“Anarla düşmənçiliyə getməyəcəyəm” – Əkrəm Əylisli

anarla-dusmenciliye-getmeyeceyem-ekrem-eylisli
Oxunma sayı: 684

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar “525-ci qəzet”ə müsahibəsində Əkrəm Əylisli ilə Aqil Abbasın ünvanına bəzi ittihamlar səsləndirib. Birliyin sədri aşağıdakıları deyib: “Köhnə palan içini tökmək istəmirəm. Amma indi mənə qarşı yazanların bir çoxu bir vaxtlar hücumlarını elə vaxtiylə Aqil Abbasın redaktə etdiyi qəzetdə çap etmirdilərmi? Sonra Aqil dəfələrlə mənə peşman olduğunu deyib.
Tutalım mən bu üzrxahlığın səmimiyyətinə inandım. Amma məgər Aqil Abbas, ya Əkrəm Əylisli, ya başqa susub səsini çıxarmayan ”dostlarım" mətbuatı izləmirlər, illər boyu mənə qarşı, ailə üzvlərimə qarşı ən çirkin, ən iyrənc atmacalardan xəbərsizdirlər? Niyə bir dəfə mətbuatda buna münasibət bildirməyiblər? Belə yerdə “Yəqin belə yazılar onların da ürəyindəndir” deyə düşünməyib neyləyəsən?"

Anar Əkrəm Əylislinin hətta özü barədə yazılanlara cavab verə bilmədiyini deyib: “O ki qaldı, özü demiş, ”köhnə dostum" Əkrəm Əylisliyə, yeri gəldi-gəlmədi ədəbi vicdandan dəm vuran Əkrəmin öz hücumları bir yana dursun, mənim kimi onun özünü də bəyənməyənlərin həyasız yazılarına bircə dəfə etiraz edibmi? Axı son vaxtlarda mövqeyini 180 dərəcə dəyişənə qədər, onun özünü də mənə və ümumən altmışıncılara qatıb söyürdülər. Yəqin, bu prinsiplə cavab vermirdi ki, qoy ara-sıra mənə də sataşsınlar, təki Anarı hər gün sancsınlar. Əkrəm yazır ki, Anar mənim ümidlərimi doğrultmadı. Bilmirəm hansı ümidlərini doğrultamamışam, onun kimi deputat olanda iqtidarçı, deputatlıqdan gedəndən sonra müxalifətçi olacağımamı ümid bəsləyirmiş? Amma Əkrəm son iyirmi beş ildə mənim bütün ümidlərimi doğrultdu. Bilirəm ki, kimlə konfliktə girirəm-girim, kim mənə hansı haqsız sözü deyir-desin, Əkrəm həmişə mənim yox, onun tərəfində olur və olacaq. Mən Əkrəmdən incimirəm, o da məndən inciməsin. Əkrəm mənə dönük çıxanların nə birincisidir, nə axırıncısı. Bu da bir taledir, görünür, kimə yaxşılıq etmişəmsə, bir müddət sonra onlardan bəziləri (əlbəttə, hamısı yox!) məndən bunun heyfini çıxıb. Kimisi karyerası üçün, kimisi tamahına görə, kimisi həsəddən, kimisi kiməsə yarınmaq üçün, kimisi də elə-belə “muşğulatçün” üz döndərib".

Əkrəm Əylisli “Yeni Müsavat”a bildirdi ki, məsələlərin mətbuatda bu qədər uzanması artıq onu qərar verməyə vadar edib: “Tez-tez mətbuatdan müraciət edilir ki, Anarın dediklərinə münasibət bildirin. Mən qəti qərara gəlmişəm ki, bu günlərdə Anarla görüşək və yaxşı-yaxşı söhbətləşib məsələləri təhlil edək, bir-birimizə olan iradları ortaya qoyaq. Mümkün olsa, hər hansı bir konsensusa gələk. Söhbət bundadır ki, mənim Anara qarşı heç bir şəxsi qərəzliyim olmayıb. Mən sadəcə Yazıçılar Birliyindəki Anarın fəaliyyətinə müsbət yanaşa bilməmişəm. Bunun da külli miqdarda səbəbləri var. Mən Yazıçılar Birliyində bir katib kimi qalıb Anarla mübarizə aparmaq fikrində olmamışam. Əgər mənim Yazıçılar Birliyinə rəhbərlik etmək, o vəzifəni tutmaq niyyətim olsaydı, demək mən orda qalar və Anarla mübarizə aparardım”.

