Aqil Abbas yenə coşdu

aqil-abbas-yene-cosdu
Oxunma sayı: 822

Millət vəkili Aqil Abbas “Qarabağ”ın sabah Belçika “Brügge”si ilə oyununun canlı yayımla nümayiş etdirilməməsinə etiraz edib.

“Bu yaxınlarda mətbuatda oxudum. Yerli telekanallarımız oyunu ona görə yayımlaya bilmirlər ki, Belçika kanalları bu oyunu göstərmir. Yəni onlar üçün bu görüş o qədər də maraqlı deyil. Əgər onlar Avropa Liqasında oynayan komandalarına qarşı laqeyddirlərsə, bu belçikalıların öz işidir. Amma ola bilməz ki, bizim hər hansı bir kanal həmin oyunu alıb, yayımlaya bilməsin” – deyə Aqil Abbas Qol.Az-ın müxbir ilə söhbətində bildirib.

Aqil Abbasın fikrincə, telekanallarla yanaşı, “Qarabağ” klubunun rəhbərliyi də oyunun canlı yayımlanmasına çalışmalıdır: “Bu elə də böyük problem deyil. Sadəcə bir az pul tələb olunur. Bu məbləğ də telekanallarımız üçün “semiçka” puludur. Bu yaxınlarda məsələ ilə bağlı öz iradımı bildirmişdim. Digər klublarımızın oyunları canlı yayımlandı, ancaq “Qarabağ”ın görüşləri yox. Mən də dedim ki, niyə “Qarabağ”ın oyunlarını vermirsiniz. Bu da hamısının xətrinə dəyib. Mən də dedim ki, biz yetimik, ona görə yayımlamırsınız. Ancaq mənim də bir iradım var ki, bunu telekanallar etmirsə, klubun özü etməlidir. Onların 40 min avrosu yoxdur? Bu pula isirahət məkanında 10-15 yoldaş ürəyin istəyən kimi yeyib-içər. Yaxud da bir sünnət toyunun puludur. “Qarabağ” kasıb komanda deyil. Rəhbərlik ən azından öz azarkeşlərinin, komandanı sevənlərin xətrinə həmin oyunun yayım hüququnu ala bilər”.

Oyunun canlı yayımlanmamasını utancverici hadisə hesab edən Milli Məclisin deputatı “Qarabağ”ın futbolçularına və baş məşqçisinə məsləhət də verib:
“Buna çox pis baxıram. “Qarabağ”ın oyununun yayımlanmaması çox utandırıcı bir hadisədir. Ona görə də mən deyirəm ki, “Qarabağ” sponsorun, telekanalların acığına qalib gələcək. Bundan sonra isə mən “Qarabağ”ın futbolçuları və baş məşqçisinin yerinə olsam, heç bir telekanala evdəki oyunu yayımlamağa icazə verməzdim. Ya da yayımlamaq istəyən kanaldan 1 milyon pul istəyərəm”.

Sonda isə Ağdam klubunun kapitanı Rəşad Sadiqovun qardaşının ölüm xəbərindən sonra komandada yaranan psixoloji vəziyyətə münasibət bildirən Aqil Abbas dünyasını dəyişən Səbuhinin ruhunu şad etmək üçün futbolçuların qələbə qazanmalarının vacibliyini vurğulayıb:
“Bu xəbəri bir az bundan əvvəl eşitdim. Bildiyimə görə, Fövqəladə Hallar Nazirliyində işləyirdi. Çox pis oldum. Amma “Qarabağ” futbolçuları öz kapitanlarının qardaşı olan o cavan, həyatdan vaxtsız getmiş oğlanın ruhunu sevindirmək üçün özlərini toparlamalı və onun üçün oynamalıdırlar. Mən onlara ancaq bunu məsləhət görürəm”.