Bankların gizlətdiyi rəqəmlər...

banklarin-gizletdiyi-reqemler
Oxunma sayı: 2429


“Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzetinin yazdığı xəbərə görə, bu səbəbdən, Azərbaycan Mərkəzi Bankı yaranmış vəziyyəti tənzimləmək üçün bir sıra qaydalara dəyişiklik etməli olub, hətta bəzi hallarda qanunun ziddinə gedərək qadağalar tətbiq edib. Məsələn, Mərkəzi Bankın son qərarı ilə biznes və istehlak kreditlərinin faktiki illik faiz dərəcələri (FİFD) üçün yuxarı hədd müəyyənləşdirib. Qərara görə, banklar müştərilərə biznes kreditlərini 25 faizdən, istehlak kreditlərini isə 29 faizdən baha verə bilməyəcək. Eyni zamanda komisyon haqları 1 faizdən yüksək ola bilməz. Deməli, son bir həftədə kredit faizlərində nisbətən ucuzlaşma müşahidə edilməli idi.

Sual olunur ki, bütün bu islahatlar  bankların problemli kreditlərini həll edə biləcəkmi?  Araşdırma apararaq, bankların son durumunu- vaxtı keçmiş kreditlərin vəziyyətini, faiz dərəcələrini endirib-endirməməsini müəyyənləşdirməyə çalışdıq. Təəssüf ki, bu zaman əksər banklar üzrə məlumat qıtlığı ilə üzləşdik. Bir sıra banklar nəinki rüblük, hətta illik hesabatlarını ictimaiyyətə təqdim etmirlər.

Nəzərə çatdıraq ki, indiki həssas durumda vətəndaşlar əmanətlərini daha etibarlı banka yatırmaq istəyilərsə, ilk öncə rüblük maliyyə göstəricilərini açıqlamayan, kapitalın necə idarə edilməsi haqqında məlumat yerləşdirməyən sözügedən maliyyə təşkilatlarına güvənməməlidirlər. Çünki banklar tərəfindən bu göstəriciləri açıqlamaq həm qanun qarşısında, həm də müştəri qarşısında borcludur. Öz borcunu dərk etməyən bank müştərilərinə də məsuliyyətsiz yanaşar. Belə olan halda vətəndaş pulunu maliyyə göstəricilərini gizlədən banka nə üçün etibar edə bilər?

Bəzi bankların maliyyə hesabatlarından əldə etdiyimiz məlumata görə, ilin əvvəli ilə müqayisədə iki rübdə problemli kreditlərin həcmi kəskin artıb. Hətta bəzi banklarda belə borclarda artım 2 dəfəyə yaxındır. 

Kredit faizlərinə gəlincə, AMB-nin təlimatlarına əməl edərək istehlak kreditləri maksimum 29, biznes kreditlərini isə 25 faizə qədər endiriblər. Əlbəttə, ötən illə müqayisədə bahalaşsa da, bu ilin ilk beş ayında nisbətən ucuzlaşma baş verib.   

- Beləliklə, "AccessBank" iyulun 1-dən etibarən özünün istehlak kreditləri üzrə tutulan komissiya haqlarını endirərək kredit məbləğinin 1 faizi səviyyəsində müəyyən edib. Mikro və istehlak kreditləri üzrə faiz dərəcələrini orta hesabla 5 faiz aşağı salaraq, faktiki illik faiz dərəcələrini (FİFD) əhəmiyyətli şəkildə azaldıb. Bankın mikro kreditlər üzrə faiz dərəcələri 20-25 faiz təşkil edir. 

Bankda vaxtı keçmiş kreditlərin həcmi 2.8 dəfə artıb. Bu ilin birinci yarısına dair maliyyə göstəricilərinə görə, problemli kreditlərin  məbləği 21 milyon 660 min manat təşkil edib. Onun ümumi kredit portfelindəki payı 2,3 faizdir. Halbuki 2014-cü il üçün bu rəqəm 7,5 milyon manat olub. Portfeldəki payın cəmi 0.92 faiz…

- "AGBank"ın yanvarın 31-nə olan məlumatına görə, problemli kreditlərinin həcmi 55,6 milyon manat olub. 2014-cü il dekabrın 31-də isə vaxtı keçmiş borcu 49,1 milyon manat təşkil edirdi. Bank bu ilin rüblük hesabatlarını tam təqdim etmədiyinə görə, vaxtı keçmiş kreditlərinin durumunu tam təhlil etmək mümkün deyil.

