Arif Hacılının ailəsindən reportaj - Fotosessiya

arif-hacilinin-ailesinden-reportaj-fotosessiya
Oxunma sayı: 805


İl 2003. Aylardan noyabrdır. 15-16 oktyabr hadisələri zamanı həbs edilən Müsavat Partiyası başqanının müavini Arif Hacılının ailəsində həbsdəki Arif bəydən, onun həbsindən, cəmiyyətin buna təpkisindən danışırıq. Müsahibim Arif bəyin həyat yoldaşı Nəzakət xanımdır. Girişdə yazdığım bu ilginc bənzətmənin müəllifi də elə odur. Bu söhbət baş verəndə uşaqlar balaca idi. Nəzakət xanım da, Arif bəy də, lap elə mən özüm də indikindən daha gənc idik. Bunun bir daha təkrarlanmayacağına, tezliklə haqsızlığa son qoyulacağına inamımız qalmışdı. Bəs indi?

Ailə türmə görüşünə hazırdır yenə...

Tarix ironik şəkildə təkrarlanır yenə. Ya da məlum zarafatını edir. Aradan 8 il keçsə də, biz yenə də Hacılılar ailəsində, yenə də Arif bəyin məhbus həyatından danışırıq. Uşaqlar böyüyüb, Arif bəy yaşa dolub, amma həbsin motivi də, ailənin yaşadığı mənəvi sıxıntılar da dəyişməz qalıb. Onlar sanki bu yolu yenə, bir daha, yenidən getməyə məhkum olublar...

Qapının ağzında türməyə gedəcək çantalar düzülüb. Bu gün görüş günüdür. Yenə Arif bəyin sevdiyi təamlar hazırlanıb, oxuyacağı qəzet-kitablar seçilib. Nəzakət xanım bütün məharətini işə salıb yenə. Türməyə göndəriləcək yeməklər hər zamankından daha artıq peşəkarlıqla hazırlanıb. “Mətbəxdə” rubrikasında Arif bəydən götürdüyüm müsahibə yadıma düşür. 3 il əvvəl bu vaxt (söz vaxtına çəkər) elə bu evdə, elə bu kresloda oturub iddia edirdi ki, onun xanımından gözəl yemək bişirən yoxdur. Bunu onun üzünə deməsə də. Məlum iddialılığını yerə qoymadan təbii ki.. “Əgər mən yeməyi yeyəndən sonra heç nə demirəmsə, demək ki, hər şey qaydasındadır...”
Nəzakət xanım da yenə “hər şeyin qaydasında olması” üçün çalışmışdı. Bir azdan ailə üzvləri yığışıb növbəti dəfə Kürdəxanı yoluna düşəcəkdilər. Bayıl həbsxanası, Kürdəxanıdakı cəzaçəkmə müəssisəsi... Bu yollar neçə dəfə ölçülüb, neçə dəfə gedilib-gəlinib, kim bilir...

Nəzakət Hacılı: “Arifə bu ölkədə verilən qiymət zindanlar olub”

“Artıq 4 aydır ki, Arif həbsdədr. Əvvəl 2 ay həbs-qətimkan tədbiri seçilmişdi. Sonra 2 ay da bu cəzanın üzərinə əlavə olundu. Həmin 2 ayda heç bir istintaq işi aparılmadı, amma cəzasını 2 ay artırdılar. Bu, insanın hissləriylə oynamaqdı. Axı Arifin əməlində heç bir cinayət izi yoxdur. O maddəylə ümumiyyətlə, adam həbs olunmur, sadəcə yüngül cərimə oluna bilər”.

Nəzakət xanım həyat yoldaşını bir siyasətçi kimi də xarakterizə edir. “Arif siyasi arenada heç bir səhv buraxmayan siyasətçidir”, deyən müsahibimin sözlərinə görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri özünə mətin, mübariz, əqidəsindən dönməyən bir həyat yolu seçib: “Çox təəssüf ki, Arifə bu ölkədə verilən qiymət zindanlar olur. Tarix belə insanları çox az yetişdirir. Bunları söyləmək təvazökarlıqdan uzaq olsa da, faktdır”.

“Arif müstəqillik aktına imza atanda oğlum dünyaya gəlməmişdi, amma indi o, həbsdədir, oğlumunsa 20 yaşı var...”

