“Aramızda andını pozanlar var” – Müsahibə

aramizda-andini-pozanlar-var-musahibe
Oxunma sayı: 778

Son illərdə Daxili İşlər Nazirliyinin bütün orqanlarında olduğu kimi, dövlət yol polisində də aparılan islahatlar sistemli və davamlı prosesə çevrilib. Bu strukturda xidməti fəaliyyətin mütəmadi olaraq təkmilləşməsi və modernləşməsi, uğur göstəricilərinin dinamik artımı ictimai gündəmin daim diqqət mərkəzində olur. Çünki əhalinin gündəlik həyatında əhəmiyyətli yer tutan bir qurumda baş verən müsbət dəyişikliklər polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına və möhkəmlənməsinə mühüm töhfədir.

Elə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz ZEYNALOVla söhbətimizdə də bu strukturda aparılan islahatların görünməyən tərəflərini, qazanılan nailiyyətlərlə yanaşı nöqsan və çatışmazlıqların yaranma səbəblərini müzakirə etdik.


- Cənab general, artıq BDYPİ-nin ötən ilki fəaliyyətinin yekunlarına həsr edilən hesabat-müşavirə keçirilib. 2011-ci il üçün əsas nəticələr məlumdur. Siz özünüz ötən dövr üçün rəhbərlik etdiyiniz strukturun fəaliyyətini necə qiymətləndirirsiniz?

- 2011-ci il ümumiyyətlə Azərbaycan üçün uğurlu oldu, tariximizə mühüm əlamətdar məqamlar həkk edildi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əzmlə həyata keçirdiyi milli inkişaf strategiyası öz əməli nəticələrini bütün sahələr üzrə göstərdi. Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünün qeyd olunduğu bir dövrdə respublikamızın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi və təmsilçilərimizin "Eurovizion" mahnı müsabiqəsinin qalibi olmaları hər bir azərbaycanlının milli iftixar mənbəyinə çevrildi. Sosial-iqtisadi tərəqqinin yüksək dinamika ilə davam etməsi, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun yüksəlməsi, aparılan islahatların səmərəli nəticələr verməsi və digər bu kimi müvəffəqiyyətlər sözün həqiqi mənasında, ötən ili son onilliyin ən uğurlu dövrlərindən biri kimi səciyyələndirir.

Qazanılan nailiyyətlər daxili işlər orqanlarının fəaliyyətində də aydın əksini tapıb. Bir müddət öncə Daxili İşlər Nazirliyində ötən ilin yekunlarına həsr edilən kollegiya iclasında cənab nazir, general-polkovnik Ramil Usubovun hesabat çıxışında da bildirildi ki, 2011-ci ildə polis orqanları öz vəzifə səlahiyyətlərini məsuliyyətlə, fədakarlıqla yerinə yetirmiş, ictimai asayiş, insan hüquq və azadlıqları daha etibarlı qorunmuş, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlamışdır. Bu müsbət tendensiya Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti üçün də səciyyəvi olmuş, əsas vəzifəmiz sayılan təhlükəsiz yol hərəkətinin təmini, insanların həyat və sağlamlıqlarının avtomobillərin zərərli təsirlərindən qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Öncə bir məqamı qeyd edim ki, dövlətimiz, eyni zamanda, şəxsən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qayğı və diqqət görən yol polisinin ötən il ərzində maddi-texniki bazasının möhkəmləndirilməsi, sosial müdafiəsinin daha da gücləndirilməsi, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində önəmli addımlar atılmışdır. Möhtərəm Prezidentimizin müvafiq fərmanları ilə yol polisi xidməti əməkdaşlarının aylıq vəzifə maaşları artırılmış, respublikamızın ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və uçota alınması ilə bağlı işlərin "bir pəncərə" prinsipi əsasında həyata keçirilməsinə başlanılmışdır. Ümumiyyətlə, yol hərəkəti təhlükəsizliyinin təmini ilə bağlı 13 qanun, fərman və sərəncam imzalanmışdır. Artıq xidmətimiz "elektron hökumət" dövlət proqramına uyğun qurulmaqdadır. Qayda pozuntularının müasir texniki vasitələrlə aşkarlanması və digər istiqamətlərdə uğurlu islahatlar aparılır. Həmçinin Baş İdarədə mərkəzləşdirilmiş elektron məlumat bazasının yaradılması respublikanın istənilən ərazisindən nəqliyyat vasitələri, onların sahibləri və sürücüləri barədə operativ məlumat almaq imkanı verir.

Yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa təsir göstərən kobud qayda pozuntularının, xüsusən sürət həddinin aşılması, ötmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə edilməsi kimi inzibati xətaların aşkarlanması üçün ötən il Dövlət Yol Polisi bütün qüvvə və vasitələrini fəal şəkildə səfərbər etdi. Eyni zamanda, piyadaların vurulması ilə nəticələnən hadisələrin qarşısının alınması istiqamətində profilaktik tədbirlərimizi gücləndirməklə yanaşı, yol hərəkəti qaydalarını pozan piyadaların inzibati məsuliyyətə cəlb edilmələri davamlı olaraq həyata keçirildi və bu istiqamətdə əhalinin maarifləndirilməsinə xüsusi diqqət yetirdik.

Mən bəzi statistik göstəricilərə də nəzər salmaq istərdim. Belə ki, ötən il ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 892 min 409 yol hərəkəti qayda pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 18 min 233, sürət həddinin aşılması üzrə 100 min 755, ötmə qaydalarının pozulması üzrə 13 min 940 fakt aşkar etmişlər. Hərəkətin təhlükəsizliyinin təmini ilə yanaşı yollarda baş vermiş digər cinayət hallarına qarşı mübarizə sahəsində də mühüm işlər görülüb. Yol polisi əməkdaşları tərəfindən 12 ədəd Kalaşnikov avtomatı, 4 tüfəng, 6 tapança, 1 əl qumbarası, 1429 ədəd müxtəlif çaplı patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib. Polisin digər xidmətləri ilə birgə 36 fakt üzrə 43 kiloqramdan çox narkotik maddə aşkar olunub. 2011-ci il ərzində Baş İdarəyə 181 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan da 168-i tapılıb.

Biz bu göstəricilərə yalnız rəqəm kontekstində baxmayaq. Ən əsası, baş verən hər bir hadisənin aşkar edilməsi və qarşısının alınması prosesinin arxasında əməkdaşlarımızın məsuliyyətli, peşəkar fəaliyyətinin dayandığını nəzərə alaq. Lakin fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların da olduğunu inkar etmirik, onların aradan qaldırılması üçün lazımi işləri prinsipiallıqla həyata keçiririk. Ümumilikdə götürdükdə, ötən ili mən dövlət yol polisi sisitemi üçün uğurlu sayıram. Hesab edirəm ki, hərəkətin təhlükəsizliyinin təmin olunmasında mühüm funksiyalar həyata keçirən şəxsi heyətimiz üzərinə düşən məsul vəzifələrin öhdəsindən layiqincə gəlmiş, xalqa, dövlətə sədaqətlə xidmət etmə məramını doğrultmuşdur.

- Amma ötən il ərzində yol-nəqliyyat hadisələrinin, bu zaman ölən və yaralananların sayının artması faktını da unutmayaq...

- 2008-ci ildən başlayaraq son 3 ildə respublika ərazisində baş vermiş yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayının azalması qeydə alınsa da, son 2011-ci ildə bu göstəricilərdə artım müşahidə olunmuşdur ki, bu da bizi narahat etməyə bilməz. Ötən il respublika ərazisində 2890 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 1016 nəfər həlak olub, 3031 nəfər isə yaralanıb. 2010-cu illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 6,2 faiz (169 fakt), həlak olanların sayı 9,8 faiz (91 nəfər), yaralananların sayı isə 5,6 faiz (160 nəfər) artıb. Bununla yanaşı, 2010-cu illə müqayisədə ölkə ərazisində nəqliyyatın sayının 73 mindən çox artmasını da nəzərə almalıyıq.

