazlar, təlxəklər, ...ciklər, ...cüklər və.s ...acıqlar. Belələrini görəndə deməyim gəlir – yaşasın Feyzulla Kəbirlinski!

Qayıdaq müstəqillik dövrünə. “Otel otağı”. “Muhakkak görüşürüz”. Onluğa vuran əsərlərdir. Demokrat olan kommunistlər, millətçi olan kosmopolitlər, dindar olan ateistlər, ziyalı olan ziyanlılar, - lütfən bu əsərləri dönə-dönə oxuyun. Əsl sizin kimilər – bizim kimilər üçündür.

“Əlaqə” povesti. Fantastik povest. Adamı özünə çəkən povest. Belə deyərdim: psixoloqa ehtiyacı olanlar bir dəfə bu povesti oxusunlar. Əminəm ki, yüngül psixi problemləri olanlar bu povesti dərk eləyib oxusalar – yaxşı olacaq. Xüsusilə tələbələr və şagirdlər bu povesti mütləq oxusunlar. Əsərin qəhrəmanı olan tələbə kimi hər şeyi götür-qoy etsinlər. Özləri-özləri ilə söhbət etsinlər. Əlbəttə, dəli olmamaq şərtilə.

“Qırmızı Limuzin”. Bu hekayə nəsə məndə “qırmızı terror” assosiasiyası yaratmışdı oxuyanda. Fikrimdə də qalıram. Anarda bu, yaxşı alınır. Ezop dilindədir – ancaq həm macəra var, həm detektiv var, həm dəhşət var. Bir dənə düz əməlli vəsait ayırmaq lazımdır – bu əsər əsasında bir film çəkilsin – triller. Hər halda “Eurovision”da qələbə qazanan ölkə bir dənə babat dünya səviyyəli kino da çəkməlidir.

Anarın “Vahimə” povesti, “Yaxşı Padşahın Nağılı”, “Gürcü Familyası” və.s hekayələri də maraqlıdır. Oxumayanlar mütləq oxusun. Özüm qəsdən bu üç əsər haqqında məlumat vermədim. Ki, oxuyasınız.