BANM ATKINS şirkəti ilə əməkdaşlıq edəcək

BANM ATKINS şirkəti ilə əməkdaşlıq edəcək
Oxunma sayı: 9

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin rəhbərliyi, Böyük Britaniyanın ATKINS şirkətinin və Birləşmiş Krallığın Azərbaycandakı səfirliyinin nümayəndələri arasında görüş keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd və səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, BANM-in rektoru Elmar Qasımov bildirib ki, BANM-in yaradılmasında əsas məqsəd, istər Azərbaycanda, istərsə də xaricdə fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən SOCAR üçün beynəlxalq standartlara cavab verən ingilisdilli kadrların hazırlanması olub. Bu istiqamətdə Ali Məktəb Azərbaycanda fəaliyyət göstərən əksər şirkətlərlə yaxın əməkdaşlıq edir.  

ATKINS şirkətinin Azərbaycan filialının baş direktoru Ceyms Todd öz çıxışında qeyd edib ki, onlar BANM-lə daha yaxından tanış olub tələbələrin praktik baxımdan inkişafına və gələcək məzunların karyera imkanları ilə təmin olunmasına töhfə vermək niyyətindədir. 

Səfirliyin Enerji, ticarət və investisiya şöbəsinin rəhbəri Stivin Smit səfirliyin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıqda maraq göstərdiyini və bu sahədə fəal çalışdığını vurğuladı. O, BANM-lə Böyük Britaniyanın Heriot-Vatt Universiteti, eləcə də BP və digər bir sıra şirkətlər arasında əlaqələrin mövcudluğundan məmnunluq duyduğunu və bu əlaqələrin daha da genişləndirilməsində səfirlik olaraq hərtərəfli dəstək göstərəcəklərini qeyd edib.

Sonda BANM-lə ATKİNS şirkəti arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması barədə razılıq əldə olunub.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi