“Arvad, arvad yoruldu kişi”- Şeirlər

arvad-arvad-yoruldu-kisi-seirler-
Oxunma sayı: 1369





Rast

O gəldi evinə at, at
Qızı yüyürdü qabağına don-don
Oğlu diyirləndi dərs-dərs
Arvadı suyuldu ot, ot
Televizor-televizor yoruldu kişi.

Bir dostu zəng elədi it,it
Pişik-pişik bir zəng də gəldi.
Arvad qurdalandı yerində bit-bit
Durub lap telefonun yanına gəldi
Nə olub soruşdi ərindən bit, bit
Telefon-telefon yoruldu kişi.

Arvad gileyləndi toz-toz
Üzünü bozartdı boz-boz
Sonra dingildədi qoz-qoz
Kişi gülümsündü duz-duz
Arvad, arvad yoruldu kişi

Kresslo-kreslo ötüşdü günlər
şefoner-şefoner ağardı saçı.
Kişi gəlin-gəlin, qız-qız sınıxdı
Kürəkən-kürəkən yoruldu kişi.

Bir günahı da yox,
başı qarışsın
Əli vərəq-vərəq, ürəyi ağ-ağ.
Günahgar olanda adam yorulmur
Günahsız olanda yorulur ancaq.



Çay təsnifi

Sular gedər heca- heca, ləpə-ləpə,dəvə-dəvə,
Sinə-sinə, yata-ata, qalxa-qalxa
Ağır-ağır, qorxa-qorxa.
Gülüşə-gülüşə,
Qucaqlaşa-qucaqlaşa
Çiçəkləyə-çiçəkləyə
ləngərlənə-ləngərlənə
yanlarını basa-basa
o sahili,
bu sahili
pusa-pusa
Daşa dəyib çiliklənər əəəəə-lər
Daşa dəyib diyirlənər şşşş-lar

Əş
Laş,
Ləş
Mış
Miş
Muş
Müş
Şəkilçilər
Şa, şa şəlalər
Aş, aş aşırımlar
Uç, uç uçurumlar
Qal, qal qaldırımlar
En-en endirimlər
Sıl,sıl sıldırımlar
Daş dibləri mır, mır
Sahilləri qur, qur
Daşın altı lıq-lik
Luk
Lük
Balıq
Xalıq
Daş arası fış-fış
Daşın yanı xış-xış
Daşın başı şa, şa
Daşın beli şı şı
Ləpələr quş-quş
Ləpələr duş, duş
Ləpələr düş, düş
yağışlar diş-diş
sular dişlənər diş-diş
sular əyilər qıj-qıj
sular yıxılar daş-daş
Ə hərfidi üzə qalxan ləpələr
Quzu mələr əəə-yyə
Ləpə baxar məəə-yyə
Mə birləşər əəə-ilə
əəə öpüşər məə ilə



Payız təsnifi


sızım-sızım
bozum- bozum bozdaram
payız, gör səni necə şad eylərəm.
Elə tərif söylərəm
Yolunu şümşad eylərəm.

-Ay qız, ay doğanda gözlərəm səni
Ağacın altda dur sözlərəm səni
-Ağacın altına durmuşam oğlan
əgər aşiqsənsə başıma dolan.
-Aşıqlərdən başına dolanmağa yer yoxdu, özzüm ölüm
Sənə dedim axı, tək gəl aşıqləri gətirmə
-Çiçək gəlirsə başında arı necə gəlməsin, ay oğlan, oğlan
-Ay, qız ,doğulanda aşıqlərə niyə xəbər verdin ay filan, filan.
-Mən xəbər vermədim ki,
aşiqlərə anamızın qarnında vədələşmişdik, ay törə oğlan
kəkilli oğlan
kilkəli oğlan
tez ol başıma dolan

ayə indi mən neyniyim
bıçaq alım bu payızı teyliyim

Payız, saman çuvalı
Qarnını yırtaram sənin
yarpağını tökərəm çölə
fəsillər içində gör səni necə ad eylərəm
yarpağını yerdən götürüb bir qıza bağışlaram
könlünü şad eylərəm
payız dedi: məni bir gözəl qız süpürür
əllərində süpürgə
oy payız,
Lalsan,
Korsan
Şilsən
Nəsən?
süpürkəçi ilə fərqimi hələ bilmirsən
Yarpağını əldə çiçək eylərəm
Urvata mindirib göyçək eylərəm
Süpürgə ağzına vermərəm səni
Belə, belə lap belə, belə
Yarpaq mənim başıma.


payız, ay köhnə kilim
ipləri didim, didim
naxışı dilim-dilim
hər düyünü ölüm itim
sökərəm didərəm səni,
tüklərini hər yana tökərəm sənin
sarı kilimin xatirəsi, ay payız, payız...

dünyanın sarı sarmaşığı
nənəmin su altında qaşığı
gədəbəyin dağlarına çıxan səlyan aşığı-payız



yağış yağar yarpaqları şamlar kimi söndürər
söndürsə də hər yarpaqda
bir xatirə dindirər
tıp-tıp
tıq-tık

pəncərə şüşəsinin qırağı iə küləyin vızılızı
payiz
teleqraf tellerinə minən küləyin dızıltısı
payız
zamanin iti bıçaqla təbiətin üzünə çəkdiyi cızığı
payız
ağrıdan oynayan ürəyimin dızzağı payız.
Küləyi bağdan qırılmış it kimi dalanlarda azdığı payız.
Arıların duzağı payız.
Təbiətin mazağı payız,
Nə var, nə yox.
Nətərsən, necəsən?

payızzzz,zzzzz
payız sssss
arılar getdilər çiçəklərin görüşünə
hər birinin ayağında z səsi.