“Arzu edirəm Rəsul Quliyev vahid namizəd olsun” – Müsahibə

arzu-edirem-resul-quliyev-vahid-namized-olsun-musahibe
Oxunma sayı: 686

Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov “Qafqazinfo”ya müsahibəsi

- Akif Şahbazovun sədrliyi zamanı Açıq Cəmiyyət Partiyası Sizin rəhbərlik etdiyiniz dövrdən daha fəal idi. Bu nə ilə bağlıdır?

- Partiyanın iş prinsipi və proqramı var. Biz o proqram çərçivəsində iş görürük. O zamankı siyasi fəaliyyətlə indiki siyasi fəaliyyəti müqayisə edəndə nəzərə almaq lazımdır ki, o dövrdəkindən heç də az fəaliyyət göstərmirik. Bəzən mətbuatda görünən tərəfini götürmək əsas sayılır. Mən bununla razı deyiləm. Digər partiyalar bəzən mətbuatda çox görünür. Amma bunun axırda faydalı iş əmsalı olmalıdır, aktivliyin nəticəsi olmalıdır. Mənə elə gəlir ki, aktivlik göstərəndə onun nəticəsi də olmalıdır.

- Cəmiyyət siyasi partiyanın fəaliyyətini görməlidir, duymalıdır...

- Bizim siyasi partiyanın fəaliyyəti var, cəmiyyət də bunu görəcək. Cəmiyyəti elə istiqamətə aparmalıyıq ki, bizim fəaliyyətimizdən faydalansın.

- Hazırda cəmiyyət sizin fəaliyyətinizdən faydalana bilirmi?

- Biz istəmirik ki, müxalifət qurulan xüsusi ssenari əsasında hərəkət etsin, istər seçkilərdə, istər digər fəaliyyətdə. Məsələn, biz 500 km məsafə qət edəcəyik, ancaq yolu getmək üçün yerimizdə addımlamamalıyıq.

- Siz deyirsiniz ki, fəaliyyət göstərirsiniz. Nə işlə məşğul olursunuz? Nə fəaliyyət göstərirsiniz? Mümkünsə onu açıqlayın, cəmiyyət də bilsin.

- Detallara varmağa ehtiyac yoxdur. Fəaliyyətimiz odur ki, siyasi təşkilatlarla əlaqə qururuq, partiya daxilində partiyanın təşkilatlanması prosesi gedir. Bizim də proqramlarımız var, gələcəkdə də bu proqramlar əsasında işləyəcəyik, mətbuata da açıqlama verəcəyik.

- Deyirsiniz ki, təşkilatlanma gedir. Bilmək olarmı partiyanın nə qədər üzvü var?

- Üzv məsələsi 1990-cı illərin axırı 2000-ci illərin əvvəllərinin məsələsidir. Üzvlərin nə qədər olmasının siyasi fəaliyyətdə rolunu gördük. Buna ehtiyac yoxdur. 50 min deyirlər, 100 min deyirlər. Faktiki olaraq bunun nə əhəmiyyəti olur ki?

- Siz yeni təşkilatsınız, o baxımdan soruşuruq.

- Bizim xeyli üzvümüz var. Yəni, Azərbaycanı əhatə edəcək qədər üzvümüz var. Normal partiya üçün kifayətdir.

- Siz bir müddət əvvəl, səhv etmirəmsə, prezident seçkilərində YAP-ı dəstəkləmişdiniz. Hazırda da eyni mövqedəsiniz?

- Biz müxalifət partiyasıyıq. Heç kimi dəstəkləmirik.

- Növbəti hədəfiniz nədir?

- Biz bütün siyasi partiyaları, bütün müxalifəti birliyə çağırırıq. Çalışacağıq ki, real birlik olsun. Konyunkturadan uzaq olmaq lazımdır, hərəkətlərimizin hamısı ölçülüb, biçilməlidir. Tez-tez dağılan birliklərə ehtiyac yoxdur, karusel effektindən qurtulmaq lazımdır. Biz də bu istiqamətdə işləyəcəyik və mövcud vəziyyətə uyğun düşünülmüş siyasət quracağıq. İndiki vəziyyəti dəyişmək lazımdır, müxalifət hüquqlarını bərpa etməlidir. Müxalifətin seçkilərdə əldə etdiyi nailiyyətlər bərpa olunmalıdır. Biz bu istiqamətdə işləməyə çalışırıq.

