Aqşini tanıdığım qədər deyə bilərəm ki...

<b>Aqşini tanıdığım qədər deyə bilərəm ki...</b>
Oxunma sayı: 259

Yaradıcılığına gələndə isə, Aqşin ədəbiyyatda öz layiqli yerini və obyektiv qiymətini hələ indi deyil, illər sonra tapacaqdır, mən buna əminəm. Həmid Herisçşi demişkən, Aqşinin “isdedad adlı sehirli çubuğu” vardır və ona mənim ən böyük arzum odur ki, öz istedad çubuğunu lazımi-lazımsız yerə istifadə etməsin və yaxşı qoruya bilsin. Lakin, hazırda danışmaq istədiyim Aqşin Yenisey yaradıcılığı deyil. Ona görə də çox çərənləmədən keçmək istəyirəm əsas mövzuya.

Bir neçə gün bundan qabaq, Azad Gənclik Təşkilatı Aqşinin iştirakı ilə Azad Fikir Universitetində mühazirə təşkil etmişdi. Doğrusu, mühazirələrə getmək mənim prinsiplərimə uyğun deyil. Hərçənd ki, bir sıra beynəlxalq mühazirələrdə iştirak etmişəm və əsl müasir mühazirənin nə demək olduğunu yaxşı bilirəm və necə keçirmək gərəkdiyinə dair fikirlərim bizim hörmətli mühazirəçilərimizdən tamam fərqlidir. Hərçənd ki, Bakı Dövlət Universitetində bir zülmlə, dişim bağırsağımı kəsə-kəsə, oturub mühazirələrə qulaq asırdım. Aqşin özü demişkən, bu universitetin müəllimləri adamı öz maraqsız və savadsız mülahizələri, yarımçıq istedadları, hazırlıqsız və şablon mühazirələri ilə hövsələdən çıxarırlar. Təbii ki, Aqşinin mühazirəsini həmin müəllimlərinki ilə müqayisə etmək günahdır. Amma oxşar bir cəhət var idi, o da qarşı tərəflə debütə girə bilməmək. Yəni, müəllim deyir, sən eşidirsən, eynən, Aqşin danışır, gənclərdən şikayətlənir, gənclər isə ağzına su alıb oturmuşdular.

Mən oraya gedəndə bir qədər fərqli düşünürdüm. Çünki oradakı iştirakçılar mənim düşüncəmə görə, savadlı, dünyagörüşü açıq olan gənclərdirlər. Və bir neçə dəfə Aqşinlə ədəbi yığıncaqlarda iştirak etdiyim üçün bilirəm ki, Aqşin narazı qaldığı məqamlarda sözünü mütləq deyən biridir. Əslində, onun oxucularından da bunu gözləyirdim, mənsə əksini gördüm və çox təəssüfləndim. Aqşin, sanki, gəncləri balaca uşaq kimi qarşısına qoyub danlayırdı, onlarsa, elə bil, nədənsə çəkinirdilər, heç kim cürət edib öz fikrini bildirmirdi. Mənə elə gəldi ki, gənclər, sadəcə, Aqşinin hansısa suala və ya etiraza sərt cavab verəcəyindən qorxurdular.

Hə, ən əsas şeyi qeyd etməyi unutdum, söhbətin mövzusu “tale və yaradıclıq” idi. Aqşin qısa da olsa, müxtəlif rus, fransız, amerikan yazarlarının yaradıcılığından bəhs elədi. Əvvəlcədən özü də qeyd etdi ki, “mən mühazirə aparmağı və dinləməyi sevən adam deyiləm”. Mühazirədən əvvəl isə oxucularına kitablar payladı. Düzdür, onların içində Aqşin yaradıcılığı ilə ilk dəfə tanış olanlar da var idi. Gənclərdən biri hətta sual-cavab bölümündə Aqşindən “filan yerdə söyüş yazmısınız, mən bu kitabı evə necə aparım?” soruşanda, Aqşin, “bəyənmirsənsə qısa və konkret, kitabı zibilliyə at”, deyə cavab verdi. Aqşin İslamla bağlı bəzi təhqiramiz ifadələr də işlətdi. Mən burada da əminliklə deyə bilərəm ki, o gənclərin içində heç olmasa bir nəfər də olsun İslam dinindən olan var idi, amma heç kim Aqşinə “qaşın üstə qara var” demədi. Amma üzlərdəki ifadədən hiss etmək olurdu ki, söhbətin bir çox məqamlarından narazı qalanlar var idi. Hətta bəzilərinin fikrindən “bir də Aqşin adlı yazarın mühazirəsinə gəlmərəm” deyə fikir də keçməmiş deyildir.
Elm və yaradıcılıq sahəsindəki bütün mübahisələr öz çərçivəsini aşmamaq şərtilə məqbuldur. Aqşin mühazirəyə başlar-başlamaz “mənim hər hansı bir şeirimə narazılığını bildirmək istəyən gəncin gərək buna elmi və dünyagörüşü cəhətdən istedadı çatsın, əks halda, getsin işinin dalıyca, mən də ona elə cavab verərəm ki, ağzı açıla qalar” deməsi gəncləri bir qədər qorxutdu, deyəsən. Nə bilim, mən Aqşini tanıdığım qədər deyə bilərəm ki, əslində, Aqşin həqiqətən, haqqın tərəfdarıdır. Və bir şeyi də dəqiq bilirəm ki, bu ifadələri o, bəzi oxucuların yersiz ittihamları ilə tez-tez qarşılaşdığına görə, onların lap şəxsi həyata qədər gəlib soxulduqları üçün işlətdi.

Aqşin öz hazırcavablığı ilə də hələ uzun illər yaddaşlarda qalacaq. Mənim əsas narahat olduğum məqam Azərbaycan gəncinin danışmaq lazım olan yerdə susması, əksinə, susmaq lazım olan yerdə coşub-çağlamasıdır. Ya da, Aqşin demişkən, Azərbaycan gəncinə çoxlu mütaliə etmək lazımdır. Mühazirənin mühüm cəhəti lazımi informasiyanı ötürmə bilməkdir, debüt və mübahisələrdə isə ən yaxşı istedadı müəyyənləşdirmək mümkün olur. Görsənir, bizim faydalı debütlər təşkil etməmizə çox var. Ona görə də hələ uzun illər onlar deyəcək, biz gənclər ağzımıza su alıb oturacağıq. Yaxud da gənclərin bir çoxu öz etirazlarını növbəti mühazirəyə gəlməməklə bildirəcəklər, başqa çarələri də qalmır. Bu isə yaxşılığa doğru heç nəyi dəyişməyəcək...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi