Anası böyrəyini Babəkə verdi

anasi-boyreyini-babeke-verdi
Oxunma sayı: 679

Türkiyənin Çamlıca Medikana Xəstəxanasında baş tutan orqan transplantasiyası uğurla başa çatıb. Artıq anasının böyrəyi ilə həyata davam edən 12 yaşlı Babək Rəsulzadənin, həm də anasının vəziyyəti normaldır. Əməliyyata başçılıq edən təcrübəli cərrah Barış Akın uşağın orqanizminin yeni, amma doğma böyrəyə cavabını qənaətbəxş hesab etdiyini deyib. Cərrah bildirib ki, ilk vaxtlar əməliyyatdan qabaq uşağın vəziyyətində çox narahatçılıq, ağrılar müşahidə olunsa da, transplantasiyadan sonra nəticə ürəkaçan olub. Onun sözlərinə görə, hələlik ana və bala həkim nəzarətində saxlanılır. Bir neçə gündən sonra ana və həyatını qurtardığı balası Bakıya qayıdacaq. Bu barədə "Qafqazinfo"ya əməliyyata maddi dəstək verən "Inamla İrəli" Xeyriyyə Cəmiyyətinin rəhbəri Ayşə Cəlilova məlumat verib. Onun sözlərinə görə, türk həkimlər qonaq xəstənin rahatlığı üçün bütün şəraəti təşkil edib, o cümlədən əməliyyat xərcində də güzəştə gediblər. Əməliyyat ümumilikdə 33 min ABŞ dollarına başa gəldiyi halda, onlar 10 min dollara azərbaycanlı xəstəni həyata qaytarıblar. Ayşə Cəlilova həmçinin xeyriyyə cəmiyyətinin də sevincini dilə gətirərək, bir insan həyatını qurtardıqları üçün şad olduqlarını bildirib.
Xatırladaq ki, Babək Rəsulzadə hələ 5 yaşında olarkən Rusiyada iki böyrək əməliyyatı keçirmişdi. Səhv aparılan əməliyyatların ardınca uşaq Bakıda yenidən əməliyyat edilmək məcburiyyətində qalmışdı. Amma son illər həftədə bir neçə dəfə dializə cəlb olunsa da, hər iki böyrəyinin funksiyası dayandığından həkimlər təcili orqan köçürülməsinin vacibliyini bildirirdilər. Elə ilk vaxtdan anası Əfruz xanım ögluna donorluq edəcəyini boynuna götürmüşdü. Artıq sözünə əməl edən fədakar ana "İki böyrəyim də lazım olsa, ikisini də verəcəm, təki oğlum yaşasın",-deyirdi.

Raminə Eyvazqızı