Aparatlar qarşısındakı “baş”lar - Həkim qurbanları VII

aparatlar-qarsisindaki-baslar-hekim-qurbanlari-vii-
Oxunma sayı: 825

Xəstələnmək xüsusiyyətini yaradan canlılara uyğun bir hal kimi görüb, yəni insanın xəstələnməyi normal işdir. Amma biz hazırda elə bir vəziyyətdəyik ki, hər kəs xəstələnmək qorxusu ilə yaşayır, ən sadə xəstəliyi faciə ilə qarşılayır. Ardınca yaxşı həkim axtarışına çıxır, əgər vaxtında diləyi, arzusuna çatırsa ucuz qurtulur. Əks halda həmin o yaxşıya qovuşmaq üçün vaxt keçir, ciddi xəstəliyi bir az da üstələyir, heç yaxşısı da onun dadına çatmır .

Tibdə funksional diaqnostika deyilən sahə var. Bu müxtəlif tibbi aparatlarla insanların daxili orqanlarındakı vəziyyəti daha da dəqiqləşdirmək məqsədiylə aparılır .Təəssüf ki ,bu sahədə də bizdə mütəxəssislər azlıq təşkil edir. Bəzən dövlət, eləcə də özəl xəstəxanalarda ən geniş yayılan ultrasəs diaqnostikasında xəstələrin müayinəsi düzgün aparılmır, bəzən falabənzər diaqnozlar qoyulur ,elə həkimlər də var ki ,bu işi tibbin vacib sahəsi kimi görmür ,özünə əsl bazar açır. Bu barədə belə bir deyim də var: “Filankəs pul kreditə götürüb özünə ultrasəs müayinəsi aparatı alıb, indi də həmin pulu çıxarmaq yolunda çalışır”. Bu insan mütəxəssis deyilsə ,vay o xəstələrin gününə. Xüsusən analığa namizədlər sağlamlıqdan çox ,şəxsi maraqları üçün bu xidmətdən istifadə edirlər. Elə hamilə qadınlar var ki ,gözlədiyi övladının oğlan ya qız olmasını müəyyən etmək üçün(baxmayaraq bu qadağa olunub) ultrasəs mütəxəssisinin (yanıla da bilər) arzuolunmaz xəbəri, bir sözü ilə abort yolu ilə övladından azad ola bilər .Cəhalətdən xəbər verən bu xüsusiyyət də yalnız bizdədir.

Məleykə (29 yaş - 1 uşaq anası) də ikinci hamiləliyini ginekoloqu, məsuliyyətsiz ultrasəs müayinəsi üzrə həkim, özü də bir neçə naşı həkim ucbatından sona çatdıra bilməyib. Xatırladıqca aldadılaraq dünyaya gəlməyən 5 aylıq körpəsi üçün təəssüf hissi keçirir.
Hamiləliyinin 2-ci ayından (8 ay əvvəl) yaşadığı Mərdəkan qəsəbəsindəki qadın poliklinikasında qeydiyyata düşür. Nəzarətində olduğu həkim –ginekoloqun tövsiyələrinə əsasən hərəkət edir. Həkiminin yaşlı olduğunu deyən Məleykə onun artıq peşəsinə də “yorğun” yanaşdığını, pasiyentlərlə daha məsuliyyətsiz davrandığını bildirir. Elə o bu səbəbdən ultrasəs müayinəsində qeyd olunanları analiz etmədən dərmanlar yazmaqla kifayətlənirdi. İlk vaxtlar külli miqdarda dərmanlarla pasiyentini yükləyən həkim(adını vermək istəməzdim, bu xanım artıq 65-ni haqlamış pensiyaçıdı) xəstəsinin şikayətlərinə də məhəl qoymazdı. İkinci dəfə ana olacaq Məleykənin isə təcrübəsi olduğundan onu bir çox məsələ narahat edirdi. Ən əvvəl bir gündə çoxlu həb qəbul etmək məcburiyyətində qalan qadın vəziyyətində irəliləyiş hiss etmirdi. Elə ilk ultrasəs müayinəsindəki həkimin də dediklərindən şübhələnirdi. Onun bu narahatlığı, həkimə inamsızlığı şəhərin tanınmış özəl klinikalarına üz tutmağa vadar etdi. Eyni vaxta iki klinikanın ultrasəs müayinəsi(USM) xidmətindən istifadə etdi. Bunun səbəbini soruşanda, keçmiş pasiyent bildirir ki “inamsızlığım ucbatından istədim ki bilim eyni sözü deyirlər.” “Amma hər iki USM həkimləri bətnimdəki uşağın vəziyyəti barədə bir-birinə bənzər fikirləri, diaqnozları(yazılı şəkildə) dedi. Yəni ananın hamiləliyi normal gedir, bətnindəki uşağın vəziyyəti, sağlamlığında heç bir problem yoxdur. Bundan sonra bir qədər sakitləşdim.” Artıq hamiləliyinin 5-ci ayında olan Məleykəni (qeyd etdiyim kimi təcrübəli olduğundan) indi də bətnindəki dölün hərəkətsizliyi narahat edir. Sumqayıtda yaşayan yaxınlarının təkidi ilə buradakı dövlət xəstəxanalarının birində yaxşı mənada adı çıxmış ultrasəs mütəxəssisinin yanına gedir. Onu müayinə edən həkim “bu vaxta qədər bu uşağı niyə saxlamısan ,uşaq normal deyil, inkişafdan qalıb” deyir. Gənc ana şübhələrinin doğru olmasına çox təəssüflənir. Həkim onu təcili uşaqdan azad olmağı məsləhət görür ,əks halda bir az da keçsə artıq onun sağlamlığının da təhlükədə olacağını bildirir. Məleykə çarəsiz qalır, 5-ci ayına qədər gətirdiyi uşağından azad olmaq üçün Bakının 1 saylı şəhər Klinik Xəstəxanasına üz tutur. Psixoloji, həm də fiziki cəhətdən yorulmuş pasiyent bütün çətinliklərə baxmayaraq süni doğuş yolu ilə uşaqdan azad olur. Buradakı həkimlər doğulan uşağın, ciftin vəziyyətinin doğrudan da pis olduğunun şahidi olurlar. Bir az da geciksəydi Məleykənin özü üçün fəsadlar yarana bilərmiş.

İndi bu gənc ana növbəti dəfə dünyaya uşaq gətirmək qorxusuyla yaşayır. Bu mənəvi gücün yaranması üçün ona xeyli vaxt gərəkdir. Amma özünün “yara”sı sağalsa da, gələcəkdə həkimə inamının bərpa olacağına bir az ümid etmir. Amma doğrudan da yaxşı həkim mütəxəssislərimiz var, sadəcə onları əvvəldə də dediyim kimi axtarıb tapmaq lazımdır. Həkimdən həkimin yerini soruşmaq olmaz, ən yaxşısı başı çəkmiş xəstədən bunu etmək məsləhətdir. Çünki bizdə bir həkimin həkim-mütəxəssisə xəstə göndərmək xasiyyəti dəb deyil.

P.S Bugünkü reallığımızın alqışları da dəyişib. İndi səmimi alqış edəndə “işdi xəstələnsən Allah rastına yaxşı həkim çıxarsın” deyirlər. Allah yaxşı həkimləri saxlasın ki, onlar da bizi sağaltsın!

Raminə Eyvazqızı