Ankarada “nemes” olmaq

ankarada-nemes-olmaq
Oxunma sayı: 674

Toplantının bu coğrafiya üçün önəmli siyasi mərkəzdə - Ankarada keçiriləcəyi xəbəri ciddi maraq yaradırdı. İndiyə qədər Türkiyə iqtidarı Güney Azərbaycan məsələsinə o qədər də önəm vermirdi. Bəs, nə baş verdi ki, Ankara rəsmi Tehranla münasibətlərində ciddi problem yaradacaq bir məsələyə qoy qoydu?

İlk sırada onu da vurğulayaq ki, toplantıdan az öncə ABŞ-ın İranla bağlı yeni planlar işə saldığı haqqında xəbərlər yayılmışdı. Xəbərlərdə iddia olunurdu ki, Birləşmiş Ştatlar bu planların həyata keçirilməsinə 40 milyon dollar ayırıb. Ssenariyə görə, ABŞ 35 milyonluq türk toplumunu qısa zamanda İranı içəridən parçalaya biləcək ən böyük faktor kimi tanıyır, bu toplumla “işləyəcək” dövlətlər rolunda isə Türkiyə ilə Azərbaycanı görür. Bundan sonra bu məsələ ilə bağlı bütün qurumlar bir mərkəzdən idarə olunacaq. Necə deyərlər, yaxın zamanlarda türkçülüyü “ələ keçirən” rəsmi Bakının Güney Azərbaycan uğrunda “ölüm-dirim savaşı”na hazır olun...

Forum keçiriləcəyi gün isə sanki hər şey tərsinə oldu; İranın basqılarına qarşılıq kimi, Ankara toplantını “yasaqladı”. Ancaq bu yasaq sadəcə “tədbirin filan oteldə keçirilməsi yasaqdır” anlamına gəldi. Öncədən yığıncağa ev sahibliyi etməli olan “Sürməli” oteldən 200 metr aralıda yerləşən başqa bir oteldə forum baş tutdu. Ankaranın “söz oyunu” qədər sadə siyasi gedişi də, Azərbaycandan gələn heyətin iqtidaryönlü ağırlıqlı olması da, ABŞ-ın planları haqda verilən xəbərlərin doğruluğunu sübut etdi.

Yeri gəlmişkən, bir qədər Azərbaycan nümayəndə heyəti haqqında. Foruma Azərbaycandan xeyli insan qatılmışdı. İçərilərində Güney haqqında indiyə qədər heç bir kəlmə də eşitməyən hansısa gənclər birliklərinin üzvləri də vardı, bu məsələni siyasi spekulyasiya alətinə çevirəni də, “hərşeyşünaslığı” ilə ad çıxaranı da, mandat alana qədər “ölkədəki analoqu olmayan inkişafa göz yumub”, mandat alan kimi gözünə lupa bağlayanı da. Hətta toplantılara qafasının deyil, cibinin tutumuna görə dəvət edildiyini bilə-bilə gələnlər də vardı. Amma insafən, bu sırada gerçəkdən Güney Azərbaycan davası aparanlar da var idi. Onlar durumu ilk başdan anlayıb sözlərini dedilər, salonu tərk etdilər.

Əslində forumu yarımçıq tərk edənlər Türkiyədə Güney adına eybəcər bir oyun oynandığını Ankaranın girişində anlamışdılar -təşkilatçıların onlara göndərdikləri açıqlamada yazılanlarla qarşılaşdıqları mənzərənin arasında yerlə göy qədər fərq olduğunu görən kimi. Məsələ burasındadır ki, təşkilatçılar Bakıdan getmək istəyənlərə, o sıradan mənə bildirmişdilər ki, foruma qatılmaq istəyənlər 150 dollar ödəyəcək. Bu məbləğə Bakı-Ankara-Bakı marşrutlu avtobus, yol boyu yemək, 2 gün Ankarada 5 ulduzlu “Sürməli” oteldə qalmaq, bir də qidalanma daxildir. Ancaq biz Ankaraya çatanda bəlli oldu ki, 5 ulduzlu deyil, 3 ulduzlu otelə gedirik. Oteldə toplantının Azərbaycan üzrə təşkilatçısı Aynur İmranova başda olmaqla, indiki və eks-deputatlar, hakimiyyətə yaxın qəzetlərin təmsilçiləri, özlərini insan haqlarının müdafiəçiləri kimi təqdim edənlər, forumun Türkiyədən olan iştirakçılarının “Sürməli”də olduğunu öyrəndik.

Xeyli çaba xərcləyəndən sonra Aynur İmranovanı tapdıq. Dedi, mənlik heç nə yoxdur. Nə sözünüz var, təşkilatçı İzmir Azərbaycan Kültür Dərnəyinin başçısı Camal Mehmethanoğluya deyin. Bakıdan təşkilatçılara etibar edib yola demək olar, pulsuz çıxmışdıq. 2 günlük yolda yalnız 1 dəfə yemək verilmişdi, cibimizdə olanları Ankaraya qədər artıq xərcləmişdik. Burada da bizə dedilər ki, yemək, nəqliyyat xərclərini özümüz ödəməliyik. 49 nəfərin ciddi etirazlarından sonra Aynur İmranovanı öz pulumuzla bizə axşam yeməyi təşkil etməyə məcbur etdik. Sağ olsun, bizi qırmadı. Menyuda mərciməklə ayranlı dönərdi. Allah şeytana lənət eləsin...

Bu arada “Sürməlidə” qalan bir nəfərdən Bakı-İstanbul-Ankara-Bakı səfərinə cəmi 160 TL, yəni 90 dollar xərc çəkdiyini öyrəndim. Həm də uçaqla.

Təşkilatçıların heç bir məsuliyyət hiss etmədən bizə aşağılayıcı davranması, üstəlik forumda Güney Azərbaycanlılara faktiki olaraq söz verilməməsi, tez-tələsik yaradılan Konseyin İH-nə onlardan yalnız 1 nəfər salınması (güneylilərin kəskin etirazlarından sonra bu say 4-ə qaldırıldı) səbr kasamızı daşırdı. Ən dəhşətlisi isə o oldu ki, sən demə, bizi Bakıya aparmalı olan avtobus toplantı bitən kimi İstanbula yola çıxacaq.
“Dalğa”çılardan öyrənirəm ki, onlardan 150 deyil, 180-200 dollar toplanıb - Ankarada forum bitəndən sonra daha bir şəhərə səyahət etmək üçün...
Bəs biz, Ankaraya 2 günlük yolçuluqdan sonra bir neçə saat öncə çatanlar, ayağının tozu ilə toplantıya qatılıb burada görməli olduqları işi başa vurmayanlar necə olacaq? Bizə elə beləcə də dedilər – burda nə var, minin avtobusa siz də gedin. Camal Mehmethanoğlunu tapıram – iradlarımı bildirirəm, baş verən yaramazlığın, dolandırıcılığın səbəblərini soruşuram. “Para bitdi” deyib, Aynura baxır. Boşboğaz və mənasız sözlərdən baş götürüb onları məhkəməyə verməyə hazırlaşan dəstəmizin yanına dönürəm.

Bir neçə saat sonra bizi daha bir şok gözləyir – İranın Ankara böyükelçiliyinin qarşısında. Güney adına toplanan forumun iştirakçıları “Eurovisiona görə Azərbaycan hakimiyyətini lənətləyən mollalara ar olsun” bağırıb, boz qurd işarəsi tutan barmaqlarını gözümüzə soxanda. Əllərində İran zindanlarında milli düşüncəsinə görə həbs olunanların portretlərini görəcəyimi düşünmüşdüm. Təəssüf... Aksiyanın ən “təsirli” səhnəsi isə İranda ilk sırada seksual inqilab olmasını vacibliyi düşüncəsinə yoluxdurulan gəncliyin səfirliyin qarşısında sarmaş-dolaş öpüşməsi oldu. Türkiyədə təhsil alan gənclərdən bir neçəsi şığıyıb onları təpiklərinin altına saldılar. Ancaq aldırmadılar. Partlayan dodaqlar, şişən ayaqlar onların İstanbul səfərinə mane olmadı. Bizə isə 1 sutka sərasər bu avara və vecsiz gəncliyi otel foyesində gözləmək qaldı.

Forum keçiriləndən öncə “təşkilatçı özüməm” deyib sinəsinə döyən, pul yığılandan sonra yaxasını kənara çəkənlərin sədaları indi İzmirdən – ünlü turizm mərkəzi Quşadasından gəlir. Görən orada “nemes” kimdi?

musavat.com