Arif Hacılının məhkəməsində qalmaqal olub

arif-hacilinin-mehkemesinde-qalmaqal-olub
Oxunma sayı: 661

Məhkəmədə müdafiə tərəfi müttəhimlərin əməllərində cinayət tərkibi olmadığı üçün işə xitam verilməsi ilə bağlı vəsatət qaldırıb. Digər vəsatət isə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilib.

Məhkəmə Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidli haqqında həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib (Fuad Qəhrəmanlı haqqında əvvəldən həbs qətimkan tədbiri seçilməyib). Qalan vəsatətlər baxılmamış saxlanılıb.

Məhkəmədəki çıxışında Arif Hacılı deyib ki, onların həbsi siyasi sifarişdir: «Hakimiyyət bizi həbsdə saxlamaqla Azərbaycanda ictimai fəallığın qarşısını almaq istəyir».

Fuad Qəhrəmanlı da bildirib ki, ictimai fəallığın qarşısını almaq istəyən hakimiyyət bununla heç nəyə nail ola bilməyəcək.

Tural Abbaslı isə çıxışında deyib ki, o, ümumiyyətlə ittihamın mahiyyətini bilmir.

Məhəmməd Məcidli onların həbslərinə sifariş verənlərin tarix qarşısında cavab verəcəklərini bildirib.

Prosesdə təqsirləndirilənlərlə zərərçəkmiş qismində iştirak edən şəxslər arasında mübahisə olub. Zalda qalmaqal yaranıb. Hakim zərərçəkmişi zaldan çıxarıb. Bildirib ki, kim hay-küy salsa, zalı boşaldıb məhkəməni qapalı keçirəcək.

Məhkəmə prosesi sentyabrın 1-də davam edəcək (“Azadlıq” radiosu).