“Arif Hacılı başqanlığa namizəd olmaqda israrlıdır”

arif-hacili-basqanliga-namized-olmaqda-israrlidir
Oxunma sayı: 637

Yanvarın 9-da 16 saylı Cəzaçəkmə Müəssisəsində məhbus müsavatçı ilə görüşən vəkil Əsabəli Mustafayev “Media forum” saytına belə deyib.
Vəkil qeyd edib ki, Arif Hacılı ilə görüşdə Müsavat Partiyasının martın 3-4-də keçiriləcək qurultayını da müzakirə ediblər: “Arif Hacılı dedi ki, qurultay gününün müəyyənləşdirilməsini alqışlayır və başqanlığa mütləq namizəd olacaq. Eyni zamanda başqanlığa iddialı olan bütün şəxsləri namizədliklərini irəli sürməyə çağırır. Dedi ki, iddialılar istənilən halda namizədliklərini verməlidirlər və seçki alternativ əsasla, rəqabət şəraitində olmalıdır. Arif Hacılı başqan seçkisində qələbə qazanacağına əmindir”.

Əsabəli Mustafayev bildirib ki, yanvarın 9-da 17 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, 2 aprel məhbusu Elnur Məcidli ilə də görüşüb: “Arif Hacılı və Elnur Məcidli cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra ilk dəfə idi görüşürdüm. Ali Məhkəməyə verəcəyimiz kasasiya şikayətini müzakirə etdik. Arif Hacılı saxlanma şəraitindən razıdır, səhhəti də normallaşıb. 16 saylı Cəzaçəkmə Müəssisəsində zəngin kitabxana var, Arif Hacılı orada məşğul olur. Gündəlik qəzetləri də alır. Elnur Məcidlinin də saxlanma şəraiti yaxşıdır”.