Arif Hacılı həbsxanada məqalə yazdı -Mətn

arif-hacili-hebsxanada-meqale-yazdi-metn
Oxunma sayı: 753

Məlum səbəbdən bir neçə aydır qəzetləri çox oxuyuram. Məni heyrətə gətirən və təəccübləndirən ilin əsas hadisələrindən birinə toxunulmamasıdır. Bu il Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 20 illiyidir. Bu günə cəmi 2 ay qalır. Və bu mövzuda hələ heç iki yazı da yoxdur. Aşağıdakı yazı bu boşluğu doldurmaq iddiasında deyil. Sadəcə, bir başlanğıc, bir diqqət çəkmə məqsədi daşıyır və ümid edilir ki, bu mövzuda daha dolğun və səviyyəli yazıların meydana gəlməsinə səbəb olacaq.
***
Xalis formal hüquqi baxımdan çıxış etsək dövlət müstəqilliyinin bərpası haqqında qanunvericilik aktının tarixi 1991-ci ilin 30 avqustudur. Məhz 30 avqust 1991-ci ildə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə” qəbul edib. Həmin bəyannaməni heç cür tarixdən silmək olmaz. Ən azı bu səbəbdən ki, Müstəqillik haqqında Konstitusiya Aktının mətnində həmin bəyannaməyə birbaşa istinad edilir. “Azərbaycan Respublikasının Ali Soveti ... ”Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir".
Bu mənada mən haqqında danışılan bəyannamə ilə Müstəqillik haqqında Konstitusiya Aktının qarşı qarşıya qoyulmasını da doğru saymıram.
Müstəqillik Aktı heç şübhəsiz Azərbaycan dövlət və hüquq tarixinin ən mükəmməl, unikal və mühüm sənədlərindən biridir. (Bu sənəd 18 oktyabr 1991-ci ildə imzalanmış, № 222-XII. kimi qeydə alınıb.) 32 maddədən, 6 hissədən ibarət olan akt təəssüf ki, simvolizə etdiyi tarix kimi haqsız olaraq diqqətdən kənarda qalıb. Hüquqçu alimlərimiz bu sənəd və Azərbaycan Respublikasının Konstitusiyası arasında hüquqi münasibətlər məsələsini az tədqiq ediblər və ya belə tədqiqatlar varsa da, cəmiyyətin hüquq şüurunda lazımi səviyyədə əks olunmayıb. Çoxları izah edə bilmir ki, bu sənəd hazırda qüvvədədir ya yox. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, Konstitusiya Müstəqillik Aktının prinsiplərini əsas tutaraq qəbul edilib. Daha bir maraqlı fakt isə ondan ibarətdir ki, hazırkı konstitusiya qəbul edildikdən sonra da Azərbaycan Respublikasının bağladığı bir sıra beynəlxalq sənədlərdə, məsələn, neft müqavilələrində konstitusiya ilə yanaşı, Müstəqillik Aktına da müstəqil, qüvvədə olan hüquqi mənbə kimi istinad edilir.
Qanunvericilikdə Azərbaycan Respublikasının Azərbaycan Demokratik Respublikasının varisi olması, 1920-ci ilin 28 aprelinin RSFSR-in Azərbaycanı işğalı tarixi olması, siyasi partiyaların siyasi fəaliyyətin əsas ünsürü olması və bir çox prinsiplər ilk olaraq və bəziləri yalnız Müstəqillik Aktında təsbit edilib.

***
28 mayı yüksəltmək istəyənlər, 18 oktyabrı bir vaxt olanın kölgəsi kimi təqdim edənlər var ki, onlar da bir vaxt olanın möhtəşəmliyinə xələl gəlməməsinin tərəfdarları kimi çıxış edirlər. 28 May tariximizin yeni dövrünün ən şərəfli günüdür. İstiqlal günüdür. Müstəqil dövlətçilik günüdür. Millətin dövlət halında var olma günüdür. Belələrini başa düşmək olar. Onlara sadəcə izah etmək lazımdır ki, narahatlıqları əsassızdır.
***
Ancaq 18 oktyabrı diskussiya predmetinə çevirənlərin əksəriyyətinin məkrli siyasi maraqları var. Belələrinin məqsədi həmin müstəqilliyi əldə edənləri inkar etmək və “müstəqillik üçün sən nə etmisən”, sualından yayınmaqdır.