Bu yerdə gözü söhbətə diqqətlə qulaq asan 20 yaşlı oğlu Orxana sataşır. Üz cizgiləri dəyişib, böyük oğlan olsa da, mən bu baxışları min baxışın içindən seçərəm. Orxan 8 il əvvəl atasının yoxluğunda necə məzhun, nigaran, təlaşlı baxırdısa, indi də eyni cür baxır. Daha öncə qavramadığı məsuliyyət yükü indi çiyinlərinə daha ağır basır. Nəzakət xanım danışır ki, A.Hacılı Müstəqillik Aktına imza atanda oğlu Orxan hələ dünyaya gəlməmişdi: “İndi Orxanın 20 yaşı var və atası elə bu müstəqillik uğrunda mübarizə apardığı üçün növbəti dəfə həbsdədir. Niyə uşaqlar bizə hər gün dönə-dönə ”bu ölkədən çıxıb gedək" deməlidilər?"

Nəzakət xanım tez-tez hökumət telekanalları, qəzetləri vasitəsilə “hökumət gənclərə çox böyük qayğı göstərir” təbliğatına şahid olduğunu deyir. Müsahibimiz sual edir ki, görəsən, söhbət hansı gənclərdən gedir: “Bunlar təhsil alanlara da qənimdilər. Görün bu gün neçə gənc həbsə salınıb. Axı bunların arzuları, istəkləri nədir deyə maraqlanmaq lazımdır. Özünə yaxın gəncə şərait yaradıb, əks düşərgədə olanı türməyə salıb, gələcəyinə kölgə salmaq nə vaxtdan qayğı adlanır? Hər bir belə hadisə bizim və balalarımızın həyatında ağır və dərin izlər buraxır”.

Müsahibim deyir ki, hakimiyyət onların övladlarına da laqeyd münasibət bəsləyir. Bu, həyatın bütün sferalarında özünü göstərir: “Müxalifətçi övladlarına iş vermirlər. Bəs biz necə dolanmalıyıq? Torpaqlarımızı işğal edənlərlə əl verib, görüşdükləri halda müxalifətə düşmən kimi baxırlar. Bu münasibət heç bir dəftər-kitaba sığmır. Arif Azərbaycanın müstəqil olması üçün 11 gün aclıq edib, mübarizə aparıb. Bu tarixi necə yaddan çıxarmaq olar?”

“2003-cü il seçkilərindən sonra uzun müddət özümüzə gələ bilmədik...”

Nəzakət xanım ötən illərə nəzər salıb deyir ki, bu ölkədə çox böyük acılar yaşayıblar. Həbslər, saxlanmalar, təzyiqlər... “Dəfələrlə evimizdə axtarış olub. 2003-cü il seçkilərindən sonra uzun müddət özümüzə gələ bilmədik. Uşaqlar körpə olanda nə qədər sarsıntı keçirdilər. Təsəvvür edin ki, uşaq gözünü açır, başının üstündə polis. İndi də hərdən uşaqlarla o günləri xatırlayanda deyirəm ki, bizim getdiyimiz yol çətin və uzun olsa da, düz yoldur, şərəflidir. Bir atanın da övladına verəcəyi ən böyük hədiyyə onun təmiz adıdır. Arif bu gün Vətənini, millətini, torpağını sevdiyi üçün girov saxlanılır”.

Bu arada müsahibimdən A.Hacılının səhhəti barədə soruşuram. Nəzakət xanım danışır ki, yenə də təzyiq problemi öz sözünü deyir: “Artıq Arifin 50-yə yaxın yaşı var. Səhhətində də zaman-zaman problemlər özünü göstərir, təzyiqi düşür. Amma deyir, bunu şişirtməyin. Heç xoşlamır ki, kimsə onun səhhətiylə bağlı problemdən danışsın”.

Bu günə qədər ailəsi onunla bir neçə dəfə görüşə bilib. Müsahibim danışır ki, hər dəfə görüşə gedəndə eyni mənzərə yaşanır: “Bizə təbii ki, Arifi orda görmək pis təsir edir. Bu mənzərəyə heç vaxt öyrəşmirik və düzü, öyrəşmək də istəmirik. Ona görə də hər dəfə onu görəndə kövrəlirik. O isə əksinə, həmişə çox tox tutur özünü, bizi görəndə gülür, sevinir. Yəni biz ona ruh yüksəkliyi verməkdənsə, o bizə ruh yüksəkliyi verir”.

“Qayınanam hər qapı açılanda “Arifi buraxdılar?” deyə soruşur”

A.Hacılının xəstə anası üçünsə sonuncu həbs çox ağır izlər buraxıb. Nəzakət xanımın dediyinə görə, yataq xəstəsi olan anası hər qapı açılanda, gəlib-gedəndən “Arifi buraxdılarmı” deyə soruşur: “Bu, artıq neçənci dəfədir ki, təkrarlanır. 81 yaşlı xəstə anasının ömrü hər dəfə Arif türməyə girəndə bir az da azalır, ürəyinə yeni xal düşür. Bir ailənin taleyi ilə bu qədər amansızlıqla oynamaq olar?”