Ölkədə baş verə biləcək yol qəzalarının qarşısının alınması tək Baş Dövlət Yol Polisi İdarəsinin deyil, ümumilikdə daxili işlər nazirinin birbaşa nəzarəti altında öyrənilir, araşdırılır, lazımi nəticələr çıxarılır və müvafiq qərarlar qəbul olunur. Amma bu məsələyə yanaşarkən, unutmayaq ki, baş verən yol-nəqliyyat hadisələri və bu zaman ölüm, yaralanma hallarının baş verməsi dövlət yol polisinin fəaliyyəti, yaxud da fəaliyyətsizliyi ilə bağlı deyil. Bəzən, elə KİV-lərdə bu barədə yanlış mülahizələr səslənir.
Yol hərəkətinin təhlükəsizliyinin təbliğinə, yol hərəkəti qaydalarının öyrənilməsinə ibtidai təhsil müəssisələrindən başlayaraq orta məktəblərdə, tələbə auditoriyalarında, müəssisə və təşkilatlarda, iri kollektivlərdə ciddi önəm verilməli, əhalinin bu sahədə maarifləndirilməsinə hamılıqla çalışmalıyıq.

Təhlillərlə müəyyən olunmuşdur ki, 2011-ci il ərzində respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 45 faizi, yəni 1302 fakt nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Göründüyü kimi, birbaşa sürücülərin məsuliyyətsizliyinin nəticəsi olan bu qayda pozuntusu artıq kütləvi hal alıb və hər iki hadisədən birinin törənmə səbəbidir. Yaxud yol-nəqliyyat hadisələrinin 23,2 faizi, yəni 671 fakt ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma səbəbindən baş verir. Bu da olduqca böyük rəqəmdir. Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması faktı bu kimi hadislərin 3 faizini təşkil etsə də, mən bu rəqəmi də əhəmiyyətsiz saymıram. Çünki sərxoş sürücülər tərəfindən törədilmiş 88 yol-nəqliyyat hadisəsi nəticəsində 34 nəfər həlak olmuş, 91 nəfər yaralanmışdır. Digər bir rəqəmə nəzər salaq. Hadisələrin 38,7 faizinini, yəni 1119 faktı piyadaların vurulması təşkil edir. Nəticədə ötən il 392 piyada həlak olub, 803-ü isə yaralanıb. Bu hadisələrin əksərinin baş verməsində sürücülərlə yanaşı piyadaların da təqsiri vardır.

- Bəs bu kimi hallara qarşı mübarizəni necə təşkil edirsiniz?

- Bu problemin aradan qaldırılması istiqamətində həyata keçirdiymiz tədbirlərin digər istiqaməti də elə bu sualın cavabıdır. Müşahidə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə təsir göstərən amillərdən ən əsası avtomobillərin texniki problemlərinin olması, istismara uyğun gəlməmələridir. Bu gün ölkəmizdə 1 milyon 49 mindən artıq avtomobil var. Təkcə ötən il ərzində 73 min 337 avtomobil ilkin qeydiyyata alınıb. Yəni, respublikanın avtomobil parkının sayı dinamik artır. Ancaq təəssüf ki, texniki istismar tələbləri ilə bağlı dünyanın müasir standartlarına uyğun gəlməyən, 15-20 il öncə artıq köhnəlmiş sayılan texniki göstəricilər üzrə istehsal olunan avtomobillər ölkəmizdə çoxluq təşkil edir.

Aparılan araşdırmalar nəticəsində məlum olur ki, bu avtomobillərin texniki xarakteriskasının köhnəlməsi və istismara uyğun olmaması, xüsusən də əyləc sisteminin müasir texniki standartlara cavab verməməsi qəzaların törənməsinə səbəb olur. Həmçinin belə avtomobillərin təhlükəsizlik göstəricilərinin aşağı səviyyədə olması, avtomobildə passiv təhlükəsizliyin qorunması üçün qurğuların, təhlükəsizlik yastıqlarının olmaması, kuzovlarının kövrək metaldan hazırlanması isə qəzaların ölüm və yaralanma halları ilə nəticələnməsinə rəvac verir. Bir məsələni də nəzərinizə çatdırım ki, texniki cəhətdən nasaz və qoruyucu qurğuları olmayan nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisələri zamanı əzilməsi nəticəsində salonda olan insanların xəsarət alma riski texniki cəhətdən saz və qoruyucu qurğuları olan nəqliyyat vasitələrinə nisbətdə dəfələrlə çoxdur.

- Bəlkə Azərbaycanda da belə avtomobillərin istismardan çıxarılması, yaxud da Avropanın əksər ölkələrində olduğu kimi, "VAZ" markalı maşınların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulmasının zamanı çatıb?

- Əslində, Azərbaycanda ölkəyə idxal edilən nəqliyyat vasitələrinə məhdudiyyətlər var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2010-cu il tarixli 45 nömrəli qərarına əsasən 2010-cu ilin iyul ayının 1-dən etibarən avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə AVRO-2 ekoloji normalarının tətbiqi ilə əlaqədar bu normalara uyğun olmayan avtonəqliyyat vasitələrinin ölkə ərazisinə idxalına məhdudiyyət qoyulmuşdur. Bununla yanaşı, sürücülər özləri də nəzərə almalıdırlar ki, ən azından öz həyatlarını qorumaq naminə təhlükəsizlik qaydalarına cavab verən avtomobilləri idarə etməlidirlər. Hesab edirəm ki, özünün və ailəsinin təhlükəsizliyinə hörmət edən hər bir sürücü texniki problemləri olan nəqliyyat vasitələrini idarə etməməlidir.

Digər tərəfdən, onu da vurğulayım ki, bu avtomobillərə adətən öz sahibləri tərəfindən texniki qulluğun göstərilməsi yetərli olmur, onlar çox hallarda texniki baxışdan da simvolik keçməyə çalışırlar. Bu problemi aradan qaldırmaq üçün müvafiq tədbirlər görmüşük. Artıq avtomobillərə texniki baxış proseduru regional qaydada mərkəzləşdirilib. Bu ildən etibarən qanunverciliyin tələblərinə uyğun olaraq texniki baxış yalnız tam şəkildə müvafiq şərait yaradılmış xüsusi məntəqələrdə keçirilir. Bu, nəqliyyat vasitələrinin nasaz vəziyyətdə istismar olunması hallarının qarşısının alınmasına xidmət edir və şəffaflığın təmin olunmasına, neqativ halların aradan qalxmasına şərait yaradır. Qeyd edim ki, ötən il Bakı şəhərində avtomobillərin texniki vəziyyətinə nəzarətin artırılması, texniki baxışın keyfiyyətinin yüksəldilməsi məqsədilə 15 cərgəlik ən müasir tələblərə cavab verən yeni diaqnostika stansiyası da istifadəyə verilib.
Yol-nəqliyyat hadisələrinin azaldılması istiqamətində sürücülərin məsuliyyət hissini artırmaq üçün apardığımız tədbirlərdən biri də onlara qarşı inzibati cəzaların sərtləşdirilməsidir.

- Cənab general, elə sürücülərin də əsas narazılıqlarından biri məhz bu məsələdir...

