“Artıq bu əsas məsələ deyil”

artiq-bu-esas-mesele-deyil
Oxunma sayı: 705

“Azərbaycanın bugünkü uğurlu inkişafı yenə də deyirəm, dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan bölgədə ən güclü dövlətdir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi bizim ölkədə formalaşır. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır və əhalimiz ildən-ilə artır. Artıq 9 milyon 100 min əhalimiz var və getdikcə daha da artacaq. Əlbəttə ki, təbii sərvətlərimiz bizə inam, əlavə qüvvə verir. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Hər bir vətəndaş bu müsbət dəyişiklikləri öz həyatında görməlidir və biz bunun üçün çalışırıq”. Azərbaycan Prezidenti İlham Əliyev bunu Qubada yerli ictimaiyyətlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir və ölkəmiz 20 il ərzində imkanlarını böyük dərəcədə genişləndirə bilib: “20 il əvvəl - müstəqilliyimizin ilk illərində sual meydana çıxırdı ki, Azərbaycan necə inkişaf edəcək? On ildən, 20 ildən sonra necə ölkə olacaq? Bildiyimiz kimi, müstəqilliyimizin ilk illəri bizim üçün ağır illər kimi yadda qalıb, tarixdə qalıb. Ulu öndərin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra - 1993-cü ildə ölkəmizdə yeni dövr başladı. Azərbaycan müstəqil ölkə kimi yaşamağa başladı və qısa müddət ərzində vəziyyət sabitləşdi, iqtisadi tənəzzülə son qoyuldu. İqtisadi inkişaf başladı, ölkəyə investisiyalar gəlməyə başladı. Azərbaycan dünya birliyində özünə layiq yerini tuta bildi”.

“Artıq 20 il müstəqil ölkə kimi yaşayan Azərbaycan gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Çünki bu günə qədər qəbul edilmiş bütün proqramlar icra edilir. Bir dənə də olsun yubanma, geriləmə yoxdur. Hər bir sahəni əhatə edən konkret proqramlar ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir. Bu proqramlardan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd etmək istərdim. 2004-cü ilin fevralında qəbul edilmiş bu Proqram artıq ikinci mərhələsinə qədəm qoyubdur. Proqramın icrası nəticəsində Azərbaycanın bölgələri böyük dərəcədə inkişaf edibdir. Bölgələrin inkişafı bizim üçün əsas məsələ kimi 2004-cü ildə qarşıya qoyulmuşdur, bu gün də belədir, - İlham Əliyev bildirib. Onun sözlərinə görə, bu gün bölgələrdə görülən işlər artıq deməyə imkan verir ki, Proqramın böyük hissəsi icra edilib, 100 minlərlə iş yeri açılıb: “Bütün şəhərlərimiz, rayon mərkəzlərimiz abadlaşıb, gözəlləşib. İnfrastruktur layihələri icra edilir. Bütün ölkəmizdə yol çəkilişi layihələri icra edilir. İndi hər bir rayon mərkəzində, hər bir şəhərdə içməli su, kanalizasiya layihələri icra edilir, qazlaşdırma prosesi uğurla gedir. İnsanların normal yaşaması üçün lazım olan bütün digər tədbirlər görülür. Xəstəxanalar, məktəblər, idman qurğuları, idman kompleksləri yaradılır. Bu inkişafı qubalılar öz rayonlarının timsalında da görə bilirlər”.

Prezident bəyan edib ki, bölgələrin inkişafı və qeyri-neft sektorunun artması nəticəsində işsizlik kimi böyük bir bəla aradan qaldırılır. Bununla belə, dövlət başçısı məlumat verib ki, bu il Azərbaycanın iqtisadi inkişafı, inkişaf templəri o qədər də yüksək deyildir. Onun fikrincə, bunun səbəbi neftin hasilatının azalmasıdır: “Ancaq bu, artıq əsas məsələ deyildir. Əsas məsələ ondadır ki, qeyri-neft iqtisadiyyatımız artır. Bu, onu göstərir ki, vaxtilə neft sənayesinə qoyulan vəsait artıq qeyri-neft sənayesinin inkişafı üçün işləyir. Bu, onu göstərir ki, düşünülmüş proqramların icrası nəticəsində biz iqtisadiyyatımızın şaxələndirilməsi məsələlərinə də nail ola bilmişik. Gələcəkdə biz hər bir bölgənin özünə xas olan xüsusiyyətlərindən səmərəli şəkildə istifadə etməliyik. Turizm, kənd təsərrüfatı, yüngül sənaye, emal sənayesi - bu sahələr bu bölgə üçün daha da önəmlidir və əminəm ki, gələcəkdə bu məqsədlərə çatmaq üçün əlavə tədbirlər görüləcək”.