Nəzakət xanım danışır ki, 2 aprel mitinqindən öncə ürəyinə nəsə damıbmış. Hətta həyat yoldaşını “bəlkə bu dəfə getməyəsən” deyə yolundan döndərməyə də çalışıb. Faydası olmayacağını bilə-bilə: “İçimdə bir narahatçılıq vardı. Bunu da Arifə dedim. Qayıtdı ki, heç elə şey olar mən getməyim? Onunçün mitinqə getməmək ağlasığmaz bir şey idi. Mən də bilirdim ki, o bizim sözümüzə baxıb, mitinqə qatılmasa, onda Arif olmayacaq”.

Müsahibim bir neçə gün əvvəl bir hökumət nümayəndəsinin AŞ PA nümayəndələri ilə görüşdə “Azərbaycan dünyada ən sürətli inkişaf ölkəsidir” çıxışını yada saldı: “Sözləriylə əməlləri üst-üstə düşmür. Sürətli inkişaf deyəndə nəyi nəzərdə tuturlar? İnsanların sürətlə həbsini?”

Ötən gün isə Türkiyənin tanınmış ictimai xadimi Cəmil Ünal və onun həyat yoldaşı Nesrin Ünal Hacılılar ailəsinə zəng vurub. Arif bəyin istintaqı, son durumu ilə maraqlanan cütlük narahat olduqlarını bildirib. Ümumiyyətlə, Nəzakət xanım A.Hacılının dostlarının, əqidə yoldaşlarının etibarlı olduqlarını dedi: “Hətta nəinki dostları, heç gözləmədiyimiz adamlar da axtardılar. Dostları isə ən çətin anlarda bizə dəstək oldular. Biz belə günlərimizdə bizə dəstək olanları hər zaman yadımızda saxlayırıq. Pis gün dostlarımız çoxdur”.

“Hakimiyyət Avropa Məhkəməsinin bu qərarından nəticə çıxarıb Arifi azadlığa buraxmalıdır”

Söhbətin sonlarını isə müsbət gəlişmə ilə yekunlaşdırmaq istəyirik. Nəzakət xanımla Avropa Məhkəməsinin çıxardığı qərara əsasən, 16 oktyabr məhbuslarının iddiasının təminatından danışırıq. Xatırladaq ki, 2003-cü ildə əsassız yerə həbs edilərək işgəncə görən və məhbəs həyatı yaşayan müxalifətçilər Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə Azərbaycan dövlətindən 10 min avro pul udublar. Onlardan biri də A.Hacılıdır. Nəzakət xanım deyir, xəbər onunçün gözlənilməz olub. Arif bəyin bu barədə məlumatı olmadığını deyən müsahibimiz bugünkü (dünənki-S.T.) görüşdə bu xoş xəbəri ona çatdıracağını da vurğuladı: “Hakimiyyət Avropa Məhkəməsinin bu qərarından nəticə çıxarıb Arifi dərhal azadlığa buraxmalıdır. Belə oyun oynamaq heç kimə lazım deyil. Avropa Məhkəməsinin bugünkü qərarı təbii ki, gec də olsa sevindiricidir. Amma bizim həmin hadisə nəticəsində çəkdiklərimizin qarşılığını heç nə ilə ödəmək mümkün deyil”.
Bir neçə gün sonra müsəlmanlar üçün müqəddəs Ramazan ayı başlayır. Müsahibim də bütün ümidlərini bu aya bağlayıb. Deyir, dilimizdən dua yenə də əskik olmayacaq: “Gözü yolda qalan analara, bacılara, balalara səbir arzulayıram. Allah hamısının qapısını tezliklə açsın. Bu haqsızlığa, həyatımızdan oğurladıqları günlərə görə bizdən üzr istəməsələr də, açsınlar qapılarını. Arifsiz mənim baxdığım yerdən hər şey boz rəngdədir. İnanıram ki, həbsdə olanların ailə üzvləri üçün də bu, belədir. Həyatımızı bozartmağa heç kimin haqqı yoxdur”....
Sonda... Yolçu yolda gərək. Nəzakət xanımla oğlu Kürdəxanı yoluna düzəlmək üçün hazırlaşır. Gözüm Nəzakət xanımın həyat yoldaşı üçün hazırladığı kitab-jurnal-qəzet bağlamasına sataşır. Müsahibimə acizanə bağlamanı incəltməyi məsləhət görürəm: “Az aparın, inşallah tezliklə gəlib evdə oxusun bunları...” Bağlama tezcə incəlir. Kaş arzumuzun ikinci hissəsi də belə tez bir şəkildə həyata keçəydi...

Sevinc TELMANQIZI (Yeni Müsavat)