Bankomatları yarmaqda ittiham olunan polis hakim qarşısında

bankomatlari-yarmaqda-ittiham-olunan-polis-hakim-qarsisinda
Oxunma sayı: 1182

Bakı Ağır Cinayətlər Məhkəməsində bankomatları yararaq pulu oğurlamaqda təqsirləndirilən polis əməkdaşı Xəyal Rüstəmov, dəstənin digər üzvləri Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

X.Rüstəmov Beylaqan rayon Polis şöbəsinin əməkdaşı olub və hadisədən öncə Binəqədi rayonuna ezam edilib.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses mayın 31-də davam ediriləcək. 

Qeyd edək ki, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb. Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edib. Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb. Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdikləri və pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiririblər.

Murad Əhməd