- Mən sizin fikrinizlə razı deyiləm! Bu tədbirlər sürücülərin deyil, yalnız və yalnız yol hərəkəti qaydalarını pozmağa adət etmiş, hərəkətin təhlükəsizliyinə ciddi maneə yaratmağı normal sayan qayda pozucularının narazılığına səbəb ola bilər. Əgər sürücü avtomobili normal idarə edirsə və qanunlara riayət etmək mədəniyyətinə sahibdirsə, onun inzibati cəza və cərimələrdən nə narahatçılığı ola bilər ki? Gəlin bu məsələyə sadə məntiqlə yanaşaq: cərimələr kimlərə tətbiq olunur? Ancaq qayda pozanlara. Demək, problem cərimələrin məbləğinin artırılmasında deyil, bundan nəticə çıxarmaq istəməyən şəxslərdədir.

Dünya praktikasına diqqət yetirsək görərik ki, bu cəzalar müasir dövrdə hər bir dövlətdə sərtləşdirilir. Bəzi sürücülər şikayət edir ki, əməkhaqqımız yüksək deyil, amma cərimələr yüksəkdir. Bu narazılıq da əsassız və subyektivdir. Çünki bu cəzaları tətbiq edirik ki, yollarda nizam-intizam olsun, insanlar evlərinə sağ-salamat gedib çata bilsinlər. Heç bir günahı olmayan insanlar məsuliyyətsiz sürücülərin laqeyd münasibətindən həyatları ilə vidalaşmalı olurlar. Bizim üçün ən əhəmiyyətli məsələ budur. Yəni, cəzaların ağırlaşdırılması labüddür və birbaşa sadə vətəndaşlarımızın, elə sürücülərin özlərinin də mənafeyinə uyğundur. İnsanlar bu qaydalara olduğu kimi riayət etsələr, heç bu inzibati tənbeh tədbirlərinə də ehtiyac qalmaz.

Bəzi sürücülərin narazılıqlarından biri də yollarda radarların, videokameraların çoxluğu ilə bağlıdır. Əgər ölkədə qəzaların baş vermə səbəblərinin yarısını sürət həddini aşma, dörddə birini isə ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma halları təşkil edirsə, deməli, hərəkətə nəzarət vasitələrimiz kəmiyyət baxımından hələ daha da artmalı, miqyasca isə genişlənməlidir.

- Dövlət yol polisinin fəaliyyəti ilə bağlı ictimaiyyətin münasibətini öyrənirsinizmi?

- İctimaiyyətin rəyi ümumilikdə Daxili İşlər Nazirliyi tərəfindən mütəmadi aparılan sosioloji sorğular, monitorinqlər vasitəsilə öyrənilir. Bizim sahəyə də aid olan məsələlər barədə ictimaiyyətin münasibəti dəqiqləşdirilir və obyektiv təkliflər, istəklər fəaliyyətimizdə nəzərə alınır. Daxili işlər orqanları, o cümlədən yol polisi strukturu ictimaiyyətlə əməkdaşlığa daim önəm verir. Baş idarəyə daxil olan müraciətlərin təhlil olunmasına, onları doğuran səbəblərin tam və obyektiv araşdırılmasına, vətəndaşların qəbulu məsələsinə daim diqqət yetirilir. Həm əhalinin ərizə, şikayət və təklifləri vasitəsilə rəylərini öyrənirik, həm də keçirdiyimiz qəbullar zamanı birbaşa vətəndaşları narahat edən məqamlardan məlumatlanırıq.

Mən ictimaiyyətlə əməkdaşlıqdan danışarkən daha çox ictimai qınaq məsələsinə toxunmaq istərdim. Məsələn, yol hərəkət qaydalarını pozan sürücülərə, eləcə də keçidlərdən istifadə etməyən piyadalara ictimai qınağın olmamasını mühüm problem sayıram. Sürücü, piyada intizamı bir mədəniyyət məsələsidir ki, bunu biz təbliğat və ictimaiyyətin dəstəyi ilə aşılamalı, onun pozulmasını isə kütləvi şəkildə məzəmmət etməliyik. Təəssüf ki, qayda pozuntusuna görə müvafiq protokol tərtib edən dövlət yol polisi əməkdaşlarının bu vəzifə borcunu yerinə yetirməsinə bəzən elə sürücülərin özləri tərəfindən əsassız, yersiz narazılıqlar ifadə olunur.

