Aqil Abbasdan laçınlılara böyük jest - Foto

aqil-abbasdan-lacinlilara-boyuk-jest-foto
Oxunma sayı: 680






Təxminən bir ay əvvəl Laçın camaatının məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində xalq qəhrəmanı Sultan bəy Sultanovun anım mərasimi keçirilib. Anım mərasimində iştirak edənlərdən biri də millət vəkili Aqil Abbas olub. O, çıxışında laçınlara söz verib ki, Sultan bəy Sultanovun Qarsda olan məzarını tapacaq və öz hesabına məzarın qəbirüstü abidəsini götürəcək.

Bu gün “Qafqazinfo”ya zəng edən Aqil Abbas bildirib ki, laçınlılara verdiyi sözü tutduğunu deyib. Hazırda Qarsda olan millət vəkili Sultan bəy Sultanovun Qarsın Köçqoy kəndinə yerləşən məzarını tapıb və ziyarət edib.

O, deyib ki, qəbirüstü abidənin götürülməsi üçün Azərbaycanın Qarsdakı Baş Konsulluğu və Türkiyənin rəsmi qurumlar ilə danışıqlar aparılır: “Sultan bəyin qəbirüstü abidəsini özbaşına bərpa etmək olmaz. Bu protokola daxildir. Gərək dövlətin razılığı ola” .

Millət vəkili söyləyib ki, S. Sultanovun məzarının yerləşdiyi qəbiristanlıqda olan məzarların əksəriyyətinin üzərində Laçın adı yazılıb və bu hadisə ona çox təsir edib.

A. Abbas bu jesti Sultan bəy Sultanovun Qarsdakı qohumlarını da sevindirib.

Qarsda Azərbaycan konsulluğunun böyük işlər gördüyünü söyləyən millət vəkili bildirib ki, “SOCAR” orda möhtəşəm bir lisey tikdirib: “Heç Qarsda belə bir universitet binası yoxdur”.

“Qafqazinfo” Sultan bəyin maraqlı tərcümeyi-halından da bir parçanı oxuculara təqdim edir.

Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (Hazırda Laçın rayonunun Kürdhacı kəndi) doğulub. Paşa bəyin oğlu olub. Sultan bəyin milli qəhrəmana çevrilməsi 1905-ci il erməni-müsəlman hadisələri ilə bağlıdır. Müsəlman dəstələrdən birinə Sultan bəyin atası Əlipaşa bəy başçılıq edirdi, onun isə ən yaxın yardımçısı böyük oğlu Sultan bəy idi.

Sultan bəyin fəaliyyətinin ikinci hissəsi 1918-ci il olayları ilə bağlıdır. 1918-ci ildən başlayan erməni-müsəlman müharibəsində Sultan bəyin başçılıq etdiyi silahlı milis dəstələrinin bölgədəki müsəlman kəndlərinin mühafizə olunmasında müstəsna xidmətləri olmuş, Zabux dərəsində mühasirəyə alının Andranıkın dəstəsinin əsas hissəsi məhv edilmiş, Qaragöl ətrafında toplanan çoxsaylı erməni silahlıları məğlub edilmiş və onlardan 600 nəfər əsir alınmış, İrana keçmək istəyən yüzlərlə erməni silahlısı Araz çayı yaxınlığında Sahil əməliyyatı ilə məhv edilmiş, Zəngəzurda onlarla kənd erməni silahlılarından təmizlənib.

1920-ci ildən sonra Azərbaycanda Sovet imperiyası öz hakimiyyətini quran zaman Sultan bəy Sovet Hakimiyyətindən qaçaq vəziyyətdə Kürdhacı kəndində "Gorgahat"ın (çox sıx meşəlik) meşəsində, bir yarğana pənah gətirmiş, yarğanda gizlənərmiş. Bir gün onunla qarşılaşarkən onu tanımayan və sonradan tanıyıb üzrxahlıq edən həmkəndlisinə aşağıdakı bayatını söyləyir:

Mən aşiqəm yarqana,
Yar sözünü yar qana.
Dünyaya sığmaz başım,
Sığınıbdır yarğana.


Ermənilərin hiylələri ilə qırmızı Ruslar Sultan bəyə yeni sui-qəsd hazırlayırdılar. Yaranmış vəziyyətin mürəkkəbliyini dərk edən Sultan bəy Azərbaycan İnqilab Komitəsinə müraciət edir. Buradan ümidverici cavab almadığına görə Sultan bəy İran şahına üz tutur. Şah İranda Rusiyanın erməni casuslarının çox və qüvvətli olmasına baxmayaraq Sultan bəyin müraciətini qəbul edir. Sultan bəy qardaşları Xosrov bəy və İsgəndər bəy ilə düşmənlərdən qoruduğu vətəndən xaricə mühacirət etməli olur.
Sovet imperiyasının göndərdiyi xüsusi casuslar İranda at oynadıb meydan sulayır, tez-tez qətllər törədirdilər. Göndərilmiş xüsusi casuslar Sultan bəyin qardaşı İsgəndər bəyi öldürdükdən sonra vəziyyətin pis olduğunu görən İran Şahı təhlükəsiz həyat şəraitini təmin edə bilmədiyi üçün Sultan bəyə Türkiyə dövlətinə müraciət etməyi məsləhət görür. Sultan bəy Türkiyə dövlətinə müraciət etdikdə Türk dövləti 1923-cü ildə hər iki qardaşı – Sultan bəy ilə Xosrov bəyi rəsmi keçidlə qarşılayıb Qars vilayətinin Köçqoy kəndində mülk və malikənə verərək təhlükəsiz həyat şəraiti ilə təmin edir.
Sultan bəy 1955-ci ildə Qars ətrafında, Köçkoy kəndində vəfat etmiş və orada dəfn olunub.

Qeyd edək ki, 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Sultan bəy Sultanovun qardaşı Xosrov bəy Sultanov olmuşdur. Xalq Cümhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökuməti kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub.