Aqili “qatil” edənlər

aqili-qatil-edenler-
Oxunma sayı: 657

Aqil Abbas Azərbaycandan, onun ordusundan, ordu daxilində baş verənlərdən, intihar və qətllərdən, cinayətlərin ört-basdır edilməsindən yazıb.
Bu mövzuda məqalə yazanları adətən məhkəməyə verirlər. Amma yazıçı yazmaq istədiyini bədii obraz və süjetlərlə, ədəbi fəndlərlə yazıb.

“Allahı qatil edənlər” detektiv əsərə də bənzəyir, amma detektiv əsər deyil. Baş verən cinayəti törədən şəxsin kimliyi əsərin sonunda bilinsə də, əslində başlıca motiv cinayətin icimai-siyasi motivinin axtarılmasıdır. Yazıçı onların dəqiq ünvanını göstərib.
Bu, elə bir cinayətdir ki, hadisələr inkişaf etdikcə oxucu onu törədən şəxsin tapılmamasını arzu edir. Görünür, qatili axtaran Kriminalist sonda onu tapsa da, işin üstünü açmır və Polkovnikin qanını ona görə batırır ki, həmin Polkovnik neçə-neçə əsgərin qanına, faciəsinə bais olmuşdu.
Romanda heç bir personajın adı yoxdur. Onların boy-buxunu, sifət quruluşları, ailə vəziyyətləri, nəsl-nəcabətləri təsvir olunmayıb. Aqil Abbas bunları etsəydi, yəqin ki, daha irihəcmli bir əsər alınardı. Ancaq o, əsas diqqəti bir hərbi hissədə despot rejimi qurmuş yüksək rütbəli zabitlərə və onların havadarlarının özbaşınalıqlarına yönəldib.
Əsəri oxuduqca adamın gözünün qabağına bir il, iki il öncə Şəmkir korpusunda, Naxçıvan briqadasında baş verən hadisələr gəlir. Həmin hərbi birləşmələrdə də gənc əsgərlər xidmət yoldaşlarını güllələyəndən sonra intihar etmişdilər. Ölənlər ölüb getmiş, onların əzizləri gözüyaşlı qalmışdı, amma bu qədər dəhşətli faciəyə görə yalnız xırda ulduzlu zabitlər cəzalandırılmışdı. Baş verən hadisələrin əsl səbəbkarları isə bir kənarda qalmışdılar.
Aqil Abbasın romanında alay komandiri Polkovnik yuxarıdakı havadarlarının himayəsi ilə hüquqi məsuliyyətdən kənarda qalsa da, oğlu hərbi hissədə qatilə döndərilmiş valideynin qisasından kənarda qala bilmir. Yaralı ana onu izləyir və güllələyir. Ona bu şəraiti yazıçı yaradır. Yazıçı istəyir ki, ana öz qisasını alsın.
Əsərdə yaşlı bir əsgər obrazı da var. Ona Akademik deyirlər. Aspiranturada oxuyan, hüquqşünas olaraq başqalarının haqqını qorumağı planlaşdıran bu gənc hissədə üzləşdiyi haqsızlıqlara dözə bilmir, əsgərlərin qul kimi zabitlərə məxsus tikintilərdə işlədilməsinə, onlara keyfiyyətli yemək verilməməsinə etiraz edir və tez-tez qaupvaxta salınır.

Komandirlər qarşılarına məqsəd qoyurlar ki, bu dikbaş əsgəri ram etsinlər, “sındırsınlar”. Üç əsgər əvvəlcə Akademiki qaupvaxt hücrəsində vəhşicəsinə döyür, amma onun iradəsini qırmaq mümkün olmur. Növbəti dəfə həmin əsgərlər onu kişiliyə yaraşmayan tərzdə təhqir edirlər, üst-başını sidiyə bulayırlar. Və cana doymuş Akademik həmin əsgərləri və onlara fitva verən tabor komandirini güllələyir.
Yazıçı bu əhvalatların heç birini uydurmayıb. Söz yox, əsərdə təxəyyül payı da var, amma bu, barəsində bəhs edilən gerçəkliklərə aid deyil. Hələ güman ki, Aqil Abbas hərbi hissələrdə baş verən bir sıra iyrəncliklərin üstündən bilə-bilə keçib. Yoxsa “Allahı qatil edənlər” bir zamanlar Latın Amerikası ölkələrində fəaliyyət göstərən xunta rejimlərindən bəhs edən əsərlərdən seçilməzdi.
Bəzən bu sayaq əsərləri oxuyanlar onun bir ədəbiyyat nümunəsi olub-olmadığı barədə geniş polemikalara girirlər. Guya ki, bədii əsərlər ərşdən-gürşdən bəhs etməlidir, günümüzdə baş verən hadisələri əks etdirməməlidir. Belə olarsa, guya, bu, publisistika olar.
“Allahı qatil edənlər”in janrını dəqiqləşdirmədən onu demək olar ki, bu, həqiqətlərdən bədii dildə bəhs edən bir əsərdir.
Əsərdə sözü gedən faciələri bizim insanlarımız, doğmalarımız, tanışlarımız yaşayırlar. Əli qələm tutan bütün vicdanlı yazarlar epizodik də olsa cəngəllik qanunları ilə idarə olunan hərbi hissələrdəki vəhşiliklərdən yazıblar və yazırlar. Aqil Abbas həmin yazıların sırasına öz bədii əsərini töhfə edib.
Gün o gün olsun ki, bu cür ürək parçalayan əsərlərin yazılması üçün bu ölkədə material tapılmasın.