Bankların əsir aldığı adamlar

banklarin-esir-aldigi-adamlar
Oxunma sayı: 2982

Rövşən Naziroğlu

Gülüşünü, rahatlığını, əsəbini əmanət qoyub bankdan götürdüyü pulla aldığı maşının banına taksi nişanı vuran gündən dərd, fikir ürəyini arı kimi sancır qardaşımın. Üzündəki nigarançılığı qovmaq üçün gülümsəməyə çalışsa da alınmır. Gülməyi, gülümsəməyi yadırğayıb qardaşım.

Küçələr doludu ard-arda düzülüb müştəri gözləyən taksilərlə. İşıqforun qırmızı işığına tuş gəlirik. Bir anlığa mənə elə gəlir ki, bu gecə hər şeyin, hətta başımızın üstündən asılıb ayaqlarımızın altına sərilən qaranlığın da rəngi bozdur. İşıqfordan bir səs aralıda dayanan orta yaşlı fahişənin dodaqlarının boyası və qırmızı rəngli qısa ətəyi də bozarıb. Siqnal səsləri qardaşımı hansısa fikirin caynağından alıb qaytarır sükan arxasına. Maşınımız tənbəl uşaq kimi tərpənir yerindən. Yanından ötüb keçən maşınlara baxan qadının baxışlarındakı umudsuzluq gecənin üzünə tüpürcək kimi yayılır. Yolumuzun üstə sıralanmış marketlərdən birinin önündə dururuq. Qardaşım düşür maşından.

Yadıma Rəhim müəllimi salır qardaşımın ürəyinin ağrısı. Riyaziyyat müəllimimiz idi. Rüşvət almazdı. Kobudluq eləməzdi. Dərsini bilməyənə “3” yazardı. Sovet tərbiyəsi görmüşdü. Kommunist idi. İttifaq dağılandan sonra məktəbdə duruş gətirə bilmədi. Ailəsi böyük olduğundan imkanlı adamların həyət-bacasında bağbanlıq eləməyə başladı. Sonra mən Rəhim müəllimi unutdum. Və günlərin birində toydan çıxıb oturduğum taksidə siqaret yandıranda diqqətlə baxmışdım adımı çəkən sürücünün üzünə. Tanıya bilməmişdim. Rəhim müəllim yaddaşıma yardımçı olmuşdu. Yandırdığım siqareti maşının pəncərəsindən küçəyə tullayıb bəlkə əlli dəfə üzr istəmişdim. Çox şeylərdən danışmışdı Rəhim müəllim. Kredit götürüb maşın alsa da bankın pulunu ödəyə bilmədiyini demişdi. Əlini sükandan çəkib qoymuşdu ürəyinin başına. Oğlunu görmüşdüm bir neçə aydan sonra. Rəhim müəllim banka olan borcunu və maşını oğlunun kürəyinə şələləyib yuxuda keçinmişdi.

Qardaşım marketdən çıxıb bir az aralıda dayanmış taksi sürücüsünə yaxınlaşdı. Sürücü yaşlı kişiydi. Bir-iki dəqiqə danışdılar. Onun ağsaqqala “Allah böyükdür, səbr elə” dediyini eşitdim. Ağsaqqal başını buladı. Maşınımız yenidən başladı yolu arşınlamağa. Qardaşım dedi ki, marketin qabağında salamlaşdığım kişi iki gündü küçədə gecələyir. Salondakı güzgünün yanında asılmış oyuncaq it gözümə dəymədi. Verəcəyim sualı qabaqlayıb gözlərini yoldan ayırmadan başladı danışmağa: “Bu gün maşına bir molla mindi. Dolanışıqdan gileyləndim. O, səbrlə dediklərimi dinləyib dedi, bilirsən, niyə Allah sənin ruzini kəsib? Çünki sən maşınında oyuncaq it asmısan. Əlimi aparıb qopardım iti güzgüdən. Pəncərədən atmaq istəyəndə dedi, atma, ver aparım uşaqlar oynasın. Mat-məəttəl uzatdım iti mollaya. Ürəyimdə dedim, itaparan olsun.”

Gülüşü üzündən didərgin düşən nə qədər insan var bu məmləkətdə. Banklar verdikləri pulu artıqlaması ilə alacaq onlardan. Ancaq pozulan əsəbləri, ürəklərə dolan ağrını qaytarmağa kimsənin gücü yetməyəcək...