Aqil M.Quliyevin şok “ev klip”ləri

aqil-mquliyevin-sok-ev-klipleri-
Oxunma sayı: 750


Adı gizli sevgi həyatı ilə hallanan Azərbaycanın populyar rejissoru Aqil M.Quliyev yenidən gündəmə gəlib. “Qafqazinfo”ya eksklüziv olaraq hüquq-mühafizə orqanlarından bildirilib ki, bir müddət əvvəl ukraynalı sevgilisi tərəfindən polisə verilən rejissor növbəti dəfə də eyni halla üzləşib. Ukraynalı sevgilisini aldadaraq anası ilə birgə yaşadığı Nəsimi rayonu ərazisindəki mənzili əlindən alıb satan Aqil M.Quliyev indi isə kirayə qaldığı evin pullarını verməkdən boyun qaçırıb. Belə ki, o, bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində yerləşən, kürəkəni prokurorluq orqanında işləyən qadının evinə ayı 1000 manata kirayəyə köçüb. Bir müddət kirayə haqqını ödəsə də, sonradan heç bir pul verməyib. Altı ayı kirayə haqqını verməyəndən sonra ev sahibi Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə şikayət edib. Polisə çağırılan Aqil M.Quliyev borclu olduğu pulu sahibinə çatdıracağına dair söz verib. Hazırda onun bu əməli ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Aqil M.Quliyev ukraynalı sevgilisinin evini satandan sonra da onu özü ilə birlikdə kirayə yaşamağa razı salıb. Aqillə bir müddət kirayə yaşayan sevgilisi, hətta hamilə də qalıb. Lakin onların “xoşbəxt” kirayə həyatı çox sürməyib. Aqil M.Quliyev qızı kirayədə ataraq ondan uzaqlaşıb. O vaxt da qadın başına gələnlər və evinin rejissor tərəfindən mənimsənilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edilib. Bu barədə bir neçə ay əvvəl “Qafqazinfo” təfsilatı ilə yazmışdı. Portalımız bu məsələni diqqətdə saxlayacaq və prosesin gedişi haqqında oxuculara məlumat veriləcək.