Ötən müddət ərzində bilavasitə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığna müvafiq olaraq, hərəkətin təhlükəsizliyinin təbliği məqsədilə kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə əhali arasında geniş izahat işləri aparılıb. Bundan əlavə, əhalinin maarifləndirilməsi məqsədilə qəza hallarının baş verməsinə səbəb olan qayda pozuntularının izahına dair videoanimasiyalar və süjetlər televiziya kanallarında mütəmadi yayımlanıb. Paytaxtın yol ayrıclarında quraşdırılmış videokameralardan istifadə olunmaqla mövcud hərəkət sıxlıqları, qeydə alınmış yol-nəqliyyat hadisələri və qayda pozuntuları barədə əhaliyə gündəlik məlumatlar verilir.

- Bu gün ictimai gündəmin demək olar ki, əsas mövzusunu ölkə miqyasında korrupsiyaya qarşı aparılan mübarizə təşkil edir. Prezident İlham Əliyev də Nazirlər Kabinetinin son iclasında bu məsələ barədə danışarkən vurğulamışdır ki, hər bir dövlət strukturu fəaliyyətində işin səmərəliliyini yüksəltməklə yanaşı vacib məsələ kimi öz daxilində korrupsiyaya qarşı mübarizənin effektvliyini də təmin etməlidir. Dövlət Yol Polisi sistemində bu proses necə gedir?

- Mən bu prosesi daha çox fəaliyyətdə şəffaflığın yaradılması kimi dəyərləndirərdim. Bu məsələ fəaliyyətimzdə əsas istiqamətlərdəndir. Belə faktlar müvafiq qurumlar, əsasən elə Daxili İşlər Nazirliyi, bəzən isə elə ictimaiyyət tərəfindən aşkar olunur və konkret tədbirlər görülür. Ötən il ümumiyyətlə, yol verdikləri nöqsanlara görə 697 əməkdaş cəzalandırılıb, 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş isə tutduğu vəzifədən azad olunub. Bu nəyi göstərir: hələ də aramızda vəzifə andını pozan, xidməti fəaliyyəti ilə bir araya sığmayan əməllər törədən əməkdaşlar var, ən əsası isə onlara qarşı prinsipial mübarizə mövcuddur və belə neqativ hallar hökmən aşkarlanır.
Gördüyümüz tədbirlərdən ən əsası məncə, artıq əməkdaşlarımızın pulla təmasının tam aradan qaldırılmasıdır. Əvvəllər yerində cərimə ödəmə sistemi var idi və yol hərəkəti qaydasını pozan sürücülər yerində cərimələnirdi. Bəzən bu prosesdə əməkdaşlarımız da qanunsuzluğa yol verirdi. Hazırda bunun aradan qaldırılması üçün yeni mexanizm müəyyənləşdirilib. Biz sürücülərin hər hansı bir qayda pozuntusuna görə cərimələnməsini polisin heç bir müdaxiləsi olmadan nəzarət mexanizmi vasitəsilə həyata keçiririk. Artıq sürücülərə protokol yazılır, cəriməni banklarda ödəmək üçün bildiriş verilir. Yaxud, cərimə plastik kartla post-terminal vasitəsilə ödənilir. Artıq belə post-terminalların hər bir yol polisi avtomobilində quraşdırılma prosesi gedir. Bununla yanaşı yollarda quraşdırılan kameralar vasitəsilə hərəkət iştirakçıları ilə yanaşı yol patrul xidməti əməkdaşlarının da hərəkətlərinə nəzarət olunur. Bundan əlavə polislərə xüsusi təlimat keçirilir, onlara hüquqi məsələlər izah edilir.

