Baş kəsməyin İslam dini ilə əlaqəsi var?- - Açıqlama

bas-kesmeyin-islam-dini-ile-elaqesi-var-
Oxunma sayı: 4649


“Qafqazinfo”nun məlumatına görə, bütün bu vəhşiliklər isə təəssüf ki, Allahın, İslam dininin adı ilə bağlanır. İŞİD terrorçuları insanların başını Allah, din qolunda kəsdiklərini deyirlər. Əslində İslam dini dinc insanları qətlə yetirmək, başlarını kəsmək kimi əməlləri necə qarşılayır? Ümumiyyətlə, belə əməllərin dinimizlə əlaqəsi varmı?

Millət vəkili Fazil Qəzənfəroğlu analitik.az-a deyir ki, İŞİD terror qruplaşmasının İslam dininə heç bir aidiyyəti yoxdur. Bu, Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın layihəsidir: 

“Başıboş insanlar da bu terror təşkilatında yer alırlar. Onların etdikləri İslamdan, müsəlmançılıqdan uzaq olan əməllərdir. İnsanların başının kəsilməsi, kiminsə haqqının pozulması kimi məsələlər İslam dinində yoxdur.” 

F. Qəzənfəroğlu İslam adıyla törədilən vəhşiliklərin dini ləkələmək məqsədi daşıdığını bildirdi: “Bu proses məqsədyönlü şəkildə aparılır. Artıq hər kəsə aydındır ki, bu, ABŞ-ın əvvəlcədən hazırladığı siyasət strategiyasıdır. İslam dini adı altında həyata keçirilən bütün vəhşiliklərin məqsədi İslam dinini radikal din kimi təqdim etməkdir.”  Millət vəkili radikallıqla bağlı Azərbaycandakı vəziyyətdən də danışıb: 

“Bu halların ölkəmizə heç bir təsiri yoxdur. Bizim cəmiyyət radikalizmdən uzaq yaşayan cəmiyyətdir. Bu cərəyanların nə kökü, nə də ki cəmiyyətin buna yönlənmə perspektivi var. Amma bir məsələni də qeyd edim ki, Azərbaycanda da təbii xarici qüvvələrin dəstəyi və yardımı ilə belə tendensiyalar müşahidə olunur. Xüsusilə də dindarlar arasında rast gəlinir. Həm İran radikalizminin, həm də ərəb ölkələrindən gələn radikalizmin yayılması məsələləri var. Bunlar bir reallıqdır. Odur ki, xüsusilə məscidlərdə təhlükəsizlik təmin olunmalıdır. Orlarada polis postları, kameralar qoyulmalıdır.”

İlahiyyatçı Bəhruz Camalın sözlərinə görə nəinki İslam dinində, digər dinlərdə də müqəddəs yerləri dağıtmaq anlayışı mövcud deyil: “Açıq-aşkar Quran ayəsində buyurulur ki, onların müqəddəslərini söyməyin. Yoxsa onlar da sizin müqəddəsləri söyəcəklər.”

B. Camalın təkfirçilik adı ilə insanların başının kəsilməsinə münasibəti belə oldu: “Bu təkfirçilik düşüncəsi İslamdan qaynaqlanmayan bir düşüncədir. Bu düşüncə müəyyən qüvvələrin əlində böyük bir silaha çevrilib. Edilənləri də İslam daxili təxribat alətinə çeviriblər. Bütün müsəlmanların ortaq bir ağrılı yeri var. Bu gün Suriya, Fələstin, İraq dağılır. Bizim ortaq problemimiz Qüds məsələsidir, Fələstin məsələsidir. Fələstində ki, şiə yoxdur, hamısı sünnidir. Bu kimi məsələlər qalıb kənarda, İŞİD vasitəsilə İslamın adını ləkələyirlər. Guya onlar Allahın adını uca tuturlar. Allahın adını ucaltmaq istəyən körpəyə, uşağa, qadına niyə təcavüz edir? Peyğəmbər Məkkəni fəth edəndə bir nəfər kafiri incitmədi. Səhabələrə tapşırdı ki, bir ağacı belə qopartmayın. Bir ağacın da haqqını qoruyan İslam dini, bu qədərmi düşüncəsiz dindir ki, Allahın ibadət evinin, məscidin dağıdilmasına haqq versin?"

İlahiyyatçı bir neçə gün əvvəl paytaxtın Qaraçuxur qəsəbəsində yandırılan məscidin məsələsinə də toxundu: “Ola bilsin bu təxribatdır. Müəyyən qüvvələr var ki, çalışırlar, Azərbaycanı Suriya vəziyyətinə salsınlar. Bir şiə məscidi yandırsınlar atsınlar sələfilərin, sünnilərin üstünə. Əks tərəf də onların məscidini yandırsın. Bununla da daxili çaxnaşma yaratsınlar.”