Banklarda fövqəladə vəziyyət

banklarda-fovqelade-veziyyet
Oxunma sayı: 2863


Məlumatı dəqiqləşdirmək üçün Mərkəzi Bankın mətbuat xidmətiylə əlaqə saxladıq. Bizi maraqlandıran sualları da mətbuat xidmətinin elektron ünvanına yollasaq da, gün ərzində cavab almadıq.

Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulması avtomobil bazarına təsirsiz ötüşməyib. Hazırda avtomobil bazarında sahibkarların satışla bağlı ciddi problemləri yaranıb. Əmlak Bazarı Iştirakçıları Ictimai Birliyinin icraşı direktoru Ramil Osmanlı Modern.az-a açıqlamasında deyib ki, maşın bazarında satış demək olar ki, dayanıb: “Bazarda satılan 10 avtomobildən 7-si kredit yolu ilə satılırdı. Yəni əvvəl 1 ayda 100 avtomobil satılırdısa, indi 20 avtomobil satılır. Alqı- satqı 1 ayın içində 8 dəfə azalırsa, bu təbii ki, bazara ciddi maddi ziyan vurmaq deməkdir”.

İqtisadçı ekspert Samir Əliyev isə “Azadliq” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanın kommersiya banklarında ixtisarlara hazırlaşıldığı ilə bağlı yayılan məlumat Mərkəzi Bankın qəbul etdiyi qərardan doğan bir nəticə sayıla bilər: “Azərbaycanın kommersiya bankları əsasən istehlak kreditləri üzrə ixtisaslaşıblar. Elə banklar var ki, onların kredit portfelinin 60-80 faizi istehlak kreditlərinin payına düşür. Hazırda isə istehlak kreditlərinin şərtləri sərtləşdirilib, digər tərəfdən isə avtomobil kreditləri dayandırılıb. Bu ilk növbədə həmin banklar üçün böyük zərbə olacaq. Banklar əvvəlki qədər böyük gəlir əldə edə bilməyəcəklər. Bu vəziyyətdən çıxış yolu isə xərcləri azaltmaq, ixtisarlara getməkdir. Başqa bir yol isə biznes kreditlərinə üstünlük verməkdir. Biznes kreditləri isə riskli olduğuna görə bankların çoxu buna getmir”.

Amma banklarda ixtisarların yaxın zamanlarda baş verəcəyinə inanmayan S.Əliyev bildirdi ki, amma iki ay ərzində avto kreditlər bərpa olunmazsa bir sıra banklar əməkdaşlarının ixtisarı ilə yanaşı, filialların da bağlanmasına gedə bilər: “Kreditlərin 95 faizi Bakı və Abşeronun payına düşür. Regionlarda isə cəmi 5 faiz kredit verilir. Bu baxımdan xüsusilə kiçik banklarda filiallar onsuz da ziyanla işləyirdi. Ona görə yaz aylarından başlayaraq banklarda ixtisarların olacağını, filialların bağlanacağını gözləmək olar”.

Avtomobil bazarında yaranan son situasiyaya gəlincə isə, S.Əliyev bildirdi ki, indiyə qədər satılan hər 3 avtomobildən 2-si kredit vasitəsilə alınırdı. Xüsusilə yeni avtomobillərin satışı bilavasitə kredit vasitəsilə reallaşdırılırdı. Bank sektorundakı indiki durumun da maşın bazarına təsirsiz ötüşməyəcəyini deyən S.Əliyev vurğuladı ki, hazırda maşın bazarında sahibkarlar gözləmə mövqeyindədir və hər hansı bir addım atılmır: “Hazırda maşın alanların sayı 60-70 faiz azalıb və əgər avto kreditlər bərpa olunmazsa, bir neçə aydan sonra ikinci əl avtomobillərin qiymətində kəskin düşmə yaşanacaq. Yeni avtomobillərdə də oxşar situasiya yaranacaq. Bəzi avto salonların ixtisarlara getməsini, bəzilərinin isə ümumiyyətlə bazarı tərk etməsini müşahidə edə bilərik”.