Ölkə başçısı Dövlət Yol Polisi xidmətinə diqqət və qayğısını əsirgəmir, sosial problemlərin həllini daim nəzarətdə saxlayır. Hesab edirəm ki, müvafiq fərmanla cərimələrdən toplanmış maliyyə vəsaitinin 25 faizinin əməkdaşlarımızın aylıq vəzifə maaşlarına əlavə edilməsi də neqativ hərəkətlərin tamamilə aradan qaldırılmasına imkan yaradacaq.

- Bəs apardığınız islahatların mahiyyətinə gəlincə, bu prosesin gedişində əldə olunan nəticələr Sizin ilkin proqnozlarınıza uyğundurmu?

- Nəzərə alaq ki, daxili işlər orqanlarında, o cümlədən Dövlət Yol Polisində aparılan islahatlar sistemli və davamlı prosesə çevrilib. Yəni, 1994-cü ildən etibarən bu islahatları mərhələli qaydada aparırıq. İslahat bizim üçün yalnız hüquqi aspektdə gedən proses deyil, bunun həm də mənəvi-psixoloji istiqamətini də əhəmiyyətli sayırıq.

Sualınıza gəlincə, hansısa mərhələdə müəyyən problemlər meydana çıxıb. Ümumilikdə götürsək mən iki məqamı problem kimi deyil, sadəcə arzuolunmayan vəziyyətdə olan məsələ kimi dəyərləndirərdim. Bunlar hərəkətin təhlükəsizliyini təmin edən bütün iştirakçıların - polis əməkdaşlarının, sürücülərin, piyadaların - aparılan islahatların tələblərinə sürətli uyğunlaşmaması və cəmiyyətdə bu sahə ilə bağlı maarifləndirmə işinin zəif olmasıdır.

Yəni, bu çatışmazlıqları aradan qaldırmaq yalnız Daxili İşlər Nazirliyinin və onun dövlət yol polisi strukturunun üzərinə düşməməlidir. Unutmayaq ki, bu sahədə aparılan islahatlar həm də ölkəmizdə nəqliyyat infrastrukturunun müasirləşməsi və təkmilləşməsi ilə bağlı həyata keçirilən qloabal miqyaslı proseslə paralel gedir və onlar bir-birini tamamlayır. Bütün islahatları möhtərəm Prezidentimiz şəxsi nəzarətində saxlayır və hər hansı bir çətinlik dövlət rəhbərinin birbaşa dəstəyi və himayəsi ilə aradan qaldırılır. Cənab Prezidentin dəstəyi islahatları daha sürətlə aparmaq üçün bizə əlavə inam, stimul verməklə yanaşı, həm də məsuliyyətimizi də artırır. İnanıram ki, Bakıda dünyanın ən böyük 8 mərkəzindən biri olan Nəqliyyat İntelektual İdarəetmə Mərkəzinin açılışı bu işdə bir çox problemlərin həlli və zəruri yeniliklərin öyrənilməsi üçün vacib mənbə olacaq. Həmçinin respublikada salınan yeni yollar, yol ötürücüləri, piyadaların sərbəst və təhlükəsiz hərəkəti üçün lazımi şəraitin yaradılması və bu kimi digər məqamlar ümumi işimizə böyük töhfədir.

İslahatlara başlayarkən, şübhəsiz ki, nəticəsini də planlaşdırırıq, müəyyən proqnozlarımız olur. İslahatlar indiyədək yüksək səviyyədə həyata keçir və hesab edirəm ki, son nəticələr də elə əvvəldən nəzərdə tutduğumuz kimi olacaq.

- Dövlət Yol Polisi strukturunda aparılan islahatların həm hüquqi, həm də mənəvi-psixoloji istiqamətlərindən danışdınız. Həqiqətən də mühüm işlərdir. Amma oxucularımız üçün maraqlıdır: bəzi postsovet ölkələrində olduğu kimi dövlət yol polisi funksiyasının məhdud kontingentli yeni və mobil strukturda həyata keçirilməsi, yaxud struktur tərkibində hansısa dəyişikliklərin aparılması kimi təkliflərə şəxsən Ramiz Zeynalovun özü necə yanaşır?

