“And olsun qələmə...”

and-olsun-qeleme
Oxunma sayı: 1541

Zənnimcə, Şeyxülslam müqəddəs dinimiz haqqında bu cür sözlər deməz. Dünyanın istənilən yerində, istənilən ruhani alim dinimiz haqqında bu cür mövqe ortaya qoymaz. Bir müddət QMİ-də işləmiş bir şəxs kimi də Şeyxülislamın fikirlərinin mətbuat təqdimatında yanlışlıqlar olduğunu düşünürəm.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də yəqin ki, bəzi adamların dinimizlə bağlı irəli sürdüyü yersiz ittihamlara cavab olaraq, dinimizin elmə önəm verməsini deyib. Çünki QMİ sədri dinimizin dəyərlərini anlayan din xadimidir.

İslamın əlində heç zaman çomaq, raket olmayıb. İslam dini hər zaman insan həyatına dəyər verib. Allah-Təala bir insanın öldürülməsini bütün bəşəriyyətə qarşı törədilmiş cinayət sayır. Əbu-Reyhan Biruni, Nəsrəddin Tusi, Şəmsəddin Təbrizi, Cəlaləddin Rumi, Fəridəddin Əttar kimi dühaların həyat və faəliyyətinə baxanda məlum olur ki, müqəddəs dinimiz hər zaman ağlı, elmi hər cür zorakılıqdan üstün tutur. Təsadüfi deyil ki, elmə, ağıla önəm verilməsi Allahın hikməti ilə üzə çıxıb və Qurani-Kərimdə "Qələm" surəsi Hz.Məhəmmədə (s) nazil olub.

Dinimizin elmə üz tutmağın vacib olmasının dəyəri nazil olan surədən də bəllidir. Allah-Təala “And olsun qələmə və yazdıqlarına”(Qələm surəsi, ayə 1), deyə buyurur . Ən əsası isə odur ki, Hz.Peyğəmbrimizə (s) Rəbbimizin ilk əmri “Oxu” olub. İslamın elmə, öyrənməyə, öyrətməyə önəm verməsi bu iki misalla da yetərli ola bilər. Ancaq elmlə bağlı bəzi nümunələri sadalamaq da kimsəyə ziyan gətirməz.

Qurani-Kərimin nazil olunması tarixi 7-ci əsrdə baş verib. O zaman insanların heliosentrik sistem barədə nəzəri fikirləri, ümumiyyətlə yox idi. Günəş sistemi planetləri, Günəşin sabit qalması, bu sistemə daxil olan olan planetlərin onun ətrafında dönməsi ilə bağlı hikmət “Yasin” surəsinin ayələrində aşkara çıxır. Uca Rəbbimiz buyurur: “Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər…Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar. Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər” (Yasin surəsi, ayə 38-40).

İndi də müsəlman alimlərin elmdə qazandıqları nailiyyətlərə diqqət yetirək. İmam Cəfəri Sadiqin tələbəsi, “kimyanın atası” sayılan Cabir ibn Həyyan atomda böyük bir enerjinin olduğunu, parçalana biləcəyi fikrini Qərb alimlərindən min il əvvəl irəli sürüb. On beşinci əsrdə əslən şirvanlı olan, İstanbulun fəthinin mənəvi memarı sayılan Ağ Şəmsəddin “Maddətul-həyat” əsərində mikrob haqqında məlumatlar verib. Qərb alimləri mikrob haqqında elmi bilikləri yalnız 17-ci əsrdə cəmiyyətə təqdim edə bilmişdilər. Yer kürəsinin öz oxu və Günəş ətrafında fırlandığını Əbu Reyhan Biruni tapıb. Yeri gəlmişkən qeyd edim ki, həmyerlimiz olan böyük mütəfəkkir Abbasqulu ağa Bakıxanov “Əsrarül-məlakut” əsərində heliosentrik sistem haqqında Kopernik nəzəriyyəsini müdafiə edib və Quranda yuxarıda sadaladığımız ayələrlə bu nəzəriyyəni əsaslandırıb.

Bu misalların sayını artırmaq da mümkündür. Bütün müsəlmanlar dinimizin gözəl hikmətlərini dərk edib, Allahın buyurduğu kimi yaşayır, iddiası ilə çıxış etmək fikrim yoxdur. Hər insan öz həyatının modelini özü seçir. “Bütün yaxşılıqlar Allahın sizə verdikləridir, bütün pislikləri isə özünüz qazanmısınız” hikməti fikirlərimizi qüvvətləndirir. Allah insanı sevərək, yer üzünün ən şərəflisi olaraq yaradıb. Hz.Mövlana Cəlaləddin Rumi buyurur: "Hər insan bir yağmur dənəsi kimidir... Kimisi palçığa, kimisi gül ləçəklərinə düşər..." “Gül ləçəklərinə düşməkdən” nəsibini alan insanların hesabına dünyamız gözəlləşir. Başqa yerə düşmək yolunu seçənlər isə ilk növbədə öz həyatını zay edər...