Bunlardan olsa ümumiyyətlə işğal da, bu işğala qarşı mübarizə də, bu mübarizəni aparanlar da olmayıb. Müstəqillik də göydən üç alma kimi düşüb. Və təbii ki, bu almanın üçü də bu nağılı danışanlarındır!
***
18 oktyabrı unutdurmaq üçün onu iş günü olmayan bayramlar sırasından çıxardılar.
Əgər 15 iyunu qeyri iş günü etməsəydilər bəlkə bir izahat tapmaq olardı. 15 iyunu bayram etmək kimi bir əcaib təklifi deputat İbrahim Qafarov vermişdi. Kimdir o? İndi onu kim tanıyır? Yəni təklifi verənin kim olması da təklifin içinin qiymətini müəyyən edən meyarlardan biridir.
Bu adamlar üçün 70 yaşlı bir kişinin dövlətdə ikinci vəzifəyə gəlməsi bir dövlətin müstəqil olmasından daha qiymətli bir bayramdır. Nə qərib bir şey!
Lakin bunlar unudur ki, bu yolla müstəqilliyin, ya da bir vəzifə tutmağın qiymətini yox, özlərinin qiymətini müəyyən ediblər, özləri özlərinin qiymətini veriblər. Nə gözəl!
Həmin vəzifəyə gəlmə olayı da necə olub milyonlar xatırlayır. Prezident Elçibəy çıxış etməsəydi və seçin deməsəydi, seçilmirdi və həmin adam zaldan çıxıb gedirdi.
***
Bunlar kimdir? Biz kimik? Bu sualın tarixi var. 1990- cı il fevralın 10-da Ali Sovetin birinci sessiyasının 3-cü iclas günündə fövqəladə vəziyyətin ləğv edilməsi, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, SSRİ-nin saxlanması barədə referenduma münasibət məsələləri barədə “Müstəqil Azərbaycan” bloku deputatlarının təkliflərini kommunist çoxluq bir-birinin ardınca rədd etdiyi zaman İsa Qəmbər məşhur çıxışlarından birini həmin vaxt qəzetlərin manşetinə düşən aşağıdakı sözlərlə başlamışdı. - “Tez-tez bizdən soruşursunuz, ”siz" kimsiniz, “biz” kimik"? Bu gün siz artıq kim olduğunuzu sübut etdiniz. Siz 70 il bundan öncə Azərbaycanı işğalçılara satmış bir zümrənin xələflərisiniz. Siz öz xələflərinizin yolunu davam etdirərək bu gün də öz vəzifəniz və stolunuz naminə torpağı da, milləti də satmağa hazır olan adamlarsınız". Həqiqətən bunların indi olsa-olsa partiyalarının, fərdlərinin adları dəyişib. Bunlar 10 martda SSRİ-nin saxlanması haqqında referendumun keçirilməsi barədə məsələni gündəliyə çıxarıb lehinə səs verənlərdir!
***
SSRİ-nin saxlanması haqqında 18 mart referendumu ilə bağlı baş verənlər Azərbaycanın istiqlal və müstəqillik tarixinin ən maraqlı və ən şərəfli səhifələrindən biridir. Eyni zamanda müstəmləkə nökərlərinin də ən şərəfsiz hərəkətləri bu referendumla bağlıdır.
1990-cı il dekabrın 24-də SSRİ Xalq Deputatları Qurultayı SSRİ-nin saxlanması barədə referendum haqda qərar qəbul etdi və yalnız bundan üç gün sonra «Referendum haqqında» qanun qəbul edildi. Yeni çağırış Ali Sovetin sessiyasının iclasını ləngidərək artıq vaxtını çoxdan keçirmiş köhnə tərkib Ali Sovetin Rəyasət Heyəti referendumla bağlı bütün təşkilati işləri icra edirdi. 2 fevral 1991-ci ildə Rəyasət Heyəti referenduma münasibət məsələsini yeni çağırış Ali Sovetin gündəliyinə salmaq barədə qərar qəbul etdi və bu məsələ “Müstəqil Azərbaycan” bloku deputatlarının müqavimətinə baxmayaraq sonradan gündəliyə salındı. Lakin referendumun keçirilməsinə cəmi 10 gün qalmış Azərbaycanda hadisələr dramatik xarakter aldı. 6 mart 1991-ci ildə Ali Sovetin sədri Elmira Qafarova məlumat verdi ki, deputatların təklifləri əsasında Ali Sovetin 3 komissiyasına 17 mart referendumuna münasibət bildirmək barədə tapşırıq verilmişdi və hər üç komissiya 17 mart referendumunun Azərbaycanda keçirilməməsi barədə qərar qəbul edib. Odur ki, bu məsələ barədə Ali Sovetin də qərar çıxarmasına ehtiyac var. Məsələ o qədər mürəkkəb idi ki, referendumun keçirilməsi barədə qərarın çıxarılması lehinə prezident Ayaz Mütəllibovun özü məruzə etdi. Mütəllibov yeniləşmiş ittifaqın qorunub saxlanmasının hava və su kimi vacib olduğunda israr etdi və bu çıxışdan sonra dərhal referendumun keçirilməsi lehinə qərar çıxarılaraq təsdiq edildi.
Qərarın əleyhinə cəmi 43 deputat səs verdi və bu 43 deputat tarixə istiqlalçı deputatlar kimi daxil oldu.
Mən iddia etmirəm ki, onların heç də hamısı bu qərarın əleyhinə istiqlal tərəfdarı olduqlarına görə səs verdilər. Orda müxtəlif məqsədlər ola bilərdi və heç şübhəsiz vardı da. Ancaq bu, mahiyyəti dəyişdirmir və mühüm olan bu deyil. Mühüm olan odur ki, həmin 43 deputat tarixə bir qeyd saldılar və o cür də tarixə düşdülər. Bu da bir qismətdir və heç kəsin qismətini yemək olmaz.
Sonra... 14 martda “Müstəqil Azərbaycançılar”ın Milli Məclisin zalında aclıq elan etməsi. Bu məqsədlə dirənişləri. Bütün gecə boyu xüsusi təyinatlıların onları zorla zaldan uzaqlaşdırmaları. Səhəri AXC qərargahında aclığın davam etdirilməsi. Elçibəyin və Nəcəf Nəcəfovun aclığa qoşulmaları. AXC Məclisinin müdafiə müraciəti. Bütün ölkə boyu həmrəylik aclıqları. Ümumrespublika nümayiş, mitinq və tətilləri, faktiki boykot. Referendumda “səs verilən” yeniləşmiş ittifaq müqaviləsi ümumiyyətlə meydana çıxmadı. Azərbaycanda və SSRİ-nin bir sıra respublikalarında xalq iradəsi SSRİ-nin xilasının mümkün olmadığını göstərdi.

***
Əlbəttə ki, “Müstəqil Azərbaycan” bloku rəsmən AXC-nin qrupu deyildi. Lakin faktiki olaraq “Müstəqil Azərbaycan” deputat bloku arxasında möhtəşəm bir xalq hərəkatı və AXC timsalında bu hərəkatın qüdrətli bir təşkilatı və Elçibəy kimi ümummilli lider olmasaydı, etdiklərinin çoxunu edə bilməzdi. Müstəqilliyə milləti AXC aparırdı.
1988-ci ilin yay-payızında yazılan proqram layihəsində SSRİ tərkibində Azərbaycan SSRİ-nin siyasi-iqtisadi və mədəni suverenliyinə nail olmaq, onu hüquqi dövlətə çevirmək AXC-nin siyasi fəaliyyətinin əsas məqsədi kimi bəyan edilirdi.
1989-cu ilin 16 iyulunda AXC təsis konfransında proqrama əlavə kimi səsə qoyularaq təsdiq edilən “Azərbaycan SSRİ-nin dövlət suverenliyi haqqında” qətnamədə bəyan edilirdi ki, Azərbaycan SSRİ- nin dövlət hüquqlarının qaytarılıb onun suveren dövlət statusunun bərpa edilməsi AXC-nin proqram məqsədini təşkil edir. Qətnamədə elan olunurdu ki, yenidənqurma baş tutmayacağı halda AXC Azərbaycanın tam müstəqilliyi uğrunda mübarizəyə başlayacaq.
1990-cı ilin 5 fevral tarixində AXC Məclisinin Ağdaş şəhərində keçirilmiş qeyri - leqal sessiyasında AXC demokratik yolla Azərbaycanın SSRİ tərkibindən çıxmaq xəttini irəli sürdü.
1990-cı il avqustun 24-də qəbul edilmiş AXC-in Ali Sovetə seçkilərə dair seçkiqabağı proqramında Azərbaycanın tam dövlət müstəqilliyinin bərpa edilməsi əsas proqram məqsədi kimi bəyan olundu. Həmin proqram “Demokratik Azərbaycan ” seçki blokunun da platforması kimi təsdiq edildi.
1990-cı ilin dekabrın 27-də AXC-nin müdafiə etdiyi və “Demokratik Azərbaycan” seçki blokundan seçilmiş deputatlar “Müstəqil Azərbaycan” deputat blokunu təsis etdilər. Onlara bir neçə digər deputatlar da qoşuldu.
1991-ci il yanvarın 30-da “Müstəqil Azərbaycan” deputat bloku Azərbaycanın dövlət müstəqilliyinin bərpası" haqqında qanun layihəsini müzakirəyə çıxararaq qəbul etdi.
1991-ci il fevralın 6-da “Müstəqil Azərbaycan” Bloku Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi məsələsini Ali Sovetin sessiyasına təklif etdi...

***
Müstəqilliyin baş memarı əlbəttə ki, Azərbaycan xalqı idi. Müstəqil olmaq Azərbaycan xalqının iradəsi idi. Çünki müstəqillik şüarları, istiqlal ideyası, yalnız bir neçə nəfərin şüarı kimi qalsaydı heç nəyə nail olmaq mümkün olmazdı.
***
Bugünkü hakim zümrəni istiqlaliyyətə və müstəqilliyə bir şey bağlamır. Istiqlaliyyət Boyük Məhəmməd Əmin Rəsulzadə və Müsavat Partiyası, müstəqillik Böyük Elçibəy və Azərbaycan Xalq Cəbhəsi adları ilə simvollaşaraq tarixə keçib.
Bu zümrə “Azərbaycan olmamışdır, Azərbaycan xalqı yoxdur” deyən ermənilər kimi tariximizi oğurlamaq istəyir! Deyirlər ki, müstəqillik bir naxış idi, SSRİ onsuz da dağılacaqdı.
***
SSRİ-nin dağılmasında Qarabağ məsələsinin rolu şübhəsizdir. İndi, məsələn, ermənilər bundan yapışıb özlərini dünyaya xilaskar xalq kimi, SSRİ-ni dağıdan xalq kimi təqdim edirlər .
Lakin bu da bir faktdır ki, SSRİ-ni Azərbaycan xalqının Qarabağ uğrunda böyük müqaviməti bitirdi.
Əgər bu böyük müqavimət olmasaydı Qarabağı sadəcə, Ermənistana verərdilər, hər şey səssiz-küysüz qurtarardı və dünya tarixi necə inkişaf edərdi, bilmək olmaz.
***
İndi bəziləri müqavimətsizlikdən roman yazır. Bu böyük bir yalandır və Azərbaycan xalqına böhtandır. Azərbaycan xalqı vətəni, torpağı, namusu uğrunda döyüşüb. Bu xalq XVIII əsrdən başlayaraq rus-erməni işğal hərəkatına qarşı saysız qurbanlar verib. Cavad xanın, Car Balakən camaatının, Bakı xanının savaşını unutmaq olarmı? 1840-cı illərə qədərki üsyanlarda təkcə Qubada yüz min qurban getdi. Xanlar, hərbi aristokratiya, ruhanilər və onlarla birlikdə müsəlman Azərbaycan türk milləti ölümünə savaşdı. Təkcə Ağdamda 1988- 93-cü illər müharibəsində 5 min şəhid qəbri qaldı. İndi demək olarmı ki, bu millət müqavimətsiz olub.
Əgər bu savaş, bu böyük müqavimət olmasaydı bu gün Bakıda, Qafqazda bir türk, bir azərbaycanlı yaşayardımı?
Və bu gün də bu müqavimət, bu savaş davam edir. Harada oluruqsa olsun, biz bu savaşın səngərindəyik. Böyük müqavimətin böyük hücum günü və böyük zəfəri də olacaq.

Arif HACILI
“Yeni Müsavat”