- Mən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi kimi rəhbərlik etdiyim strukturun fəaliyyətinin təkmilləşməsi ilə bağlı səslənən bütün təkliflərə hörmətlə və maraqla yanaşıram. Həmçinin belə təkliflərin müəlliflərinə bu məsələyə layqeyd qalmayaraq, fəal vətəndaş təşəbbüsləri ilə çıxış etmələrinə görə təşəkkürümü də bildirərəm. Amma bu təkliflərin nəzərə alınması məsələsi bir qədər mürəkkəbdir. Birinci ona görə ki, belə təkliflər sadəcə, bir ölkənin timsalında götürülmüş nümunə olur və bu nümunəni biz öyrənəndə görürük ki, onlar heç öz dövlətlərində də uğurlu nəticələr verməyib.
Bizim xidmət sahəsi üzrə 18 ildir ki, davamlı və ardıcıl olaraq həyata keçirdiyimiz islahatlar əslində tək postsovet məkanı üçün deyil, dünyanın digər regionlarının dövlətlərinə də nümunə ola biləcək modern və model islahatlardır. Müstəqilliyimizin ilk illərində Azərbaycanda "Yol hərəkəti haqqında" qanun qəbul olundu və Birləşmiş Millətlər Təşkilatının müsbət rəyini aldı. Postsovet məkanında olan ölkələr məhz bu qanunu model olaraq götürdülər, onun tərcüməsi əsasında müvafiq qanunları qəbul etdilər. Digər tərəfdən, biz yol polisi xidmətinin struktur tərkibinin yeniləşməsi və təkmilləşməsi istiqamətində daim lazımi dəyişikliklər aparırıq. Nəzarət və idarəçilik funksiyasında işin daha səmərəli təşkili baxımından köklü islahatlar həyata keçirilib.
Bəzən yollarda əsassız olaraq polis əməkdaşlarının çox olmasından da şikayətlənirlər. Məlumat üçün vurğulayım ki, indiki yol polisi əməkdaşlarının sayı sovet dövründəkindən azdır. Amma avtomobillərin sayı o dövrlə müqayisədə ən azından 3-4 dəfə artıb. Demək, bu yanaşma da tamamilə yanlışdır.

Daxili İşlər Nazirliyində, o cümlədən dövlət yol polisi xidmətində aparılan islahatlar populist xarakterli və eksperiment yönümlü deyil. Biz beynəlxalq təcrübədə ən yaxşı nümunəni öyrənirik. Risklərdən uzaq, çox mərhələli və uzun müddətə hesablanmış islahatlarımız hərəkətin təhlükəsizliyinin təmini kimi ən vacib vəzifəmizin öhdəsindən layiqincə gəlməyə imkan verir. Qeyd edim ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsi ilə sıx qarşılıqlı əlaqələrimiz yol hərəkətinin təhlükəsizliyinin təmini ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi sahəsində islahatların həyata keçirilməsində çox önəmli olmuşdur.

Müsahibənin sonunda sürücülərə müəyyən tövsiyələrimi də bildirmək istərdim. Hər bir sürücü bilməlidir ki, yol hərəkəti qaydalarına əməl etmək ilk növbədə onun öz sağlamlığına xidmət etməklə, təhlükəsizliyi üçün vacib şərtdir. Nəqliyyat vasitəsini idarə edən şəxs unutmamalıdır ki, evdə ailəsi, doğmaları, yaxınları səbirsizliklə onun yolunu gözləyir, özlərini diqqətsizliyin, məsuliyyətsizliyin qurbanı etməsinlər. Qeyd etdiklərimlə yanaşı tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq sükan arxasında olan bütün sürücülərə yollarda diqqətli olmalarını, bir-birlərinə və digər hərəkət iştirakçılarına qarşılıqlı hörmətlə yanaşmalarını və səbirli olmalarını tövsiyə edirəm.

Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"