- Növbəti seçkilər prezident seçkiləridir...

- İstər prezident seçkiləri, istər parlament, istərsə də bələdiyyə seçkiləri, ölkədə baş verən bütün hadisələr müxalifətin hüquqlarıdır, bütün vətəndaşların hüquqlarıdır. Mətbuatdan da istifadə etmək lazımdır, biz də bundan istifadə edəcəyik.

- Prezident seçkilərində hansı formada iştirak etmək istəyirsiniz? İlkin düşüncələriniz nədir?

- Mən prezident seçkiləri haqqında heç nə deyə bilmərəm. Faktiki olaraq o vaxta hələ çox var, ona qədər bəlli olacaq. İlkin düşüncələrimiz ondan ibarətdir ki, seçkilərdən öncə təbliğat üçün istifadə oluna biləcək resurslar ki yoxdur, o resurslardan, yəni konstitusion hüquqlarımızdan istifadə edə bilək. Qonşu ölkələrə baxın orada hiss olunur ki, ölkədə seçki gedir. Qəlibə sıxışdırılmış seçkidə iştirak etməyin nə mənası var? Biz istəyirik ki, əsl demokratik ölkələrdə seçki necə olursa, ilk növbədə biz bunun üçün fəaliyyətimizi quracağıq. Demokratiya üçün əsas şərtlərdən biri də demokratik seçkilərdir.

- Partiyanın lideri Rəsul Quliyevin Azərbaycana qayıtması, seçkilərdə iştirakı nəzərdə tutulubmu?

- Seçkilərdə Rəsul müəllim gəlməlidir, bu onun haqqıdır. Amma seçkilərə hələ var. Bu haqda məlumat verəcəyik.

- Son vaxtlar partiyaların maliyyələşməsi məsələsi müzakirə olunur və sizin partiya hələ qeydiyyatdan keçməyib...

- Qeydiyyatdan keçmək üçün biz 2007-ci ildən müraciət etmişik. Lazımi sənədləri vermişik, bir neçə dəfə müraciət etmişik, amma bizə heç bir cavab verilmir. O ki, qaldı partiyaların maliyyələşməsinə bunu indi gündəmə gətiriblər. Partiyaların üzvlərinin üzvlük haqqı və ianəsi formasında müəyyənləşdirilməlidir. Buna tam aydınlıq gətirməyiblər ki, hansı formada görmək istəyirlər, necə görmək istəyirlər. Sadəcə olaraq, hələ fikir söyləyirlər. Səhv etmirəmsə iki-üç il bundan əvvəl də bu barədə danışırdılar.

- Seçkilərdə Rəsul Quliyevin müxalifətin vahid namizədi olmaq ehtimalı varmı?

- Biz hələ müxalifətin özü ilə bir araya gəlib məsələləri həll etməliyik. Biz bilməliyik ki, müxalifətin planı, proqramı, istəyi, hadisələrə baxışı, siyasi görüşləri nədən ibarətdir. Bunu bilmədən heç nə deyə bilmərik.

- Bəs bunu arzu edirsiniz?

- Təbii ki, mən arzu edirəm ki, Rəsul Quliyev müxalifətin vahid namizədi olsun. Amma məsələ odur ki, mən başqalarının əvəzinə qərar verə bilmərəm. Təbii ki, başqa partiyalar da istəyəcək ki, onların lideri vahid namizəd olsun. Amma elə olmalıdır ki, reallığa uyğun olmalıdır. Siyasi situasiyanın diqqəti də önəmlidir.

- Rəsul Quliyevin vahid namizəd olması sizcə reallığa uyğundur?

- Niyə də olmasın? Təbii ki, uyğundur.