Əkrəm Əylislinin sözlərinə görə, hətta 90-cı illərdəki qurultay ərəfəsində onun yanına qurumun xeyli üzvü gəlib və onun sədr olmasını istəyib: “Nə qədər Anarı istəməyənlər gəldi ki, gəl birləşək, Anarı oradan uzaqlaşdıraq, sən birinci ol. Mən bunların hamısına birbəbir-onların sağ olanı da var, iki nəfəri isə rəhmətə gedib- dedim ki, qurultayda bəyanat verib gedəcəyəm, ancaq Anarla düşmənçiliyə getməyəcəyəm. Qurultayda da bəyanat verdim. Anardan əvvəl Yazıçılar İttifaqının sədri olan İsmayıl Şıxlıdan da üzr istədim – zalda əyləşmişdi.

Dedim ki, İsmayıl müəllim, biz sizin getməyinizlə Yazıçılar İttifaqında yenilik yaranacağına ümid edirdik. İstəyirdik ki, Yazıçılar İttifaqına yeni nəslin adamları gəlsin. Amma mən səhv etdiyimi başa düşdüm ki, bu, yenilik yaratmaq fikrində deyil. Mən 1991-ci ilin fevral ayında Anara yarı ironiyalı yazmışdım ki, bu təşkilatın üzvü olmağın mənəvi məsuliyyətini üzərimdən atmaq məqsədi ilə təşkilatdan uzaqlaşıram. Əgər Anar indi də deyirsə, Əkrəmin mənim yerimdə gözü var, onda Anar bunu qeyri-obyektiv deyir. Yazıçılar Birliyinin üzvü olmayan adamın seçib-seçilmək hüququ yoxdur. Mən istəsəydim, orda qalar, mübarizə aparardım. Mənim də orda tərəfdarım çoxdur. Amma dönə-dönə desəm ki, mən bu qurumun üzvü deyiləm, yenə də belə məsələlər də adım hallanır. Mənim yalnız qurultayda qonaq kimi oturmaq hüququm var. Ona görə də kim mənim sədr olmaq niyyətimdən danışırsa, bu, ən azı ədalətsiz mövqedir”.

Ə. Əylisli Anarla görüşün nə zaman baş tutacağını konkretləşdirmədiyini vurğuladı: “Mən bir müddət burada olmayacağam. Ona görə də çalışacağam ki, mayın 1-dək görüşü təşkil edək. Amma alınmasa, mən qayıdan kimi Anara zəng edib onunla görüşəcəyəm. İnanmıram ki, Anar mənimlə görüşdən imtina etsin. Mətbuatın davamlı yazıları məsələni obyektivlikdən bir az da kənara çıxarır. Mən istərdim ki, bu söhbətin bir obyektiv nəticəsi olsun. Ona görə də görüşə hazıram”.

Yazıçı-deputat Aqil Abbas isə dedi ki, Anar müəllimin onunla bağlı dediklərindən təəccüblənir: “Mən sadəcə internetdə Anar müəllimin haqqında yazılan şərlərdən narahat olmuşam. Yəni mən Anar müəllimin əleyhinə deyilən sözə pis oluram. Çünki Anar müəllim mənim həyatımda, yaradıcılığımda böyük rol oynamış adamdır, bir adam onun əleyhinə yazanda pis oluram. Deyib ki, Aqil Abbasın qəzetində mənim əleyhimə yazılar yazıblar. O vaxt “Alatoran”da gənclər yazılar yazmışdı, mən dərhal Anara, ya Rəsul Rzaya atılan daşlara reaksiya verdim ki, belə olmaz. “Ədalət”də cavab verdim ki, düz yazmamısınız. Düzdür Anar müəllimə demişəm ki, peşman olmuşam, gərək o şəraiti yaratmayaydım. Çünki sizə daş atılanda mən pis oluram. Vaxtilə Anar müəllim “Kimdir Dali” yazmışdı, bax o cavab idi. Ancaq bu dəfə dedim ki, Anar müəllim niyə bunlara belə cavab verirdi? Yəni mənim narazılığım buna görə olub. Ancaq Anar müəllim ağsaqqal adamdır, nə desə, qəbulumdur. Mənim ona başqa nə sözüm ola bilər?”.

“Yeni-Müsavat”