“Arif Hacılının müraciəti araşdırılacaq”- Cavab

arif-hacilinin-muracieti-arasdirilacaq-cavab
Oxunma sayı: 641

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov martın 19-da “Media forum” saytına deyib ki, məhkuma qısamüddətli səfər icazəsinin verilməsi cəzaçəkmə müəssisəsi rəhbərliyinin səlahiyyətinə aiddir: “Hüquqi-normativ aktlarda göstərilib ki, məsələ cəzaçəkmə müəssisəsi rəhbərliyinin səlahiyyətində olsa da, müvafiq icra hakimiyyəti olan Penitensiar Xidmətlə razılaşdırılmalıdır. Arif Hacılının qısamüddətli səfər üçün müraciət etdiyini mətbuatdan bilmişəm. Müraciətin göndərilib-göndərilmədiyini, ünvanına çatıb-çatmadığını bilmirəm. Əgər rəsmi müraciət varsa, bu məsələ mütləq araşdırılacaq və müvafiq qərar qəbul olunacaq.

Təcrübəyə nəzər salsaq məlum olar ki, məhkuma qısamüddətli səfər icazəsinin verilməsi halları kifayət qədərdir. Vaxtilə Qənimət Zahid və Mirzə Sakit qardaşlarına, Emin Milliyə, Arif Alışlıya da belə icazələr verilib. Bütün müraciətlərə fərdi qaydada baxılır və qərar qəbul edilir. Arif Hacılının müraciəti də araşdırılacaq”.

Arif Hacılı 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinə müraciət edərək anası ilə görüşünə şərait yaradılmasını istəyib. Anası son telefon danışığında Arif Hacılıya vəziyyətinin pis olduğunu, onu çox görmək istədiyini deyib və bunun üçün həbsxana rəhbərliyindən icazə almasını xahiş edib.

Martın 19-da Arif Hacılının qardaşı Mustafa Hacıbəyli “Media forum” saytına bildirib ki, analarının vəziyyəti ağırdır: “Anam bir neçə gündür yemək yemir. Hazırda Bakıda ev şəraitində müalicəsini davam etdirir. Yemək yemədiyinə görə həddən artıq zəifləyib”.
Cəzaların İcrası Məcəlləsinə əsasən, ağır cinayət törətməyən məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar yeddi gün müddətinə səfər icazəsi verilə bilər.

Arif Hacılı müxalif İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi sanksiyalaşdırılmamış etiraz aksiyasına görə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.