Sözügedən maliyyə təşkilatının saytında yer alan elana görə istehlak kreditlərin üzrə faktiki illik faiz dərəcələri  maksimum 29 faiz təşkil edir. Komisyon tutulmaları isə 1 faizə salınıb.

- "Azərbaycan Sənaye Bankı"nın cari ilin birinci yarısına aid məlumatında vaxtı keçmiş kreditlərin həcmi 6,5 milyon manat göstərilir ki, bu da ümumi kredit portfelinin 4 faizinə bərabərdir.  Ötən ilin sonunda isə bu rəqəm  6,1 milyon manat olub. (Kredit portfelində xüsusi çəkisi 3.6 faiz təşkil edib). 

İstehlak kreditlərinə gəlincə, növündən asılı olaraq  FİFD 21-27 faiz təşkil edir. Biznes kreditləri isə 18-27 faiz arasında dəyişir. 

- "Bank Of Baku"nun ilin ikinci yarısında vaxtı keçmiş kreditlərinin həcmi 83 milyon manata yüksəlib. Halbuki 2014-cü ilin sonuna görə bu rəqəm 47,8 milyon manat idi. Ən çox kənd təsərrüfatı sektoruna və fiziki şəxslərə verilən kreditlərin qaytarılmasında problem yaşanır. 

Kredit faizləri isə 27.9 faizə qədər düşüb. Biznes kreditlərində faiz dərəcələri 22-25 faiz arasında dəyişir.

- "VTBank"ın bu ilin birinci rübünün göstəricilərinə görə vaxtı keçmiş kreditlərinin ümumi məbləği 41.1 milyon manat təşkil edib ki, bununla portfeldəki xüsusi çəkisi 11.9 faizə qədər yüksəlib. Belə ki, ötən ilin sonunda problemli kreditlərin həcmi 21.2 milyon manat (7.6 faiz)idi.  

- "Expressbank"ın bu ilin birinci rübünə dair maliyyə açıqlamasına görə qaytarılmayan borclarının (kreditlər və lizinqlər) həcmi 3 dəfəyədək artaraq 7.3 milyon manata yüksəlib. Onun bölgüsünə gəlincə, istehlak və biznes kreditləri demək olar ki, bərabərlik təşkil edir. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 3.4 milyon manat borc geri qaytarılmayıbsa, fiziki şəxslər tərəfindən qaytarılmayan kreditlərin həcmi 3.4 milyon manat olub. 

Qeyd edək ki, ötən il bankın vaxtı keçmiş kreditlərinin həcmi 2.6 milyon manat təşkil edib. Ən sürətli artım isə biznes kreditlərində özünü göstərir. Həmin vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin qaytarılmayan borcu cəmi 119 min manat olub. 

Bankın istehlak kreditlərində müəyyənləşdirdiyi FİFD maksimum 28.9 faizə kimidir. Biznes kreditləri isə 25 faizdir.

- "MuğanBank"da ilin birinci yarısında vaxtı keçmiş kreditlərinin həcmi 19.8 milyon manat təşkil edib ki, kredit portfelindəki həcmi 5.9 faiz olub. Ötən ilin sonunda bu maliyyə göstəricisi 15.7 milyon manat (5,4 faiz) təşkil edirdi. 

- "NBC Bank"ın da problemli kreditlərində artım var. Belə ki, ötən il 6 milyon manat olubsa, bu ilin birinci rübündə 7 milyon manat təşkil edib. 

-"Paşa Bank"ın problemli kreditləri sürətlə artıb. Belə ki 30 iyun 2015-ci il tarixli məlumatına görə vaxtı keçmiş kreditrlərin həcmi 139.1 milyon manat (21.6 faiz) təşkil edib. Halbuki, ötən il dekabrın 31-nə olan statistikada bu rəqəm 34,2 milyon manat (6.3 faiz) olub.

-"UniBank"da isə problemli kreditlərin həcmi ötən il 45.4 milyon manat təşkil edirdisə, bu ilin  yanvar-mart aylarında 52.7 milyon manata qədər yüksəlib. 

Kreditlərin faktiki illik faiz dərəcələrinə gəlincə, 25-27 faiz arasında dəyişir …